Mayın 18-də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Mülki Müdafiə Alayının gənc əsgərlərinin andiçmə mərasimi keçirilib. Taqımlar şəklində tribunanın önündə düzülən gənc əsgərlər əllərini üçrəngli bayrağımızın üstündəki silahın üzərinə qoyaraq Vətəni layiqincə qoruyacaqlarına, əsgəri borca şərəflə əməl edəcəklərinə and içiblər.
Mərasimi giriş sözü ilə alay komandiri, polkovnik İspəndiyar Əhmədov açıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Qara Fərzəliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, bölük komandiri, baş leytenant Röyal Quliyev çıxış edərək gənc əsgərlərə xidmətdə uğurlar arzulayıblar.
Gənc əsgərlər adından çıxış edən Şirəli Hüseynov hərbi anda sadiq qalacaqlarını, Vətənin hər qarışı üçün canlarını belə əsirgəməyəcəklərini bildirib.
Valideyn, Qarabağ müharibəsi veteranı Əsgər Həsənov övladının hərbi and içməsindən qürur hissi keçirdiyini vurğulayıb, mərasimdə iştirak edən əsgər valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib.
Sonra Naxçıvan Muxtar Respublikası fövqəladə hallar nazirinin müavini, polkovnik Hikmət Kərimov çıxış edərək bu gün and içən əsgərlərin Azərbaycanın müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün keşiyində layiqincə duracaqlarına söz verdiklərini bildirib. O, ümidvar olduğunu bildirib ki, gənc əsgərlər nümunəvi xidməti, təlim-tərbiyəsi ilə hərbi hissənin adını yüksək tutacaq, əsgəri borcunu şərəflə yerinə yetirəcək, bir xilasedici kimi baş verə biləcək fövqəladə hallar zamanı insanların xilas edilməsində əllərindən gələni əsirgəməyəcəklər. Sonra hərbi hissənin şəxsi heyəti tribuna önündən keçib.
Mərasim Azərbaycan Respublikasının Dövlət himninin oxunması ilə başa çatıb.
Xəbərlər şöbəsi