Son 18 ildə Naxçıvanda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi muxtar respublikanın hər bir guşəsində keçirilən və naxçıvanlıların vətəndaşlıq borcuna çevrilən iməciliklər nəticəsində mümkün olmuşdur. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyəti getdikcə yüksəlir. Mövcud problemlərin həlli istiqamətində görülən tədbirlərin davamlı xarakter alması, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqinin genişləndirilməsi xeyli meyvə bağlarının, yaşıllıq zolaqlarının salınması ilə nəticələnmişdir.
Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
May ayının 17-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin sakinləri tərəfindən Uzunoba Su Anbarı yaxınlığındakı 3 hektarlıq yeni salınmış meyvə bağında suvarma işləri aparılmış, Naxçıvan-Sədərək və Naxçıvan-Batabat magistral yolunun sağ və sol hissəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, park və xiyabanlarda təmizlik işləri aparılmışdır.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunun sakinləri əvvəlki iməciliklərdə olduğu kimi, budəfəki iməcilikdə də əzmkarlıq nümayiş etdirmiş, Naxçıvan-Sədərək magistral yolunun Püsyan kəndindən keçən hissəsindəki bağlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir. Şərur şəhərinin Heydər Əliyev prospektindəki parkda 5000 ədəd birillik gül şitilləri əkilmişdir.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Şəkərabad kəndində 3 hektarlıq, Hacıvar kəndində isə 4 hektarlıq bağlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, Əshabi-Kəhf ziyarətgahına gedən yolun kənarlarındakı bağlarda suvarma işləri aparılmışdır.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Naxçıvan-Ordubad magistral yolunun Dəstə kəndindən keçən hissəsində 28 hektarlıq meyvə bağında, Aza, Aşağı və Yuxarı Əylis kəndlərində yol kənarlarındakı yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, Ordubad şəhərinin park və xiyabanlarına 30 ədəd həmişəyaşıl ağac əkilmişdir.
Culfa rayonunun sakinləri Naxçıvan-Ordubad magistral yolunun kənarındakı bağlara, yaşıllıqlara aqrotexniki qulluq göstərmiş, şəhərin giriş hissəsinə 200 ədəd ardınc, Bayraq meydanına 110 ədəd həmişəyaşıl ağac və 2000 ədəd gül kolu əkilmişdir.
Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki 5 hektarlıq bağ və Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı yaşıllıqlar alaq otlarından təmizlənərək suvarılmışdır.
Şahbuzlular Naxçıvan-Şahbuz-Batabat magistral yolunun kənarlarında salınmış bağlara aqrotexniki qulluq göstərmiş, Şahbuz şəhərinin park və xiyabanlarında 200 ədəd həmişəyaşıl, 500 ədəd gül kolu əkmişlər.
Sədərək rayonunun sakinləri Heydərabad qəsəbəsində park və xiyabanlarda, Sədərək kənd 1 nömrəli tam orta məktəbin və rayon Mərkəzi Xəstəxanasının həyətində yaşıllıqlara aqrotexniki qulluq göstərmişlər.
Həmin gün muxtar respublikanın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik və abadlıq işləri aparılmışdır.
İməciliklərdə, ümumilikdə, 24 min 588 nəfər iştirak etmiş, 6 min 80 ədəd meşə, meyvə, həmişəyaşıl ağac və gül kolları əkilmişdir.
Xəbərlər şöbəsi