23 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Naxçıvan Muxtar Respublikası Gənclərinin VII Konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov gündəlikdə iki məsələnin durduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, konfransda Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti ilə bağlı həyata keçirilən işlərə dair hesabat məruzəsinin dinlənilməsi və Azərbaycan Gənc­lərinin VII Forumuna nümayəndələrin seçilməsi nəzərdə tutulur.

Muxtar respublikanın müxtəlif şəhər və rayonlarını təmsil edən 406 nümayəndə əvvəlcə konfransın rəyasət heyəti və katibliyinin tərkibini seçib. Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Dövlət Universitetinin müəllimi Seymur Talıbov, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi Aparatının Gənclərlə iş şöbəsinin müdiri Canməmməd Canməmmədov, Azərbaycan Respublikası Tələbə-Gənc­lər Təşkilatları İttifaqının sədr müavini, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev rəyasət heyətinin üzvləri, Naxçıvan Müəllimlər İnstitutunun Tələbə-Gənclər Təşkilatının sədri Qəmər Rəhimova, Naxçıvan Dövlət Universiteti Tələbə Elmi Cəmiyyətinin sədri, Prezident təqaüdçüsü Ramazan Abdullayev və Culfa Rayon İcra Hakimiyyətinin şöbə müdiri, Yeni Azərbaycan Partiyası Culfa Rayon Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin sədri Təbriz Hüseynzadə katibliyin üzvləri seçiliblər.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov Naxçıvan Muxtar Respublikasında gənclər siyasəti ilə bağlı həyata keçirilən işlərə dair hesabat məruzəsi ilə çıxış edib. Qeyd edilib ki, dövlət gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Son illər gənc­lərin muxtar respublikanın ictimai-siyasi, iqtisadi-mədəni həyatında fəal iştirakı, sosial problemlərinin həlli və hüquqlarının müdafiəsinin təmin edilməsi, gənclər siyasətinin bütün istiqamətləri üzrə müvafiq dövlət proqramlarının səmərəli həyata keçirilməsi, gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, iqtisadiyyat, mədəniyyət, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin irəli çəkilməsi və xidmətlərinin qiymətləndirilməsi, bütövlükdə, dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlardır. Bu gün muxtar respublikamızda gənc­lərin sosial müdafiəsinin və məşğulluğunun təmin edilməsi, yaradıcılıq axtarışlarının stimullaşdırılması, milli ruhda tərbiyəsi, hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, sağlam həyat tərzinin təbliği də diqqət mərkəzindədir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı muxtar respublikamızda gənclərə göstərilən yüksək diqqət və qayğının daha bir ifadəsidir. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərmanları ilə “Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”nın təsis edilməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənc­lər Fondunun yaradılması regionumuzda gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevirilməsi istiqamətində atılan mühüm addımlardır. Hazırda muxtar respublika əhalisinin 134 min nəfərdən çoxunu, yaxud 31 faizini 14-29 yaşda gənclər təşkil edir.
Nazir muxtar respublika gənc­lərinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə konfrans iştirakçıları adından minnətdarlıq ifadə edib.
Məruzə ətrafında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev, Naxçıvan Dövlət Universiteti Tələbə-Gənclər Təşkilatının sədri Arzu Abdullayev, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Ayşən Əsgərova, Naxçıvan Dövlət Universitetinin tələbəsi Çilənay Qurbanlı, Heydər Əliyev adına Hərbi Liseyin şəxsi heyətlə iş üzrə bölmə komandirinin müavini, baş leytenant Cabir Bəxtiyarov çıxış ediblər.
Sonda Azərbaycan Gənclərinin VII Forumunda iştirak etmək üçün namizədlikləri irəli sürülən nümayəndələrin siyahısı oxunub və açıq səsvermə yolu ilə iştirakçılar seçilib.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR