Şərur rayonunun Dərəkənd və Yuxarı Daşarx kəndlərinin birləşdiyi ərazidəki o qədər də yüksək olmayan təpənin üzərində yerləşən bir tarixi abidə var. Abidənin yerləşdiyi ərazinin şimal-şərqində tarixi məzarlıq, şimal-qərbində isə böyük Şərur düzü yerləşir.
Min illərin tarixinə, savaşlara, zəfərlərə şahidlik edib Şərur düzü – İsmayıl Səfəvinin şah olmadan öncə son zəfərini qazandığı Şərur düzü. Şəhidlər abidəsi tarixi qədim zamanlardan süzülüb gələn bir abidədir. Abidə haqqında qaynaqlarda məlumat yoxdur.
Amma yerli əhali arasında onun haqqında bir neçə rəvayət mövcuddur. Bu rəvayətlərə nəzər yetirdikdə və abidənin yerləşdiyi coğrafi ərazini qiymətləndirdikdə, əslində, xalq rəvayətlərinin tarixi gerçəklikləri olduqca dəqiq əks etdirdiyinin şahidi oluruq. Əhali Şəhidlər abidəsi haqqında məlumatsızdır. Bu abidə haqqında indi ancaq yaşlı nəslin tək-tək nümayəndələri məlumat verə bilərlər. Abidə haqqında söylənilən xalq rəvayətlərindən birində deyilir ki, 1501-ci ildə İsmayıl Səfəvi ilə Ağqoyunlu Əlvənd Mirzə arasında baş verən Şərur döyüşü zamanı şəhid olmuş qızılbaşlar məhz burada dəfn edilmişlər. Ehtimal edilir ki, ordunun sıravi əsgərləri düzənlikdə, şəhid olmuş sərkərdə isə hörmət əlaməti olaraq digər qəbirlərdən nisbətən daha nəzərəçarpacaq bir yerdə – balaca təpənin üstündə dəfn olunmuşdur. Yuxarı Daşarx kənd sakini, tarix müəllimi İbrahim Əlizadə deyir ki, Şərur döyüşündən çox-çox əvvəl, qədim zamanlarda bu ərazi yaşayış məskəni olmuşdur. Sübut üçün qeyd edir ki həyətyanı sahədə işləyən zaman buradan çoxlu saxsı qablar, daş qəbirlər tapılmışdır.
Şərur düzündə baş vermiş bu döyüş çox qanlı keçmiş, qələbə qazanılsa da, çoxlu sayda Səfəvi əsgəri şəhid olmuş və yaralanmışdır. Deyilənə görə, müharibə qurtardıqdan sonra İsmayıl Səfəvi əmr verir ki, qoşun dincəlsin, ölənlər dəfn edilsin, yaralıların isə yaralarına baxılsın. Qoşunun susuzluqdan əziyyət çəkdiyini görən Şah İsmayıl bu ərazini “əcaib yer” adlandırmışdır. Həmin vaxtdan etibarən bu ərazi həm də xalq arasında “Əceyban” adı ilə də tanınmışdır. İsmayıl çapardan məlumat alır ki, Araz çayı yaxınlıqdadır, buna görə də Şah İsmayıl qoşunun dincəlməsi haqqında verdiyi əmri ləğv edir və ölənləri dəfn edib, yaralıları da götürərək Arazı keçirlər.
Abidənin adının isə xalq arasında seeddər və ya şəhidlər, bəzən isə seidlər kimi tələffüz edilməsi, əslində, abidənin adı ilə xalq rəvayətinin arasında da məzmunca uyğunluq olduğunu göstərir. Fikrimizcə, vaxtı ilə “şəhidlər” sözü həmin abidə də daxil olmaqla bütün qəbiristanlığa aid edilmiş, zaman keçdikcə qəbirlər təbii şəraitlə əlaqədar olaraq sıradan çıxmışlar. Abidənin qalıqları zaman keçdikcə dağıldığından sonradan yerli camaatın köməyi ilə bərpa edilmişdir. İndi bu qəbiristanlıq-abidə xalq arasında ziyarətgah kimi tanınır. Abidə altı künc formadadır, onun qapısı şərqə tərəf açılır, arxası isə qərbə tərəfdir. Deyilənlərə görə, abidənin arxa tərəfindəki tut ağacı da ən azı abidə ilə həmyaşıddır. Bu ağac yerli əhali tərəfindən “müqəddəsləşdirilərək” “dilək ağacı” kimi tanınmaqdadır.
Zamin HƏSƏNOV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və
Arxeologiya İnstitutunun əməkdaşı