23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycanımızın ayrılmaz tərkib hissəsi olan Naxçıvanla Gürcüstan arasında tarixən müxtəlif əlaqələr, xüsusən də ticarət, təhsil və mədəniyyət əlaqələri olmuşdur. Tarixi mənbələrdə qeyd olunur ki, Naxçıvan xanlığının yaradıcısı olan Heydərqulu xan Kəngərli Gürcüstanın Kartli-Kaxetiya çarlığı ilə hərbi münasibətlər qurmuş, Acarıstanla Naxçıvan arasında mövcud olmuş siyasi-mədəni əlaqələr XVIII əsrin ortalarından daha da inkişaf etməyə başlamışdır.

1916-cı ilə aid sənədlərdə naxçıvanlı yazıçı Əli Səbri Qasımovun Batumidə müsəlman-qaçqın cəmiyyətinin üzvü kimi çox fəal iştirakı öz əksini tapmışdır. Hətta yazıçı öz xatirələrində yazır ki, Batumidən Trabzona qədər ərazidə yaratdığımız xeyriyyə cəmiyyətinin fondundan müsəlman qaçqınlarına müxtəlif yardımlar göstərirdik. Naxçıvanlı digər bir şair – Ələkbər Qərib də bu cəmiyyətdə təmsil olunmuşdur. Araşdırmalardan məlum olur ki, həmin illərdə həmyerlimiz polkovnik İbrahim bəy Qədimov Ərdəhan və Batumidə hərbi fəaliyyət göstərmiş, zorakılığa məruz qalan dinc müsəlmanların mənafeyini qorumuşdur. Eyni zamanda XIX əsrin sonu, XX əsrin əvvəllərində naxçıvanlı milyonçu Mirzə Heydər Nəsirbəyovun Batumi ilə yaxından ticarət əlaqələri olmuşdur.

Həmin vaxt Acarıstanın pambığa olan tələbatının bir hissəsi Naxçıvan pambığı ilə ödənilmiş, bu və digər məhsullarımız Batumidən Trabzona aparılmaqla Avropa bazarlarında da satılmışdır.
Azərbaycanda Sovet hakimiyyətinin qurulmasından sonra da bu əlaqələr müxtəlif səviyyələrdə davam etmişdir. Naxçıvan tarixinin ən kəşməkəşli dövrlərindən biri hesab edilən 1920-1924-cü illərdə isə bir müddət Naxçıvan SSR-in İran və Türkiyə kimi xarici dövlətlərlə yanaşı, artıq Sovet hakimiyyətinin qurulduğu Qafqaz respublikalarında da nümayəndəlikləri fəaliyyət göstərmişdir. Səid Sadıqov “Naxçıvan Muxtar Respublikası tarixindən” kitabında yazır ki, XX əsrin 20-ci illərində Naxçıvanın Bakı, Tiflis və İrəvan şəhərlərində nümayəndəlikləri yaradılmışdır. 1922-ci ilin yanvar ayında Naxçıvan SSR-in Gürcüstanda nümayəndəsi təyin edilən şəxs isə tənqidçi, ədəbiyyatşünas, tərcüməçi kimi tanıdığımız Əziz Şərif olmuşdur.
1895-ci il martın 28-də Naxçıvan şəhərində anadan olan Əziz Şərif Məhəmməd Tağı Sidqinin Naxçıvanda açdığı “Məktəbi-tərbiyə”də təhsil almış, burada oxuduğu dövrdə qismən fars və rus dillərinə yiyələnmişdir. Sonra isə o, təhsilini Cəlil Məmmədquluzadənin Tiflisdə açdığı pansion məktəbində davam etdirmiş, pansion bağlandıqdan sonra Tiflisdə bir rus ailəsində yaşamış və məhz bu dövrdə rus dili ilə yanaşı, fransız dilini də öyrənmişdir. Əziz Şərif “Keçmiş günlərdən” adlı xatirələrində bu barədə yazır: “Tiflisdə pansion bağlananda Mirzənin (Cəlil Məmmədquluzadə – E.K.) məsləhəti və köməyi ilə atam məni bir rus ailəsinə tapşırdı. Bu ailə üç qadından ibarət idi, evləri də Mixaylovski küçəsindəki Müctəhid bağının yaxınlığında idi. Qoca qadın iki müəllimə qızı ilə yaşayırdı. ...Rus qadınlar mənimlə həm rusca, həm də fransızca danışırdılar. ...Yadımda qalan budur ki, bu müddətdə mən rusca və fransızca xalis danışmağı, bu dilin ikisində də sərbəst yazıb-oxumağı öyrənmişdim”.
Əziz Şərifin qeydlərindən o da aydın olur ki, o, 1906-cı ilin yazına qədər Tiflisdə qalmış, 1905-ci ildən başlayaraq çarizmin dəstəyi ilə ermənilərin Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Naxçıvanda azərbaycanlılara qarşı törətdikləri qanlı qırğınlar onun Naxçıvana qayıtmasına səbəb olmuşdur. Sonralar o, bir müddət təhsilini İrəvanda İbadulla bəy Muğanlinski və Cabbar bəy Məmmədovun pansionunda davam etdirmişdir. 1908-ci ildə yenidən Tiflisdə oxumağa başlayan Əziz Şərif 1915-1917-ci illərdə Moskva Kommersiya İnstitutunda təhsil almış, beləliklə, fransız, rus, fars, gürcü dillərini öyrənmişdir.
I Dünya müharibəsinin sonuna yaxın Qafqazda yaranmış gərgin ictimai-siyasi vəziyyət Naxçıvana da təsirsiz ötüşməmişdir. 1917-ci ildə Naxçıvana qayıdan Əziz Şərifin bu hərc-mərcliyin qarşısının alınmasında xidmətləri olmuşdur. Fəxrəddin Cəfərov “Naxçıvan qəza polisi (1828-1920-ci illər)” kitabında Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin sənədlərinə əsasən göstərir ki, Əziz Şərif 1917-ci ilin axırlarında Naxçıvan fəhlələrindən və kənd­lilərindən ibarət “Qırmızı qvardiya” təşkil etmişdir.
1918-ci ilin yanvarında Naxçıvanda Fəhlə və Əsgər Deputatları Sovetinin İcraiyyə Komitəsinin sədri olmuş Əziz Şərif bu dövrdə Zaqafqaziya Komissarlığına Naxçıvanda vəziyyəti stabilləşdirmək üçün bir sıra məktublar yazmış, hətta mövcud vəziyyəti Zaqafqaziya Komissarlığına çatdırmaq məqsədilə Naxçıvan nümayəndəsi kimi hələ o zaman Tiflisə getmişdir.
Görünür, XX əsrin 20-30-cu illərində Tiflisdə mətbuat və nəşriyyat sahəsində çalışan Əziz Şərifin Gürcüstan mühitinə yaxşı bələd olması, Tiflisdə müxtəlif ziyalılarla əlaqələrinin genişliyi, fransız, rus, fars dillərini mükəmməl bilməsi məhz ona Naxçıvan SSR-i təmsil etmək səlahiyyətinin həvalə edilməsinin əsas səbəbləri olmuşdur.
Beləliklə, Azərbaycan SSR-i İbrahim Əbilov, Rza Təhmasib və digər diplomatların Ankarada, Naxçıvan SSR-i Qasım bəy Camalbəyovun Təbrizdə, İsmayıl bəy Camalbəyovun Makuda, Balabəy Əlibəyovun Qarsda təmsil etdiyi bir dövrdə Əziz Şərif Naxçıvan SSR-in Tiflis nümayəndəsi olmuşdur.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR