23 Dekabr 2024, Bazar ertəsi

Müstəqil Azərbaycan beynəlxalq aləmdə böyük nüfuz qazanmaqla, iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də ardıcıl uğurlar əldə etmişdir. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionunun ən qüdrətli ordusuna malik güclü dövlətə çevrilmişdir. Müasir texnika və silahlarla tam təchiz olunmuş silahlı qüvvələrimiz artıq qarşıda duran bütün vəzifələri yerinə yetirməyə hazır möhtəşəm bir gücə malikdir.
Azərbaycanda ordu quruculuğu prosesi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndəri­miz hələ Sovet İttifaqı dönəmində yüksək hərbi təhsil almış milli zabit kadrların yetişdirilməsinə xüsusi əhəmiyyət verirdi. Məhz onun ciddi səyləri nəticəsində 1971-ci ildə Bakı şəhərində gəncləri ali hərbi məktəblərə hazırlayan ilk təhsil ocağı olan ixtisaslaşdırılmış hərbi internat məktəbi açılmışdı. Bir müddət sonra bura Cəmşid Naxçıvanskinin adı verilmişdi.

Həmin dövrdə Bakıda iki ali hərbi məktəb – Ali Ümumqoşun Komandirləri və Hərbi Dəniz Donanmasının Ali Hərbi Dənizçilik məktəbləri olsa da, burada təhsil alan 300 nəfərdən yalnız 3-5 nəfəri azərbaycanlı idi. Bu ali məktəblərdə təhsil alanlar, əsasən, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Ermənistan və digər ölkə­lərdən gəlmiş gənclər idi. Maraqlıdır ki, burada azərbaycanlıların təhsil almaları müxtəlif yollarla əngəllənirdi. O vaxt görkəmli dövlət xadimi Heydər Əliyevin nüfuzu, siyasi uzaqgörənliyi və qətiyyəti sayəsində bu ədalətsizlik aradan qaldırıldı. Azərbaycanlı gənc­lərin hərbi-vətənpərvərlik ruhunda yetişmələri üçün orta məktəblərdə ibtidai hərbi hazırlıq fənləri tədris olundu. Hər il 800-900 nəfər azərbaycanlı gənc Rusiyanın və digər postsovet ölkələrinin nüfuzlu ali hərbi məktəblərində təhsil almağa göndərildi. Bu gün sovet dövründə yetişmiş yüksək biliyə və təcrübəyə malik həmin kadrlar, eyni zamanda Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin yetişdirdiyi komandir heyəti ordumuzun daha da güclənməsində öz səylərini əsirgəmirlər.
Bu il mayın 19-da Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov yuxarıda qeyd etdiyimiz faktları bir daha xatırladaraq bildirmişdir ki, müstəqil Azərbaycan Respublikasının ordu quruculuğu prosesi ulu öndərimiz Heydər Əliyev tərəfindən məhz Naxçıvanda başlanılmışdır. Ali Məclisin Sədri demişdir: “Ümummilli liderimizin rəhbərliyi ilə Azərbaycanın milli dövlətçiliyinin bərpası Naxçıvandan başlandığı kimi, milli ordu quruculuğu da 1991-ci ildə Naxçıvandan başlanmışdır. Böyük dövlət xadimi Naxçıvan Muxtar Respublikasının rəhbəri seçiləndən cəmi 4 gün sonra – 1991-ci il sentyabrın 7-də muxtar respublikanın müdafiəsinin təşkili ilə bağlı mühüm qərarlar qəbul etmiş, mövcud hərbi hissə və dəstələrə vahid rəhbərliyin əsasını qoymuşdur. Bu dövrdə yaradılan ilk milli ordu qurumlarından biri də 705 saylı əlahiddə gücləndirilmiş motoatıcı briqada idi. 1993-cü ildə ali hakimiyyətə qayıdan ümummilli liderimiz Azərbaycan Silahlı Qüvvələrinin yaradılması istiqamətində davamlı tədbirlər görmüşdür. Blokada şəraitində və düşmən dövlətlə sərhəddə yerləşən Naxçıvanın müdafiəsi də diqqətdə saxlanılmış, motoatıcı briqadanın bazasında diviziya, sonra isə ordu korpusu yaradılmışdır”.
1993-cü il noyabrın 18-də ulu öndər Heydər Əliyevin təqdimatı ilə Azərbaycan Respublikasının Milli Məclisində ordu quruculuğu işinin sistemləşdirilməsi, mərkəzləşdirilməsi istiqaməti əsas götürülərək müəyyən qanunlar qəbul olunmuşdur. “Silahlı Qüvvələr haqqında”, “Müdafiə haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunların qəbul edilməsi milli təhlükəsizlik siyasəti və strategiyasının həyata keçirilməsində hüquqi baza rolunu oynamışdır. Milli Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Hərbi doktrinası” çox mühüm hərbi-strateji sənəd kimi diqqəti cəlb edir. “Hərbi doktrina” hərbi təhlükəsizliyə təhdidlərin vaxtında aşkarlanması, təhlil edilməsi, qiymətləndirilməsi, qarşısının alınması, səmərəli hərbi təhlükəsizlik sisteminin yaradılması və digər mühüm məsələlərlə bağlı respublikamızın mövqeyini əks etdirir. Bu baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinin daha etibarlı qorunması məsələsi də doktrinanın müəyyənləşdirdiyi meyarlar çərçivəsində həyata keçirilir.
Müasir dövrün reallıqlarını nəzərə alan dövlət başçımız, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev təkcə ölkəmiz üçün deyil, ümumilikdə, Cənubi Qafqaz regionu və bütün türk dünyası üçün mühüm strateji məkan kimi böyük əhəmiyyət kəsb edən Naxçıvanın müdafiə qabiliyyətinin artırılması üçün çox mühüm qərarlar qəbul etmişdir. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən, 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılmışdır. Bu, ölkəmiz üçün çox mühüm hadisə idi. Çünki bununla Naxçıvanın müdafiə qabiliyyəti daha da artır, bir mərkəzdən idarəetmə təkmilləşdirilir ki, nəticədə, daha effektiv müdafiə sistemi qurulmuş olur.
Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev qədim diyarda Əlahiddə Ümumqoşun Ordusunun yaradılması barədə danışarkən demişdir: “Ordu quruculuğu sahəsində aparılan islahatlar, Naxçıvanda Əlahiddə Ordunun yaradılması, bu ordunun ən müasir silah-sursat, texnika ilə təchiz edilməsi bizim dövlət siyasətimizdir. Naxçıvanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir. Naxçıvan ordusu bu gün güclü ordudur. Naxçıvan ordusunun hərbi texnika ilə təminatı ən yüksək səviyyədə təşkil edilir. Bu da təbiidir, çünki Naxçıvan strateji yerdə yerləşir. Naxçıvan blokada şəraitində yaşayır və belə olan halda Naxçıvanın döyüş potensialı ən yüksək səviyyədə olmalıdır”.
Bu gün dahilər yurdunda Əlahiddə Ümumqoşun Ordusunun döyüş qabiliyyətinin artırılması, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, xidmətin nümunəvi təşkili, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür.
Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq, bu il yanvarın 29-da Əlahiddə Ümumqoşun Ordusunun hissə və bölmələrinin komandan heyətinə 15 ədəd “Mitsubishi-PAJERO” və 10 ədəd “UAZ” markalı xidməti avtomobillər, bu ayın 19-da 11 “Mitsubishi L-200”, 2 “FİAT” markalı xidməti avtomobil, 2 “Ford” markalı səyyar tibbi yardım və 1 rentgen flüoroqrafiya avtomobili verilmişdir.
Əlahiddə Ümumqoşun Ordusunun maddi-texniki bazasının möhkəmləndirilməsi ölkə rəhbərinin daim diqqət mərkəzindədir. Dövlət başçısının bu ilin aprel ayında Naxçıvan Muxtar Respublikasına səfəri ərəfəsində muxtar respublikadakı hərbi hissələrə yeni, ən müasir standartlara uyğun hərbi-texniki və silah-sursatın verilməsi bunun parlaq ifadəsidir.
Əlahiddə Ümumqoşun Ordusunun komandan heyətinə təyinatlar və hərbi hissələrə döyüş bayraqlarının verilməsi münasibətilə mayın 19-da keçirilən tədbirdə qeyd edildiyi kimi, Azərbaycan Ordusunu təkmilləşdirmək, ordunun döyüş və peşəkarlıq səviyyəsini artırmaq sahəsində ümummilli liderimizin başladığı iş bu gün Azərbaycan Prezidenti tərəfindən uğurla davam etdirilir. Ordumuzun döyüş qabiliyyəti yüksəldilir, maddi-texniki bazası möhkəmləndirilir, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Naxçıvan Muxtar Respublikası ərazisindəki hərbi hissələrin də maddi-texniki təminatı və hazırlıq səviyyəsi müasir tələblər nəzərə alınaraq gücləndirilmiş, vaxtında lazımi tədbirlər görülmüşdür.
Bir məqama da diqqət çəkmək istərdik. Mayın 19-da Naxçıvan şəhərindəki “N” hərbi hissədə Əlahiddə Ümumqoşun Ordusuna və bu ordunun yeni yaradılan hərbi hissələrinə döyüş bayraqları təqdim olunmuşdur. Bu, xüsusi məna daşıyan çox əhəmiyyətli bir hadisədir. Çünki dünyanın hərb tarixindən də məlum olduğu kimi, döyüş bayraqları o bayrağın sancıldığı məkanı, torpağı öz gücü, qüdrəti ilə qorumağa qadir olan şərəfli hərbi birliklərə təqdim olunur. Bu gün Əlahiddə Ümumqoşun Ordusu düşməni qorxuya salan məhz belə bir hərbi gücə çevrilmişdir.
Bəlkə də, bu səbəbdən Azərbaycanın bütün hərbi ekspertlərinin ümumi rəyi belədir ki, yüksək döyüş hazırlığı baxımından müasir dünya ordularından heç də geri qalmayan Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordusu muxtar respublikanın təhlükəsizliyinin qarantıdır. Bu gün erməni işğalçılarının başı üstündə asılan “Damokl qılıncı” adlandırılan Naxçıvan ordusu Ali Baş Komandanın bütün əmrlərini hər an layiqincə yerinə yetirməyə hazırdır.

Rauf ƏLİYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR