23 Dekabr 2024, Bazar ertəsi

Bu həqiqət ABŞ-da keçirilən beynəlxalq konfransda bir daha etiraf olunub

Xəbər verdiyimiz kimi, mayın 15-16-da ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində IX Beynəlxalq İpək Yolu Konfransı keçirilib. Çikaqoda yerləşən Mərkəzi Asiya Məhsuldarlıq Mərkəzi və Şimali İllinoys Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfransda Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Elbrus İsayev “Böyük İpək Yolu” adlı məruzə ilə çıxış edib. Konfransda Naxçıvanın tarixi və mədəni nailiyyətlərini özündə əks etdirən ingilisdilli kitab, jurnal və təbliğat materialları sərgilənib, İpək Yolu üzərində Naxçıvanın əhəmiyyəti müzakirə edilib. Müsahibimiz tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayevdir. 

– Elbrus müəllim, mayın 15-16-da ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində IX Beynəlxalq İpək Yolu Konfransının keçirilməsi hansı məqsədi daşıyırdı?
– Konfrans haqqında danışmazdan öncə bu konfransda iştirak üçün mənə şərait yaradan dövlətimizə minnətdarlığımı bildirirəm. Bu gün Naxçıvanda elmin inkişafı, xüsusilə tarix elminin inkişafı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun bu sahəyə diqqət və qayğısının nəticəsidir.
Beynəlxalq İpək Yolu Konfransı artıq bir neçə ildir ki, Çikaqo şəhərində təşkil olunur. Məqsəd İpək Yolu üzərində tarixən mövcud olan dövlətlərin tarixi, mədəni, iqtisadi məsələlərinin təqdimatı və müzakirəsindən ibarətdir. Yeni bərpa olunan İpək Yolu artıq, sadəcə, quru yol deyil, “Dəmir İpək Yolu, Dəniz İpək Yolu, Hava İpək Yolu, Enerji İpək Yolu, Fiber-optik İpək Yolu, Mədəniyyətlərin İpək Yolu” və sair kimi ifadələrlə yeni məzmun qazanmışdır.
ABŞ-ın aparıcı biznes mərkəzlərindən biri olan Çikaqo şəhərində İpək Yolu boyunca ölkələrin tarixinə, iqtisadiyyatına, onlar arasında ticarət və iqtisadi münasibətlərə, ölkələrin biznes mühiti və tranzit imkanlarına həsr olunmuş 9-cu ənənəvi İpək Yolu konfransı keçirildi.
Çikaqoda yerləşən Mərkəzi Asiya Tədqiqat Mərkəzi, Şimali İllinoys Universiteti tərəfindən birgə təşkil edilmiş bu konfransda ABŞ-ın müxtəlif ştatlarından iş adamları, universitet professorları, ABŞ Dövlət Departamenti və Müdafiə Nazirliyinin nümayəndələri, məsləhət şirkətləri, akademik dairələrin üzvləri, həmçinin bir sıra ölkələrin diplomatik korpus nümayəndələri iştirak edirdilər.
Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Pakistan, Əfqanıstan və Tacikistanın nümayəndə heyətləri ölkə təqdimatları ilə çıxış etdilər.
Təqdim etdiyimiz məruzə Böyük İpək Yolunun Azərbaycan və Naxçıvanın qədim və müasir inkişafında roluna dair oldu. Hal-hazırda ölkəmizdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələr barədə iştirakçılara ətraflı məlumat verərək İpək Yolunun bərpası istiqamətində ilk təşəbbüskar dövlət kimi Azərbaycanın mövqeyini vurğuladıq, bu layihələrin region üçün əhəmiyyətindən danışdıq.
Bildiyimiz kimi, beynəlxalq əhəmiyyətli bu layihənin reallaşması məhz ümummilli lider Heydər Əliyevin gərgin və çoxşaxəli fəaliyyətinin, qətiyyətinin nəticəsidir. 1993-cü ilin sonlarında Bakıda Avropa Birliyinin MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin (TASİS) açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesinə başlanmışdır. Məhz bu proqram çərçivəsində həmin ilin may ayında Brüsseldə keçirilən Avropa İttifaqının sammiti zamanı Orta Asiya ölkələri, Cənubi Qafqaz respublikaları və təşkilatlar tərəfindən imzalanmış sazişə əsasən həyata keçirilən TRASEKA proqramı qəbul olunmuşdur. Avropa-Qaf­qaz-Asiya nəqliyyat dəhlizi olan TRASEKA layihəsi Qafqaz regionunun və Mərkəzi Asiya dövlətlərinin nəqliyyat şəbəkələrini birləşdirməyi və nəqliyyat sahəsində məsləhət xarakterli xidmətlər göstərməyi nəzərdə tuturdu. Müzakirələrin yekunu olaraq, “Brüssel bəyannaməsi” adlı iki rəsmi sənəd imzalanmış və qədim Şərq-Qərb İpək Yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır.
– Məlumdur ki, Naxçıvan tarixən İpək Yolu üzərində xüsusi yer tutub. Konfransda elm adamlarının, iqtisadçıların apardıqları müzakirələrdən çıxan nəticə nədən ibarətdir?
– Böyük İpək Yolu adlanan və tarixən ölkələr və xalqlar arasında iqtisadi, ticarət və mədəni əlaqələrin həyata keçirilməsində müstəsna əhəmiyyəti olan bu yolun keçdiyi ərazilərdən biri də Şərqlə Qərb arasında mühüm məntəqə sayılan və Azərbaycanın qədim zamanlardan inkişaf etmiş mədəniyyət, ticarət və sənətkar­lıq mərkəzlərindən olan Naxçıvan ərazisidir. Yaxın Şərqin ticarət mərkəzləri ilə Cənubi Qafqazı, Orta Asiyanı və Uzaq Şərq ölkələrini əlaqələndirən əsas karvan yollarından biri Naxçıvan ərazisindən keçmişdir. Naxçıvan bölgəsi nəinki Azərbaycan, eləcə də Cənubi Qafqaz üçün çox mühüm coğrafi-strateji mövqedə yerləşən ərazidir. Bunu vaxtilə bu ərazidən keçən beynəlxalq ticarət yollarının aktiv fəaliyyəti ilə daha aydın izah etmək olar.
Arxeoloji qazıntılar zamanı əldə olunan maddi-mədəniyyət nümunələri təsdiq edirlər ki, Naxçıvan bölgəsi ilkin şəhər mədəniyyətinin yarandığı ərazilərdən biri olmuşdur. Şübhəsiz ki, tədqiq olunan bölgədə yaranan ilk şəhər Naxçıvan şəhəri olsa da, zaman keçdikcə bu ərazilərdə yeni şəhərlər də meydana gəlmişdir. Bu şəhərlər içərisində Naxçıvan, Ordubad, Azad, Gilan və Qarabağlar şəhərləri xüsusilə fərqlənmişlər.
Tədqiqatlar və hazırkı zamanda yerləşdikləri coğrafi mövqe də təsdiq edir ki, bu şəhərlər, əsasən, ərazidən keçən mühüm ticarət yollarının üzərində yerləşmişlər. Bu şəhərlərin bəzisi yarandıqdan sonra ticarət və sənətkarlıq mərkəzinə çevrilsə də, bəzilərinin yaranmasında şəhərin salındığı ərazidən keçən ticarət yollarının mühüm rolu olmuşdur. Qədim və orta əsr müəlliflərinin əsərlərində verilən məlumatlar da təsdiq edirlər ki, şəhərlər, əsasən, ərazidən keçən ticarət yollarının üzərində salınmış, ticarət və sənətkarlıq mərkəzləri kimi inkişaf etmişlər.
Bu yol üzərində yerləşən yaşayış yerləri və qəbir abidələrində aparılan arxeoloji qazıntılar zamanı külli miqdarda başqa ölkələrdən gətirilən avadanlıq (pullar, bəzək əşyaları, silahlar, möhürlər, metal və gil qablar, fil sümüyü və rəngli daşlardan hazırlanan fiqurlar və sair) tapılmışdır.
Ticarət yolları üzərində daşınan mallar dəyərinə görə müxtəlif əmtə­ələrin adı ilə simvolizə olunurdu. Tarixi mənbələrdə “ipək”, “çay”, “baharat”, “ətriyyat”, “şüşə”, “Həcc” yolu və sair kimi adlandırılan karvan yolunun ən işlək qollarından biri uzun müddət Şərq və Qərb ölkələrinin böyük maraqla qarşıladıqları Naxçıvan duzunun da daşındığı Duz yolu olmuşdur.
Naxçıvan sənətkarlarının hazırladıqları zərif parçalar, zinət əşyaları, incə naxışlı ağ qablar, keramika məmulatları, duz, mis, pambıq, taxıl, quru meyvə, balıq və sair məhsullar Azərbaycanın digər şəhərlərinə, qonşu Cənubi Qafqaz regionlarına və Yaxın Şərq bazarlarına aparılırdı. Naxçıvanın əlverişli coğrafi mövqeyi, zəngin təbii ehtiyatları, şəhərin əsrlər boyunca ölkənin həyatında mühüm rol oynaması ona yenidən inkişaf üçün zəmin yaratmışdır.
Təsadüfi deyil ki, Şərqin ən qədim şəhər mədəniyyət mərkəzlərindən olan Naxçıvan şəhərinin yaranmasının başlıca amilləri yerli coğrafi, iqtisadi və mədəni zəminlə əlaqədar olmuşdur.
Məruzə zamanı eyni zamanda XX əsrdə bölgə üzərində oynanılan imperialist maraqlar və bu maraqlarda daim bir vasitəyə çevrilən ermənilərin tarixi Azərbaycan torpaqlarını işğal etməklə Naxçıvanı ana Vətəndən ayırdığı tarixi faktı xüsusilə vurğulanmışdır. Qeyd edilmişdir ki, bu gün üç tərəfdən erməni əhatəsində olan Naxçıvan ərazisi blokada vəziyyətində yaşayır. Blokadanın çətinliklərinə baxmayaraq, burada böyük inkişaf var.
– İpək Yolunun bərpası Naxçıvan üçün niyə əhəmiyyətli ola bilər və bu, bizə nə vəd edir?
– Konkret olaraq beynəlxalq miqyasda yeni İpək Yolunun bərpası məsələsinə gəlincə, demək olar ki, bu layihə tam şəkildə həyata keçirilərsə, beynəlxalq magistralın keçib getdiyi bölgələrdə münaqişəli vəziyyətlərin nizamlanmasına əhəmiyyətli təsir göstərəcəyi şübhəsizdir. O cümlədən bu layihə uzun illər erməni təcavüzünə məruz qalmış Azərbaycan və hərtərəfli blokada şəraitində yaşamaq məcburiyyətində qalan Naxçıvan ərazisi üçün də mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda YUNESKO ötən dövrdə bir çox böyük ölkələrin elmi, mədəni və ictimai fəaliyyətini əhatə edən “Böyük İpək Yolu: mədəniyyətlərin dialoqu” adlı çoxsaylı proqramlar hazırlamışdır. Bu proqrama əsasən, böyük bir beynəlxalq ekspedisiya İpək Yolu ilə bağlı karvan yolları ilə hərəkət edərək Mərkəzi Asiya, Çin, Monqolustan, Qazaxıstan, Azərbaycan və Ukrayna və digər ölkələrdə olmuşdur. Həmin proqrama görə, Moskvada, Səmərqənddə, Ürgəncdə, Donetskdə, Ulan-Batorda toplantılar keçirilmişdir. Bu gün belə beynəlxalq simpozium və konfranslar, demək olar ki, dünyanın ən inkişaf etmiş ölkələrində hər il keçirilməkdədir – o cümlədən Amerikada və Avropada.
Bu baxımdan gələcəkdə “Böyük İpək Yolu və Naxçıvan” adlı beynəlxalq konfransın keçirilməsi ilə regionun bu əhəmiyyətli möv­qe­yini beynəlxalq ictimaiyyətin və YUNESKO kimi nüfuzlu bir qurumun diqqətinə çatdırmaq olar.
Bəlli olduğu kimi, İpək Yolu, sadəcə, ticarət əhəmiyyətinə görə deyil, həm də mədəniyyətlərarası münasibətlərin inkişafına da ciddi təsir göstərmək baxımından əhəmiyyətlidir. Naxçıvan ərazisinin əfsanəvi İpək Yolu üzərində mühüm məntəqə kimi təbliğ olunması bölgədə turizmin inkişafına ciddi təsir göstərər. Bu yolla həm də bölgəyə olan iqtisadi, mədəni və elmi maraqları artırmaq olar.
Son illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin bilavasitə qayğısı ilə Naxçıvanda olan qədim tarixi memarlıq abidələrimiz yüksək zövq və ustalıqla bərpa olunmuşdur ki, bunların da bir çoxu vaxtilə Böyük İpək Yoluna xidmət edən abidələr siyahısındadır. Məsələn, Xanəgah Memarlıq Kompleksi, Naxçıvanın orta əsr körpüləri, Əlincə qalası, Naxçıvanqala və sair.
Naxçıvanda Böyük İpək Yoluna birbaşa xidmət edən bu tarixi abidələrin dünya əhəmiyyətli abidələr siyahısına salınması elmi və məntiqi baxımdan bölgəmizin daha geniş şəkildə təbliğinə şərait yarada bilər. Ən nəhayət, Azərbaycanla heç bir quru ərazisi qalmayan Naxçıvan üçün yeni İpək Yolunun ən böyük töhfəsi Bakı-Tbilisi-Qars+Naxçıvan dəmir yolu xətti layihəsidir. Bu layihənin gerçəkləşdirilməsi bu ərazinin uzun illərdən bəri yaşadığı blokada asılılığından müəyyən dərəcədə çıxmasına şərait yardacaqdır.
Bakı-Tbilisi-Qars dəmir yolunun Naxçıvanla əlaqələndirilməsi yeni İpək Yolunun bərpasında uğurlu addım kimi qiymətləndirilməlidir. Bununla da, həm tranzit daşımalardan gələn gəlir regonların iqtisadi inkişafına təsir edəcək, həm də ağır blokada şəraitində olan Naxçıvan üçün əlverişli imkanlar açılacaq.
– Konfransda Naxçıvanın tarixi, bugünkü inkişafı ilə bağlı hansı məsələlərə toxunuldu?
– Biz çalışdıq ki, tədbir iştirakçılarının diqqətini Naxçıvanın tarixinə, düşdüyü blokada vəziyyətinə və buna baxmayaraq, möhtəşəm inkişafına yönəldək, Naxçıvanın böyük turizm potensialı, tarixi abidələrimiz haqqında məlumat verək. Məruzə zamanı nümayiş etdirdiyimiz video və slaydlarda bunu xüsusi nəzərə almışdıq. Naxçıvanın tarixi və mədəni nailiyyətlərini özündə əks etdirən ingilisdilli kitab, jurnal və təbliğat materiallarının sərgisi isə xüsusilə iştirakçıların diqqətini cəlb etdi. Bir daha şahidi olduq ki, Naxçıvanın belə məhdud imkanlar şəraitində yüksək inkişafa nail olması, blokada şəraitində intibah dövrünü yaşaması xarici ölkə nümayəndələri tərəfindən də maraqla qarşılanır. Bu isə, təbii ki, ümummilli lider Heydər Əliyevin ideyalarının Naxçıvanda uğurla reallaşdırılmasının məntiqi nəticəsidir.
– Maraqlı müsahibə üçün çox sağ olun!

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR