Bağçaların barı gül,
Yarı qönçə, yarı gül.
Gec açıldın, tez soldun,
Açmayaydın barı, gül.
Ay Laçın, can Laçın,
Mən sənə qurban, Laçın...
Bəli, məhz xalq mahnısında deyildiyi kimi... 1992-ci ilin yazında Laçında – Kiçik Qafqaz dağlarının bu füsunkar təbiətə malik ərazilərində açılan güllər ömrünü yaşamamış soldu, erməni vandalizmi və vəhşiliyi 18 uşağın ömrünü qönçə çağında soldurdu, 31 körpə hər iki valideynini itirərək yetim qaldı, 300 nəfərdən çox insan şəhid olaraq həyatını, 103 nəfər əlil olaraq sağlamlığını itirdi. Millət olaraq isə biz o gün əzəli türk yurdu olan Laçını – Qarabağın dağlıq hissəsinə gedən yolun üzərindəki ən strateji ünvanı itirdik. Laçın əldən verilməsəydi, Qarabağın digər bölgələrinin işğalını gerçəkləşdirən ermənilərin bu ərazilərdə qalması mümkünsüz olacaqdı. Çünki Ermənistandan Qarabağa gedən yeganə və əsas nəqliyyat dəhlizi Laçındır.
Azərbaycan Respublikasının füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var. Rayon mərkəzi olan Laçın şəhəri Bakıdan şose yolla 450 km, Xankəndi dəmir yolu stansiyasından isə 60 km məsafədə yerləşirdi. İndi isə bizimlə Laçın arasındakı məsafə kilometrlə deyil, zamanın il ölçüsü ilə ölçülür – 22 il.
Qobustan və Gəmiqayadan sonra…
Qədim türk yurdu Laçında məskunlaşmanın tarixi ən geci eramızdan əvvəl II-I minillikdən başlayır. Laçın rayonunun Mirik kəndi ərazisindəki Qaranlıq kaha, Bayqara mağaraları, Hoçaz kəndindəki mağara-məbəd bu qədim tarixin nişanələridir.
Bununla yanaşı, Qobustan və Gəmiqayadan sonra Laçın ərazisində qədim qaya təsvirləri, daş üzərində süjet xarakterli oymalar aşkara çıxarılmışdır. Bütün bunlar isə, təbii ki, protoazərbaycanlıların qədim mədəni inkişafının müxtəlif bölgələrimizdə meydana çıxan ortaq təzahürləridir.
Rayon ərazisindəki IX əsrə aid Ağoğlan qəsri, XI əsrə aid Dəmrovlu Pir Məbədi, XII əsrin abidəsi olan Malik-Əjdər türbəsi, XV əsrin yadigarı Uşaq qalası, XVII əsrin nişanələrini saxlayan Kar günbəz, orta əsrlərin yadigarları olan birtağlı və ikitağlı körpülər, su dəyirmanları və sair kimi tarixi abidələr öz memarlıq üslubu ilə qədim dövrlərdən ərazidə türk tayfalarının məskən saldığını təsdiqləyir. Ümumilikdə, işğala qədərki dövrdə Laçın rayonunda 54 dünya və 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr var idi.
Çar Rusiyası dövründən başlayaraq 1930-cu ildə müstəqil inzibati rayon kimi təşkil olunana qədər Qarabağ xanlığı və Zəngəzur qəzasına daxil olmuş bu ərazinin ilk adı türk “Abdal” tayfasının adından götürülmüşdür. 1924-cü ilə qədər indiki Laçın rayonu məhz “Abdallar” adlanmışdır. Bu ad “Ağ hun” tayfasının adını əks etdirir. Əsasında “Abdal” tayfasının adı olan etnotoponimlərə başqırdlarda, qaraqalpaqlarda, qazaxlarda və türkmənlərdə rast gəlinir. Hələ VI əsrdə suriyalı tarixçi Zaxari Ritor Şimali Qafqazda Hun əyalətində yaşayan müxtəlif tayfalar arasında türkdilli “Abdal” tayfasının da adını çəkmiş, alban tarixçisi Musa Kalankatlı Albaniyada yaşayan “Abdal” tayfasının adını qeyd etmişdir.
Qeyd edək ki, “Abdal” adına ölkəmizin digər əraziləri ilə yanaşı, Ordubad rayonu ərazisində də rast gəlinir.
Əvvəllər “Abdallar” adlanan, 1924-cü ildən isə şəhər statusu alan Laçın şəhəri 1930-cu ildən rayon mərkəzinə çevrilmişdir. Şəhərin adı görkəmli Azərbaycan yazıçısı Tağı Şahbazi Simurq tərəfindən yaxınlıqdakı dağın adına uyğun olaraq Laçın adlandırılmışdır. “Laçın” sözü “məğrurluq” mənasını bildirir.
1828-ci il Rusiya-İran müharibəsindən sonra Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanılmışdır. O zaman bu torpaqlara səfil, ac-yalavac gələn ermənilər 1905-1907 və 1918-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində türk-müsəlman əhaliyə qarşı qanlı qırğınlar törətmiş və nəticədə, təxminən, yarım milyon müsəlman həlak olmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra da Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlar davam edir. Erməni komandanı Andranik nə yolla olursa-olsun, öz silahlı qüvvələri ilə bərabər Gorus, Laçın, Şuşa istiqamətindən Qarabağa daxil olmaq, oranın erməni əhalisini Azərbaycan hökumətinə qarşı qaldırmaq, təxribatlar törətmək və bölgədə itaətsizlik yaratmaq istəyirdi. Bu məqsədlə Andranik bir neçə minlik ordu ilə Zabux kəndini keçərək Laçın istiqamətində irəliləmişdir. Bu məsələdən əvvəlcədən xəbər tutan bölgənin nüfuz sahiblərindən biri, Qarabağın general qubernatoru Xosrov bəy Sultanovun qardaşı Sultan bəy Sultanov öz dəstəsi ilə Laçın-Zabux yolundakı bir dərədə Andranikin qoşununu mühasirəyə salmışdır. Burada bir gündən çox qanlı döyüşlər getmişdir. Bu döyüşlər zamanı Andranik, demək olar ki, bütün qüvvəsini itirərək bir neçə nəfərlə güclə qaçmağa imkan tapmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti ölkənin ərazi bütövlüyünü təmin etmək üçün Zəngəzura qoşun hissələri göndərir. Aparılan döyüşlərdə Sultan bəy Sultanovun rəhbərliyi ilə Laçın silahlı dəstələri də iştirak edir. Döyüşlər Azərbaycan qoşun hissələrinin uğuru ilə başlayır. Lakin tezliklə bölgə qızıl ordu hissələri tərəfindən işğal olunur.
1920-ci il noyabrın 30-da keçirilən Azərbaycan KP MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölünür. Nəticədə, Zəngəzur qəzasının 6 min 742 kvadrat verstlik ərazisindən 3 min 105 kvadrat versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qalır, 3 min 637 kvadrat verstlik hissəsi isə Ermənistana verilir.
Hələ sovetlər dönəmində Azərbaycana rəhbərlik etdiyi zaman ermənilərin Qarabağ ərazilərinə əsassız iddialarını bilən, bu əzəli Azərbaycan torpaqlarının inkişafına və tərəqqisinə çalışan ulu öndər Heydər Əliyev Laçın haqqında 1971-ci ildə dağ rayonlarının iqtisadiyyatını yüksəltmək üçün qərar qəbul etmiş, qısa zaman kəsiyində Laçının sürətli inkişafına nail olunmuşdu. İstər iqtisadi cəhətdən, istərsə də abadlıq-quruculuq sahəsində dağ rayonları sırasında o zaman Laçın birinci yerdə dururdu.
İşğal
1992-ci il mayın 8-də Şuşa şəhəri ermənilər tərəfindən işğal olunduqdan sonra Laçın ətrafında yerləşən yaşayış məntəqələrini işğal edən erməni silahlı qüvvələri intensiv olaraq ağır artilleriya silahlarından rayon mərkəzini atəşə tutmağa başlamışlar.
1992-ci il may ayının 18-də Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən erməni ordusu Laçını işğal etmişdir. Rayonun işğalını reallaşdıran düşmən qüvvələrinin böyük hissəsi Laçın dəhlizi vasitəsilə əraziyə daxil olmuşdur.
Həmin dövrdə Laçından və ətraf rayonlardan çıxarılan silahlı qüvvələrin əksəriyyəti Bakıda baş verən siyasi qarşıdurmalara cəlb olunurdu. Yəni paytaxtda mövcud olan silahlı aksiyalara qoşulan ordu cəbhə bölgələrindəki mövqelərimizi nəzarətsiz qoymuşdu. Nəticədə, ardıcıl işğal edilən rayonlarımızın sırasına Laçın da daxil olmuşdu.
İşğala qədər rayonda bir şəhər, bir qəsəbə, 125 kənd mövcud olmuş, 48 sənaye, 63 kənd təsərrüfatı, 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 96 məişət, 30 rabitə, 2 avtonəqliyyat və müxtəliftəyinatlı istehsal müəssisələri fəaliyyət göstərmişdir. Erməni işğalı nəticəsində 13 min 745 yaşayış evi qarət edilərək yandırılmış, rayon ərazisindəki 54 dünya, 200-dən çox yerli əhəmiyyətli qədim tarixi abidələr erməni vandalizminə məruz qalmış, ictimai və şəxsi təsərrüfatlarda olan 25 min başdan çox iri və 200 min başdan çox xırdabuynuzlu heyvan qarət olunmuşdur. Ümumilikdə, işğal nəticəsində Laçın rayonuna 7,1 milyard ABŞ dollarından çox ziyan dəymiş, 58 min 736 nəfər laçınlı öz doğma torpağından didərgin salınaraq məcburi köçkün kimi respublikanın 58 şəhər və rayonunda məskunlaşmışdır.
Bütün körpülər, bütün yollar
Laçına aparmalıdır…
İndi isə laçınlıların sayı 73,3 min nəfərdir. Onlar Ağcabədi rayonu ərazisindəki Taxta körpü qışlaqlarındakı 84 obaya məcburi köçkün kimi düşmüşdülər. 2011-ci ildə Taxta körpüdə məskunlaşmış 552 məcburi köçkün ailəsi üçün yeni yaşayış qəsəbəsi salınmış, Taxta körpü ərazisinə 21 kilometr uzunluğunda təbii qaz xəttinin çəkilişi başa çatdırılmış, 4 kilometrlik içməli su xətlərində təmir-bərpa işləri aparılmış, köhnə borular yeniləri ilə əvəzlənmişdir. Alxaslı və Qarakeşiş obalarında modultipli sutəmizləyici qurğular quraşdırılmışdır. Taxta körpü-Mais və Taxta körpü-Alxaslı avtomobil yolunda təmir işləri aparılmış, 7,9 min kvadratmetr yol asfaltlanmışdır. Lakin, təbii ki, hər bir laçınlının ən ümdə arzusu doğma el-obalarına, od-ocaqlarına qayıtmaqdır.
Artıq 22 ildir ki, işğalçı erməni dövləti beynəlxalq hüquq normalarına, zəbt olunan Azərbaycan torpaqlarından Ermənistan qoşunlarının qeyd-şərtsiz çıxarılmasına dair BMT-nin qətnamələrinə məhəl qoymayaraq Laçında qanunsuz məskunlaşma aparır. Bütün Azərbaycan xalqı kimi, laçınlılar da inanırlar ki, münaqişənin həlli ilə bağlı ölkə rəhbərliyinin yeritdiyi məqsədyönlü siyasət öz bəhrəsini verəcək, onlar doğma yurdlarına qayıdacaqlar. 22 ildir, məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq, qürurlarını hər zaman qoruyub-saxlayan laçınlılar inanırlar ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, işğal altındakı bütün ərazilərimiz düşmən tapdağından azad ediləcək. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin sözləri ilə ifadə etsək: “Laçınlılar bütün dövrlərdə Azərbaycana, Azərbaycançılıq fəlsəfəsinə sadiq olmuşlar. Bu gün də bu, belədir. Laçının işğal altına düşməsi təkcə laçınlıların deyil, bizim hamımızın böyük faciəsidir. Çünki Laçının gözəl abidələri indi dağıdılıbdır. Bizim dini abidələrimiz dağıdılıbdır. Muzey eksponatlarımız talan edilibdir, evlər dağıdılıbdır. Laçınlıların evlərində indi düşmənlər yaşayır. Bu da bir dərddir. Evin sökülməsi dərddir, amma evdə düşmənin yaşaması ondan da böyük dərddir. Çünki bilirsiniz ki, Laçın rayonunun mərkəzində sizin evlərinizdə indi düşmənlər yaşayır. Yəni bu vəziyyətlə barışmaq mümkün deyil və biz bu vəziyyətlə barışmayacağıq”.
Elnur KƏLBİZADƏ