May ayının 22-də Sədərək Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Sədərək kəndində Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektləri, həmçinin ətraf mühitin mühafizəsi və ekoloji-hüquqi məsuliyyət məsələlərinə həsr olunmuş maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Sədərək rayon prokuroru, baş ədliyyə müşaviri Teymur Vəliyev “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunmayan tikinti obyektləri” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci il tarixli Qanunla təsdiq edilmiş və 2013-cü il yanvarın 1-dən qüvvəyə minmişdir. Həmin məcəllənin şəhərsalma və tikinti qanunvericiliyinin təyinatı adlanan 1-ci maddəsinin tələbinə əsasən, Azərbaycan Respublikasının şəhərsalma və tikinti qanunvericiliyi şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edir.
“Məcəllənin 79-cu və 80-ci maddələrində tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması qaydaları və tikintiyə başlamaq üçün məlumatlandırma icraatının qaydaları öz əksini tapmışdır”, – deyən Teymur Vəliyev qanunun ayrı-ayrı maddələri barədə sakinlərə ətraflı məlumat vermişdir. Vurğulanmışdır ki, tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin tikintisinin aparılması üçün adıçəkilən məcəllənin 80-ci maddəsində məlumatlandırma icraatının qaydası nəzərdə tutulmuşdur. Belə ki, mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
Məlumatlandırma icraatı ilə bağlı tikinti niyyəti barədə müraciətin daxil olduğu vaxtdan 3 ay ərzində tikinti layihəsinə irad olmadıqda yerli icra hakimiyyəti orqanı həmin müddətin bitdiyi vaxtdan 3 iş günü ərzində barəsində məlumatlandırma icraatının tətbiq olunduğu obyektin tikintisi haqqında müvafiq icra hakimiyyəti orqanına – Fövqəladə Hallar Nazirliyinə məlumat verməlidir.
Sonra Sədərək rayon prokurorunun köməkçisi Elvin Zeynalov ətraf mühitin mühafizəsi barədə çıxış edərək bildirmişdir ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması sahəsində mühüm addımlar atılmışdır. Nəzərə çatdırılmışdır ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və sair hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcu olmalıdır.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Kərəm HƏSƏNOV