23 Dekabr 2024, Bazar ertəsi

Mayın 23-də “Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər” mövzusunda konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova açaraq məruzə ilə çıxış etmişdir.
Müvəkkil bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə ölkəmizdə insan hüquqlarının müdafiəsi sahəsində ilk fundamental sənəd olan “Milli Dövlət Proqramı” təsdiq olunmuşdur.
Ulu öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı” insan hüquqlarının müdafiəsinə dair ilk dövlət proqramının fəlsəfəsini inkişaf etdirərək insan hüquq və azadlıqlarının müdafiəsinin daha səmərəli təşkilinin konsepsiyasını müəyyən etmişdir.

2012-2015-ci illəri əhatə edən “Milli Fəaliyyət Proqramı” normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq, proqramın həyata keçirilməsinin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi kimi vəzifələrin həlli istiqamətində mühüm tədbirləri özündə ehtiva edir.
Vurğulanmışdır ki, ötən dövr ərzində ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da diqqətdə saxlanılmış, insan hüquqlarının müdafiəsi işi genişləndirilmiş, həmçinin “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin icrası ardıcıl olaraq davam etdirilmişdir.
Ombudsman bildirmişdir ki, “Milli Fəaliyyət Proqramı”nda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkil təsisatı üçün də konkret vəzifələr müəyyən olunmuşdur. Ötən dövr ərzində Müvəkkil təsisatı pro­qramda nəzərdə tutulmuş vəzifələrin icrasını diqqətdə saxlamışdır. Belə ki, proqramda əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi istiqamətində nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə 2013-cü ildə müxtəlif sosial qruplara ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən 84 tədbir keçirilmişdir.
Müvəkkilin preventiv mexanizm funksiyasının icrası istiqamətində müvafiq işlər görülmüş, preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə aid, ümumilikdə, 26 müəssisədə mütəmadi və əvvəlcədən xəbərdarlıq edilmədən 79 başçəkmə həyata keçirilmişdir.
Ülkər Bayramova insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi istiqamətində qarşıya qoyulan vəzifələrin icrası məqsədilə görülən işlərdən də danışmışdır. Qeyd olunmuşdur ki, preventiv mexanizm funksiyasının mahiyyətinin, o cümlədən insan hüquqları sahəsində beynəlxalq sənədlərin öyrənilməsinin təmin edilməsi, hüquq olimpiadalarının keçirilməsi, insan hüquqları ilə bağlı bukletlərin və digər vəsaitlərin nəşr edilməsi və yayılması, kitabxanalarda insan hüquqları ilə bağlı bölmələrin inkişaf etdirilməsi sahəsində digər qurumlarla birgə keçirilən müxtəlif maarifləndirici və zəruri tədbirlər öz bəhrələrini vermişdir.
Bildirilmişdir ki, Müvəkkil təsisatı muxtar respublikanın aid qurumları ilə bərabər, qarşıda duran vəzifələrin icrası istiqamətində bundan sonra da birgə fəaliyyət göstərərək insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədilə qəbul edilmiş “Milli Fəaliyyət Proqramı”nın muxtar respublikada icrasını uğurla davam etdirəcək və bu istiqamətdə səylərini daha da gücləndirəcəkdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Cəlil Rüstəmov “Milli Fəaliyyət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Muxtar Respublikasında görülən işlər” barədə məruzə etmişdir. Qeyd olunmuşdur ki, bu gün digər sahələrdə olduğu kimi, Azərbaycanda insan hüquqları sahəsində də islahatların aparılması, zəruri hüquqi bazanın və institusional əsasların formalaşması məhz ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra baş vermişdir. Bu tarixdən sonra ölkədə qanunçuluğun və hüquq qaydalarının bərpası istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi prosesi geniş vüsət almış, ilk dəfə 1998-ci il iyunun 18-də ümummilli lider Heydər Əliyev “Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Pro­qramı”nı təsdiq etmişdir.
“Muxtar respublikamızda da insan hüquqları təminatı sahəsində bir sıra işlər görülmüşdür. Naxçıvan Muxtar Respublikasında Konstitusiyanın qəbulu və Ombudsman institutunun yaradılması, insan hüquqlarının təminatı ilə bağlı Konsti­tusiya nəzarəti institutunun formalaşdırılması muxtar respublikada insan amilinə verilən diqqətin bariz nümunəsidir”, – deyən Cəlil Rüstəmov bildirmişdir ki, bütün bunlarla bərabər, insan hüquqlarının təminatı onların maddi-rifah halının yaxşılaşması, insanlara xidmət edən infrastrukturun yaradılması, onların təhsilinin, sosial müdafiəsinin təminatı, sağlamlığının və sair qorunması sahəsində tədbirlərdir. Bu mənada son illər muxtar respublikada həyata keçirilən işlər, yaradılan infrastruktur, səhiyyə, təhsil müəssisələri, tikilən kənd mərkəzləri, salınan yollar, ümumilikdə, insan amilinə verilən əhəmiyyətin, layiqli həyat səviyyəsinin yaradılması istiqamətində görülən işlərin bariz nümunəsidir.
Vurğulanmışdır ki, “Milli Fəaliyyət Proqramı”nın I fəslində nəzərdə tutulan sahələrdə qanunvericiliyin təkmilləşdirilməsi muxtar respublikanın dövlət qurumlarının birbaşa səlahiyyətində olmasa da, qəbul edilən normativ aktların icrası diqqətdə saxlanmışdır. Bu fəsildə nəzərdə tutulan məsələlər – həbs yerində saxlanılan, ekstradisiya olunmaq üçün tutulmuş şəxslərin, miqrantların hüquqlarının təmin olunması üçün, gender bərabərliyi, valideyn məsuliyyətinin artırılması və valideyn vəzifələrinin tənzimlənməsi ilə bağlı normativ aktların tənzimlənməsi, hüquqi şəxslər tərəfindən insan hüquqlarının pozulmasının qarşısının alınması məqsədilə müvafiq qanunlar qəbul edilmişdir. Muxtar respublikada normativ xarakterli aktların bu qurumlara uyğunlaşdırılması diqqətdə saxlanmışdır.
“Milli Fəaliyyət Proqramı”nın II fəsli icra orqanları qarşısında konkret vəzifələr müəyyən etmişdir. Belə ki, sahibkarların və istehsalçıların hüquqlarının möhkəmləndirilməsi, işçilərin əmək bazarında rəqabət qabiliyyətinin artırılması, onların yeni peşələrə yiyələnməsinə yönəlmiş kursların təşkili, istehsalatda və tikintidə əməyin təhlükəsizliyinin təmin edilməsi sahəsində tədbirlərin səmərəliliyinin artırılması və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, göstərilən istiqamətlərdə artıq bir çox mühüm tədbirlər həyata keçirilmişdir.
Dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Dövlət orqanlarının fəaliyyətində şəffaflığın, dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təmin edilməsi, elektron hökumət portallarının yaradılması kimi vəzifələr dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində mühüm əhəmiyyət daşıyır. Bu istiqamətdə də artıq bir sıra işlər həyata keçirilmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Ombudsman təşkilatına preventiv mexanizmlərlə bağlı müvafiq səlahiyyətlər verilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərmanına uyğun olaraq, dövlət orqanları tərəfindən elektron xidmətlər göstərilməsinin təşkil edilməsi məqsədilə elektron hökumət portalı istifadəyə verilmişdir. Artıq muxtar respublikanın bir sıra orqanlarında elektron xidmətlər göstərilməsinə başlanılmışdır. Elektron xidmət növlərinin siyahısı təsdiq edilmiş, elektron xidmət göstərən bütün dövlət orqanlarının portala qoşulması məqsədilə tədbirlər davam etdirilir.
Cəlil Rüstəmov qeyd etmişdir ki, insan hüquqlarının təminatı sahəsində islahatların son həddi, son hüdudu yoxdur. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda da iqtisadi inkişaf səviyyəsinə uyğun olaraq bu sahədə yeni-yeni addımlar atılır, hər bir vətəndaşın layiqli, firavan həyat tərzinin təmin olunmasına, qanuni mənafeyinin qorunmasına diqqət göstərilir.
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi Əli Allahverdiyev “Məhkəmə orqanlarında “Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı görülən işlər” adlı məruzəsində tədbir iştirakçılarına bu barədə məlumat vermişdir.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Hüquqi təminat və informasiya şöbəsinin rəisi Faiq Səfərov “Prokurorluq orqanları tərəfindən “Milli Fəaliyyət Proqramı”nda nəzərdə tutulan öhdəliklərin icra vəziyyəti və həyata keçirilən tədbirlər” barədə danışmışdır.
Məruzələr ətrafında Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyid­ovanın, daxili işlər nazirinin müavini, polis general-mayoru Qaçay Quliyevin, ədliyyə nazirinin müavini Elnur İsmayılovun, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Qadir Əliyevin, rabitə və informasiya texnologiyaları nazirinin müavini Əli Mikayılovun, İqtisadiyyat və Sənaye Nazirliyi aparatının rəhbəri Anar Əhməd­ovun, gənclər və idman nazirinin müavini Məcid Seyidovun, Səhiyyə Nazirliyinin aparat rəhbəri Nihad Seyidovun, Təhsil Nazirliyinin şöbə müdiri Firudin Zaman­ovun çıxışları olmuşdur.
Çıxış edənlər “Milli Fəaliyyət Proqramı”nın icrası ilə bağlı müvafiq dövlət qurumları tərəfindən görülən işlər haqqında məlumat vermişlər.
Tədbirə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova yekun vurmuşdur.

Muxtar MƏMMƏDOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR