Çağdaş Naxçıvan ümummilli lider Heydər Əliyevin arzularının gerçəkliyə çevrildiyi məkandır
Ölkəsinin ümumi inkişafı və soydaşlarının rifahı naminə elmi axtarışlarda, quruculuq layihələrinin və proqramlarının hazırlanmasında uzun illər fəal iştirak etmiş elm adamı, yaşlı ziyalı üçün Vətəninin tərəqqi yoluna çıxmasını, həyatın gözəlləşməsini, ötən nəsillərin arzularının gerçəkləşməsini görməkdən yaxşı nə ola bilər?! Bu baxımdan təmsil olunduğum veteranlar, ağsaqqallar nəsli özünü xoşbəxt saymaqda haqlıdır. Bizi və bütövlükdə, xalqımızı bu xoş günlərə bu günlərdə anadan olmasının 91-ci ildönümünü ümumxalq bayramı kimi qeyd etdiyimiz ulu öndər Heydər Əliyevin işıqlı, ölməz ideya və əməlləri qovuşdurmuşdur.
Bizim nəslin bayraqdarı, böyük müəllimi və öyüncü olan dahi Heydər Əliyevin çətin, ağır mübarizələrdə müəyyən etdiyi müstəqil dövlətimizin strateji inkişaf yolu artıq 11 ildir ki, ölkəmizi sürətli, hərtərəfli yüksəliş və yeniləşmə yolu ilə öz tarixinin ən yüksək uğurlarına qovuşdurmuşdur. Təkcə onu demək kifayətdir ki, bu müddətdə ulu öndərin ideya və əməllərinin ən layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı 3 dəfə artıb-böyümüş, Azərbaycan regionun lider dövləti, keçmiş ittifaqın ən sürətlə inkişaf edən respublikası olmuşdur. Sürətli inkişaf, əsaslı yeniləşmə bizim günlərdə ölkəni başdan-başa əhatə etmişdir.
11 il əvvəl ümummilli liderin ali idarəetmə missiyasını qəbul edən parlaq siyasi xadim İlham Əliyev hər bir azərbaycanlının Prezidenti olacağını, ölkənin hər yerini eyni diqqət və qayğı ilə inkişaf etdirəcəyini bəyan etmişdi. O taleyüklü günlərdə müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyev yalnız ölkəmizdə deyil, həm də dünyada böyük ümidlər bəslənilən İlham Əliyevə özünün böyük amallarının davam etdirilməsini, yarımçıq qalmış arzularının gerçəkləşdirilməsini həvalə edərək əbədiyyətə qovuşmuşdu. Yenitipli siyasətçi və yetkin dövlət rəhbəri kimi möhtərəm İlham Əliyev ötən dövrdə ulu öndərin böyük etimadına və özünün ucadan elan etdiyi vədlərinə sadiq olduğunu dönə-dönə sübuta yetirmişdir.
Xalqımızın düşmənlərinin məkrli planlarının ötən əsrin 20-ci illərində ərazicə Azərbaycandan aralı saldığı qədim türk yurdu, çoxəsrlik dövlətçilik tariximizin şanlı ünvanlarından biri Naxçıvan ayıq-sayıq və qəhrəman övladlarının basılmaz iradəsi ilə taleyinin Azərbaycandan ayrılmasına imkan verməmişdir. Beləliklə, erməni millətçilərinin “nifaq almasına” çevirib ələ keçirmək istədiyi bu torpaq 90 ildir ki, Azərbaycanın tərkibində ərazi muxtariyyəti təşkil edərək özünün mübariz tarixini yaşamaqda və yaratmaqdadır.
90 il əvvəl sovet imperiyasının yarımasılılığı zəminində milli özünüqoruma zərurətinin təsdiqi kimi ərsəyə gələn bu muxtariyyət respublikamız suverenlik qazandıqdan sonra ümummilli lider Heydər Əliyevin zəkası və iradəsi ilə müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan Respublikası daxilində Naxçıvanın “muxtar dövlət” statusu ilə təzələndi və möhkəmləndirildi. Bu status Naxçıvan Muxtar Respublikasının müstəqil Azərbaycan dövlətinin tərkibində mövcudluğunun, hərtərəfli inkişafının, varlığını qoruyub saxlamasının mötəbər, dünyada qəbul olunan siyasi-hüquqi təminatıdır.
Bu il yanvarın 14-də Naxçıvanın muxtariyyət tarixinin 90 illiyinin ümummilli səciyyə daşıyan, önəmli hadisə kimi qeyd edilməsi ilə bağlı Prezident İlham Əliyevin sərəncamı elan olunanda, ilk olaraq, düşüncəmdə yuxarıda söylədiyim fikirlər yarandı. Naxçıvanın son illərdə çatdığı çox yüksək inkişaf göstəricilərinin Azərbaycanın dövlət müstəqilliyi qazanmasının, ümummilli lider Heydər Əliyevin məhv olmaq təhlükəsindən xilas edərək inkişaf, sabitlik, dönməz suverenlik yoluna çıxarmasının, Prezident İlham Əliyevin ulu öndərin Naxçıvanla bağlı arzu-istəklərinin gerçəkləşməsi üçün bütün zəruri tədbirləri həyata keçirməsinin, naxçıvanlıların ulu öndərin idarəetmə məktəbinin istedadlı yetirməsi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun rəhbərliyi ilə gecəli-gündüzlü, fədakarcasına çalışıb işləmələrinin nəticəsi, bəhrəsi olduğunu bir daha yəqin etdim.
Sərəncamda, haqlı olaraq, Naxçıvanın bugünkü yüksək sosial, iqtisadi və mədəni inkişafı 90 illik muxtariyyət tarixinin zirvəsi kimi dəyərləndirilir: “Bu gün yüksək potensiala malik muxtar respublika bütün dövlət proqramlarını, infrastruktur layihələrini böyük uğurla həyata keçirməsi sayəsində ölkədə dinamik inkişaf xəttinə uyğun, fasiləsiz aparılan irimiqyaslı quruculuq, abadlıq işlərinin fəal iştirakçısıdır. Naxçıvan hazırda mötəbər tədbirlərin təşkil olunduğu məkana çevrilmişdir”.
Bu yüksək qiymətin davamı olaraq, aprelin 7-8-də Naxçıvanda keçirilən yubiley şənliklərində iştirak edən Prezident İlham Əliyev təntənəli yığıncaqdakı nitqində naxçıvanlıların doğma diyarın çiçəklənməsi naminə göstərdikləri tarixi hünərə münasibətini belə açıqladı: “Bu səfər mənim Naxçıvana son 10 il ərzində 11-ci səfərimdir. Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır...
Dünən son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları təbrik edirəm... Bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir”.
Doğrudan da, müstəqillik illərində, xüsusən 1995-ci ildən bəri Naxçıvan tariximizdə tutduğu şanlı mövqeyə, 90 illik ərazi muxtariyyəti statusunun yaratdığı imkanlara layiq uğurlar qazanmışdır. Naxçıvanın bugünkü intibahı onun Azərbaycanın həyatı ilə nə qədər sıx bağlı olduğunu, bu diyarın ölkəmiz üçün necə müstəsnalıq təşkil etdiyini bir daha dünyaya sübut edir. Yeri gəlmişkən, bildirim ki, əzəli Azərbaycan torpağı olan Dağlıq Qarabağın da tarixən inkişafı, xoş günləri Azərbaycanla bağlı olmuşdur. Erməni separatçıları bu ərazini zorla Azərbaycandan ayırmaqla sanki budağı gövdədən qoparmışlar.
Naxçıvanlılar bu diyarın Azərbaycana bağlılığını yeni bir intibahla sübuta yetirsələr də, erməni separatçılarının Dağlıq Qarabağın taleyini Ermənistanla bağlamaq cəhdləri sosial-iqtisadi baxımdan iflasa uğramışdır. Dağlıq Qarabağın miskin tənəzzülü onun Azərbaycansız yaşaya bilmədiyini bir daha təsdiqləyir. Bu baxımdan Naxçıvanın çağdaş tərəqqisini ərsəyə gətirənlər Azərbaycan həqiqətlərinin təntənəsinə nail olmuş, Ermənistan yalanlarının puça çıxmasına öz əməli töhfələrini vermişlər.
Bir geofizik alim və rəssam kimi məni Naxçıvanla çoxillik yaradıcılıq əlaqələri və sıx ünsiyyət telləri birləşdirir. Dünyanın nadir geoloji landşaft qatlarından olan Naxçıvanın zəngin təbiəti sərt iqliminə baxmayaraq, lap qədimdən həyat üçün əlverişli sayılmış, ulu babalarımız bu yerlərə bizim günlərədək sahiblik etmişlər. Naxçıvan tarixin ən çətin günlərində həmişə özünü hər şeylə təmin etdiyi kimi, blokadada yaşadığı 25 ildən artıq müddətdə də bütün çətinliklərə sinə gərmişdir. Bu gün naxçıvanlılar yenə əksər mallara tələbatı yerli istehsal hesabına ödəyirlər. Yüksək elektrik enerjisi sərfi dövründə muxtar respublika özünü bərpaolunan mənbələrdən alınan enerji ilə tam təmin edir.
Naxçıvanın zəngin təbii ehtiyatlarından istifadə etmək üçün hazırda məqsədyönlü işlər aparılır. Təkcə onu deyim ki, bu gün Azərbaycanın hər yerində Naxçıvanda qablaşdırılan ən faydalı süfrə duzunu, “Badamlı” və “Sirab” kimi ən qiymətli mədən sularını, neçə-neçə naz-neməti görəndə naxçıvanlıların bu hünərinə əhsən deyirsən. Buna necə sevinməyəsən ki, ermənilərin blokadaya aldıqları Naxçıvan bu gün xaricə elektrik enerjisi verir, kənara onlarla adda məhsul çıxarır. Öz imkanları hesabına yüksək inkişafa və rifaha nail olmaqla bu yerin qadir insanları dövrümüzün “Naxçıvan möcüzəsi”ni yaratmışlar. Artıq ölkəmizdə və xaricdə inkişafın “Naxçıvan modeli” barədə ciddi söhbətlər eşidilir.
Naxçıvan həm də bu günündə ötən sivilizasiyanın bir çox yadigarlarını yaşadır. Hərtərəfli yeniləşmə, geniş quruculuq işləri bu abidələri qorumaq, bərpa etmək, öyrənmək və onlardan faydalanmaqla paralel aparılır. Mən hər dəfə Naxçıvanda olarkən Əshabi-Kəhf, Nuhun məqbərəsi, Möminə xatın türbəsi, Xan sarayı kimi onlarla tarixi abidə və məkanda bərpa-abadlıq işlərinin necə diqqətlə, sevgi ilə aparıldığını görüb naxçıvanlıların öz köklərinə bağlılığının ilahi məqamına heyran qalıram.
Naxçıvanda yeniləşmə prosesi müasir üslubda, milli özünəməxsusluğa uyğun, hərtərəfli, genişmiqyaslı olub, diyarın bütün ərazisini əhatə edir. Naxçıvan şəhəri mahir bir memarın sevimli əsəri kimi yüksək diqqətlə, zövqlə, sistemli şəkildə yenidən qurulur. Rayon mərkəzləri və iri yaşayış məntəqələri də eyni meyar və tələblə abadlaşdırılır, müasirləşdirilir. Ən ucqar kəndlər belə, həyat standartları səviyyəsinə qaldırılır. Yollar, kommunikasiyalar, xidmət obyektləri də yenidən qurulur, ümumi yeniləşməni tamamlayır. Naxçıvanın dağ kəndində Bakının ən müasir məktəbindən geri qalmayan təhsil ocağı və digər sosial obyektləri görəndə yurd sevgisinin nəyə qadir olduğunu əyani görürsən. Dövrümüzün ən müasir texnika və texnologiyaları, nəqliyyat və rabitə vasitələri Naxçıvanda tələbatı ödəyəcək qədər, bir az da artıqdır.
Bir neçə kəlmə də Naxçıvanın təbii gözəllikləri, onu sənətə gətirən rəssamları barədə demək istəyirəm. Təbiət özü sanki Naxçıvanı əlvan bir tablo kimi yaratmışdır. Bu, sərt və çılpaq bir mənzərədir. Məhz buna görə Naxçıvan tarixən tanınmış rəssamlar yetirmişdir. Professional rəssamlığımızın bir qaynağı da Bəhruz Kəngərlinin timsalında Naxçıvanla bağlıdır. Bu gün Naxçıvanda istedadlı rəssamlar öz məktəblərini inamla yaşadırlar. Bu günlərdə onlar Bakıda yubiley sərgisində göstərilən işləri ilə hamımızı heyran qoydular. Naxçıvanlıların, belə yüksək sənət zövqü və duyumu olan insanların mənim əsərlərimə dəyər vermələrini, sərgimi keçirmələrini isə özümə böyük şərəf sayıram. Bu sevimli torpağın bir çox ünvanlarında mənəvi övladlarım olan əsərlərimin “yuva qurması” məni Naxçıvana daha yaxından bağlayır.
Naxçıvan bu gün ulu türk yurdu, qeyrət və hünər diyarı kimi Azərbaycanımızın başını bütün dünyada uca edir, uğurları ilə müstəqil dövlətimizi şöhrətləndirir. Ulu öndər Heydər Əliyevi xalqımıza bəxş edən bu torpaq onun adına, zəkasına, hünərinə, vəsiyyətlərinə layiq bir inkişaf yolundadır. Böyük rəhbər Naxçıvanın nəyə qadir və layiq olduğunu yaxşı bilirdi və bu diyar barədə ən yüksək arzularını bacardığı qədər həyata keçirmişdi. Bu gün Naxçıvan onun arzularının yüksək səviyyədə gerçəkləşdirildiyi bir məkandır.
Qədim Naxçıvanın kökü nə qədər dərindədirsə, qol-budaqları da o qədər ucada, şaxəli və təzə-tərdir. Onun bugünkü gözəlliyi dünənki əzəmətinin yeni məzmun və formada dirçəldilməsi olub, türk ruhunun əbədiyaşarlığından qaynaqlanır.
Kərim KƏRİMOV
AMEA-nın müxbir üzvü, professor, Əməkdar elm və texnika xadimi
“Xalq qəzeti”,
22 may 2014-cü il