23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Şərur şəhərindəki 1 nömrəli tam orta məktəbdə Respublika Gününə həsr olunmuş tədbir keçirmişdir. Tədbirdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayevin Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, az vaxt ərzində süquta uğramasının səbəblərindən, ötən əsrin sonlarında müstəqilliyimizin yenidən bərpası və qorunub saxlanılması istiqamətində həyata keçirilən taleyüklü tədbirlərdən bəhs edən məruzəsi dinlənilmişdir.
Bildirilmişdir ki, xalqımız daim öz qəlbində azad yaşamaq, müstəqil dövlətin vətəndaşı olmaq ümidini yaşatmış və bu yolda çətin mübarizələrdən keçmişdir. Tarixi təcrübələr göstərir ki, bu istəyə çatmaq üçün, ilk növbədə, xalqın əqidə birliyi, daha sonra isə münbit ictimai-siyasi şərait mövcud olmalıdır. Nəhayət, ötən əsrin əvvəllərində belə bir imkan yarandı və 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın dövlət müstəqilliyi haqqında İstiqlal Bəyannaməsini qəbul etdi. Milli Şuranın 24 səslə qəbul etdiyi qərar və 6 bənddən ibarət İstiqlal Bəyannaməsi müstəqil Azərbaycan dövlətinin varlığını bütün dünyaya bəyan etdi.

Beləliklə, Azərbaycan dövlətçiliyi tarixində ilk Konstitusiya aktının qəbulu ilə Xalq Cümhuriyyəti forması elan olundu. Bu hüquqi və siyasi sənəddə müstəqil Azərbaycan dövlətinin yarandığı bəyan edildi, onun ərazi hüdudları müəyyənləşdirildi, həmçinin dövlətin əsas fəaliyyət prinsipləri öz əksini tapdı. İstiqlal Bəyannaməsində demokratik dövlətə məxsus atributların dövlət fəaliyyətinin əsası kimi bəyan edilməsi Azərbaycan xalqının suveren, demokratik, hüquqi dövlət yaratmaq əzmində olduğunu bütün bəşəriyyətə nümayiş etdirdi.
Vurğulanmışdır ki, tarix sübut etdi ki, müstəqilliyi qoruyub saxlamaq, inkişaf etdirmək onu əldə etməkdən qat-qat çətindir. 1918-ci ildə yaranan Azərbaycan Xalq Cümhuriyyəti xarici və daxili siyasət amilləri ilə izah olunan mürəkkəb bir şəraitdə fəaliyyət göstərmişdir. Sovet imperiyasının Azərbaycanı işğal etmək siyasəti Xalq Cümhuriyyətinin varlığına son qoydu: Azərbaycan Xalq Cümhuriyyəti yalnız 23 ay yaşaya bildi.
Ötən əsrin sonlarında müstəqilliyin yenidən bərpa olunması uğrunda respublikamızda aparılan azadlıq mücadiləsindən bəhs edən Əmir Babayev ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına müstəqilliyimizin qorunması, möhkəmləndirilməsi, sarsılmaz və əbədi olması naminə göstərdiyi misilsiz xidmətlərdən danışmışdır.
Sonra partiya üzvlərindən Vaqif Cabbarov, Ünbülbanu Musayeva, Ramin Şükürov, Məhərrəm Rəhimov və Tahirə Tahirova çıxış edərək xalqımızın qeyd etdiyi bayramlar sırasında Respublika Gününün böyük əhəmiyyət kəsb etdiyini, azadlıq mücadiləmizdə unudulmaz bir səhifə olduğunu vurğulamışlar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR