23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsinin Nəbatat bağında 22 may – Beynəlxalq Biomüxtəliflik Günü ilə əlaqədar elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, biomüxtəliflik Yer kürəsində həyatın müxtəlifliyini təcəssüm etdirməklə bəşəriyyəti ekosistemlərin canlı məhsulları ilə təmin edir, başlıca həyat mənbəyi kimi davamlı inkişafa və ərzaq təhlükəsizliyinə nail olunmasında ən mühüm vasitə rolunu oynayır.

Bildirilib ki, biomüxtəliflik cəhətdən özünəməxsusluğu ilə seçilən Naxçıvanda biomüxtəlifliyin qorunması istiqamətində məqsədyönlü işlər həyata keçirilib. Təsadüfi deyildir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2008-ci il 17 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nda da dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində nəzərdə tutulan əsas vəzifələrdən biri ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətin davam etdirilməsidir. Proqramın həyata keçirilməsi üzrə tədbirlər planına uyğun olaraq, biomüxtəlifliyin qorunması, saxlanması və istifadəsi, milli genetik bankın zənginləşdirilməsi tədbirlərinin həyata keçirilməsi Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı nazirlikləri ilə yanaşı, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə tapşırılmışdır və bu iş həyata keçirilməkdədir.
Elmi konfransda AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov “Beynəlxalq aləmdə biomüxtəliflik və onun qorunma strategiyası” mövzusunda məruzə edib. Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Elçin Kazımovun “Naxçıvan Muxtar Respublikasında biomüxtəlifliyin qorunma vəziyyətinin nəticələrinə dair” çıxışı olub. Qeyd olunub ki, ölkəmiz 2000-ci ildə biomüxtəliflik üzrə Konvensiyaya qoşulub. 2001-ci il mayın 23-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaradılmasından sonra ətraf mühitin və bioloji müxtəlifliyin qorunmasına diqqət daha da artırılıb. Ölkə Prezidenti tərəfindən 2006-cı il martın 24-də təsdiqlənmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunub saxlanması üçün milli strategiya və fəaliyyət planı” respublika ərazisində bioloji müxtəlifliyin qorunması baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir.
Sonra konfrans iştirakçıları Nəbatat bağında istixanada yetişdirilən nadir bitkilər və nadir bitki kolleksiyasına baxıblar.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR