Kəngərli rayonunun Qıvraq Qəsəbə Mərkəzində rayon prokurorluğunun təşkilatçılığı ilə keçirilən maarifləndirici tədbirdə Kəngərli rayon prokuroru, baş ədliyyə müşaviri Müşfiq Həsənovun, rayon prokurorunun köməkçisi, I dərəcəli hüquqşünas Səttar Əsgərovun çıxışları olub. Çıxışlarda təbii qazın, elektrik və istilik enerjisinin talanması zamanı inzibati və cinayət məsuliyyətinin əsasları, yol hərəkəti təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına görə məsuliyyət barədə söhbət açılıb.
Qeyd edilib ki, son illər muxtar respublikada həyata keçirilmiş uğurlu tədbirlər nəticəsində yanacaq-enerji kompleksinin müasir tələblərə uyğun inkişafının əsas istiqamətləri müəyyənləşdirilib, kompleksə daxil olan sənaye sahələrinin fəaliyyətinin səmərəliliyinin artırılması üçün müvafiq elmi-texniki və təşkilati işlər görülüb, enerji resurslarının istehsalı, emalı, nəqli, saxlanılması, uçotu və istehlakı üzrə mütərəqqi texnoloji tədbirlər həyata keçirilib. Həyata keçirilən tədbirlərin, bu sahəyə göstərilən dövlət qayğısının müqabilində vətəndaşlar da işə vicdanla yanaşmalı, elektrik və istilik enerjisinin talanmasına yol verməməlidirlər.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
Səbuhi HÜSEYNOV