23 Dekabr 2024, Bazar ertəsi

“Şərq qapısı” qəzetinin 17 may 2014-cü il tarixli sayında Elnur Kəlbizadənin “Laçının işğalından 22 il ötür” məqaləsini, xüsusilə xalq qəhrəmanı Sultan bəy Sultanovun öz dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin erməni quldur qoşununu mühasirəyə alaraq darmadağın etməsini oxuyarkən tarix elmləri doktoru, professor Şikar Qasımovun “Xalq qəhrəmanı Sultan bəy” monoqrafiyasında oxuduğum maraqlı bir məlumat xatirimdə canlandı.

Həmin məlumatdan aydın olur ki, bəhs olunan dövrdə, 90 illiyini təntənə ilə yüksək səviyyədə qeyd etdiyimiz Naxçıvan Muxtar Respublikasının yaradılması ərəfəsində Naxçıvan əhalisi həddindən artıq ağır vəziyyətdə olsa da, onlar və bölgənin erməni təcavüzündən xilas edilməsində böyük rol oynayan görkəm­li şəxsiyyətlərdən III Kalbalı xan Kəngərli Azərbaycanın çətin vəziyyətdə olan digər bölgələrinə, o cümlədən Laçına qardaş əlini uzatmış, köməklərini əsirgəməmişlər. Bunun yeganə fakt olmadığını və oxucular üçün maraq doğuracağını düşünərək həmin məlumatı olduğu kimi oxuculara çatdırmaq istəyirik.

Aşağıda bəhs olunacaq hadisənin əsas iştirakçısı olan Sarı Asdanın nəvəsi Asdan Həsənovun atası Əhlimandan eşitdiklərinə əsasən qələmə aldığı və “Laçın” qəzetində nəşr etdirdiyi məqalədən bir parçanı professor Şikar Qasımov kitabına daxil etmişdir. Monoqrafiyada oxuyuruq: “İlin qış fəslində Hocaz yüksəkliyində erməni hücumlarının qarşısını kəsən Sultan bəyin silahlı dəstələri şaxtalı havalardan əziyyət çəkirdi. Bir tərəfdən də silah-sursat çatışmazlığı işləri xeyli çətinə salmışdı. Vəziyyətin getdikcə gərginləşdiyini görən bəy ətrafında olan insanlara müraciət edir: “Bildiyiniz kimi, patron ehtiyatımız tükənmək üzrədir. Belə getsə, bir neçə gündən sonra erməni hücumlarının qarşısını ala bilməyəcəyik. Yeganə çıxış yolumuz Naxçıvana gedib Kalbalı xandan patron alıb gətirməkdir. Naxçıvana gedən yol isə ermənilər yaşayan kəndlərdən keçdiyi üçün təhlükəlidir. Buna görə mən istəyirəm ki, oraya gedəsi adamlar könüllü olaraq bu işi öz boyunlarına götürsünlər”. Sarı Asdan qabağa çıxıb deyir: “Bəy, mən gedərəm, bir şərtlə ki, Minkənddən Gülüm, Qarakeçdidən isə Ələkbər mənə yoldaşlıq etsinlər”. Sultan bəyin göndərdiyi adam səhəri gün Gülüm və Ələkbərlə birlikdə qayıdır. Onlar da Sarı Asdanın təklifi ilə razılaşıb yola çıxırlar. Asdanın qardaşı Musa bildirir ki, sağ-salamat qayıdın, bir öküz kəsib qurban paylayacam.

“İşıqlı dağı”ndan, “Qara göl”dən keçən atlılar dağ yolları ilə irəliləyir, qaranlıq düşəndə ermənilərin mal binələrinə yaxınlaşıb oradakı naxırçıları zərərsizləşdirir, şaxtadan qorunaraq səhəri gün yollarına davam edirlər. Bir neçə gündən sonra Naxçıvana yetişən atlıları yerli əhali “Sultan bəyin adamları gəldi”,– deyə hörmətlə qarşılayırlar.
Kalbalı xan gələnləri qəbul edib məclis qurdurur. Sarı Asdan Sultan bəyin məktubunu xana təqdim edir. Gələnlərin hər birinə bir ədəd əl-üz dəsmalı və bir süfrə bağışlayan xan yeddi qatırı patronla yüklətdirib onlara verir. Beş nəfər mühafizəçini isə bələdçi kimi onlara qoşur. Xan haradan gedəcəklərini soruşduqda Sarı Asdan bildirir ki, gəldiyimiz yolla qayıda bilmərik. Yəqin ki, ermənilər pusqu qurub bizi gözləyirlər. İran ərazisindən Xudafərin körpüsünü adlayıb Dağ Tumas, Kirs dağı istiqamətindən gedəcəyik. Üzü Laçın istiqamətinə irəliləyən kiçik karvan bir neçə gündən sonra Hadrud ərazisində ermənilərin mühasirəsinə düşür. Asdanın məsləhəti ilə gecənin düşməsini gözləyir və çətinliklə olsa da, mühasirədən çıxırlar. Hocaz dağına yetişən dəstə patronları Sultan bəyə təhvil verir. Bundan hədsiz dərəcədə sevinən bəy Sarı Asdanın alnından öpür və “nənəm sənə qurban, a Sarı oğul”,– deyə təşəkkürünü bildirir. Musa isə dediyi kimi, bir öküz kəsib qurban paylayır. Yeri gəlmişkən, onu da bildirim ki, Kalbalı xan verən hədiyyəni babam Sarı Asdan qızı Müxəstəyə hədiyyə edir, o da son illərə qədər qiymətli xatirə kimi onları saxlayırdı”.
Fikrimizcə, muxtariyyət ərəfəsində Naxçıvan bölgəsində yaranmış çox mürəkkəb vəziyyətdə erməni təcavüzünün dəf olunması, bölgənin erməni işğalından qorunması üçün müstəsna xidmətlər göstərən, o cümlədən əhalini bu iş üçün səfərbər edən və qarşıya qoyulan məqsədə nail olan III Kalbalı xan Kəngərlinin həyatından təqdim olunan bu fakt igid naxçıvanlıların təkcə Naxçıvanda deyil, ümumiyyətlə, bütün Azərbaycanda erməni təcavüzünün və vəhşiliklərinin qarşısının alınmasında göstərdikləri fədakarlığı parlaq şəkildə əks etdirən çox sanballı bir örnəkdir.

Fəxrəddin SƏFƏRLİ
tarix elmləri doktoru, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR