23 Dekabr 2024, Bazar ertəsi

Gömrük sahəsində hüquqpozmalara qarşı mübarizə davam etdirilir

Gömrük orqanları tərəfindən muxtar respublikaya idxal istiqamətində gətirilən malların keyfiyyətinə nəzarət olunmaqla əhalinin sağlamlığının qorunması, istehlakçıların və istehsalçıların hüquqlarının müdafiəsi, bütün hallarda malların qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri cari ildə də davam etdirilir. Bu məqsədlə gömrük sərhədindən keçirilən ərzaq və qida məhsullarının keyfiyyətinə, standartlara uyğunluğuna, daşınma şəraitinə xüsusi fikir verilir, müvafiq tələblərə cavab verməyən mallar barəsində qanunvericilik çərçivəsində tədbirlər görülür.

Cari ilin yanvar-may ayları ərzində idxal istiqamətində gətirilən, ancaq müvafiq standart və normalara cavab verməyən 40 tondan artıq ərzaq, qida və meyvə-tərəvəz məhsulu gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılaraq geri qaytarılmış, tez xarab olan 9,5 ton həcmində müxtəlif məhsullar barəsində qanunvericilik çərçivəsində operativ qərarlar qəbul edilmişdir. Elektrik enerjisinə qənaət olunması məqsədilə közərmə lampalarının muxtar respublikaya gətirilməsi məhdudlaşdırıldığından gömrük orqanları tərəfindən 4500 ədəd ən çox közərmə lampası saxlanıla­raq barəsində müvafiq tədbirlər görülmüşdür.

Gömrük sərhəd-buraxılış məntəqələrindən geri qaytarılan və vaxt­aşırı olaraq barəsində tədbirlər görülən mallardan başqa, cari ilin yanvar-may ayları ərzində saxlanılmış bir qrup malın may ayının 21-də yandırılaraq məhv edilməsi həyata keçirilmişdir. Yaşayış məntəqələrindən kənar ərazidə kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə məhv edilən ərzaq və qida məhsulları, əsasən, müxtəlifmarkalı meyvə şirələrindən, süd məhsullarından, balıq konservi, limon suyu, üzüm sirkəsi və sairdən ibarət olmuşdur. Belə mallar, əsasən, keyfiyyəti tələblərə cavab vermədiyindən, üzərində istehsal tarixi göstərilmədiyindən və ya istehlak müddəti bitdiyindən saxlanılmışdır.
Müvafiq dövlət orqanlarından xüsusi icazə sənədi alınmadan gətirilən 20 min ədəddən artıq partlayıcı fişəng və digər pirotexniki vasitələr, 36 adda müxtəlif dərman preparatı, o cümlədən psixotrop dərmanlar, müvafiq sertifikatı olmadığı üçün saxlanılan uşaq oyuncaqları da yandırılaraq məhv edilmişdir.
Məhv edilən mallar arasında kontrafakt, başqa sözlə, saxta mallar da yer almışdır. Məhz bəzi meyvə şirələrinin, enerji içkilərinin, yuyucu və təmizləyici vasitələrin istehsalının və qablaşdırılmasının saxta yolla aparıldığı müəyyən olunmuşdur.
Milli və iqtisadi təhlükəsizliyin, ictimai asayişin və insanların sağlamlığının qorunması istiqamətində tədbirlər də davam etdirilmişdir. Gömrük sərhəd-buraxılış məntəqələrində saxlanılmış xeyli sayda beşbarmaq, bıçaq, 21 kq əkinəyararlı çətənə toxumu və sair xüsusi qaydada məhv olunmuşdur.
Milli mentalitetə mənfi təsir göstərən ədəbiyyat və vasitələrin muxtar respublikaya gətirilməsinə qarşı mübarizə də diqqətdə saxlanılmış, əxlaq qaydalarına zidd olduğu üçün saxlanılmış jurnal və CD-lər də yandırılmışdır.
Həmin gün 5 adda, ümumilikdə, 691 ədəd Ermənistan Respublikasına aid müxtəlif vasitə və əşyalar da məhv edilmişdir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Gömrük Komitəsinin mətbuat xidməti

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR