23 Dekabr 2024, Bazar ertəsi

Bir dəfə Azərbaycan regionlarından olan Naxçıvana səfər etməyi qərara aldım. Onun yerləşdiyi qapalı ərazi məni maraqlandırırdı. Ölkənin bu region ilə tək əlaqə vasitəsi hava nəqliyyatıdır. Azərbaycanın bu bölgəsi 3 dövlətlə – Araz çayı ilə İranla, Zəngəzur dağları ilə Ermənistanla və 12 kilometrdən az məsafədə Türkiyə ilə həmsərhəddir.
Elektron poçt vasitəsi ilə orda fəaliyyət göstərən bir turist ofisi ilə əlaqə yaratdım, mehmanxana, nəqliyyat və gəzinti qiymətləri barədə məlumat əldə etdim.

Aşqabat-Mary (Türkmənistan) uçuşunda olduğu kimi, buranın da yerli xətləri qəribə və sadə idi. Buradakı sərnişinlər beynəlxalq xətlərlə uçan sərnişinlərlə heç də eyni deyildir. Qafqazda və Mərkəzi Asiyada hamı yerli hava nəqliyyatından istifadə edir. Avropada belə deyil, adətən, yerli xətlərdən zəngin insanlar, iş adamları tez-tez istifadə edirlər, digər insanlar isə avtonəqliyyatdan və qatardan istifadə edirlər. Bura isə qatar nəqliyyatı ilə səyahət mövcud deyil. Hazırkı nəqliyyat vasitəsi təyyarədir. Bizimlə bərabər evlərinə qayıdan çoxlu ailələr və hətta yerli turistlər də bayramı keçirmək üçün Naxçıvana gəlirdilər və biz həmin turistlərin bəziləri ilə oteldə və bazar günü Naxçıvandan qayıdarkən təyyarədə rastlaşacaqdıq.

“Novruz” inzibati idarələr, banklar, məktəblər və sair üçün istirahət həftəsidir. Uçuş 1 saat idi və bu qısa müddətdə Azərbaycan, İran, yoxsa Ermənistan ərazisi olduğunu bilmədən üzərindən keçdiyimiz dağlara heyran qalmışdıq.
Hava tutqun və buludlu idi, lakin soyuq deyildi və günortadan sonra Günəş çıxdı və bütün həftəsonu hava əla keçdi. Biz Naxçıvandayıq. Ərazi yüksək dağlar və yarımsəhradan ibarətdir. Region yüksəkliyi 2500-4000 metrə çatan zirvəsi qarlı dağlarla əhatələnib.
3 gün bizə bələdçilik və sürücülük edəcək olan Həsən bizi hava limanının qarşısında gözləyirdi. O, ingilis dilində çox yaxşı danışa bilir, təqribən, 25 yaşında gənc biridir. O, bizi müşayiət etdiyi müddətdə maşını ehtiyatla sürür, bizimlə çox incə rəftar edir, şəkil çəkdirmək üçün arzu etdiyimiz yerdə maşını saxlayır, həmçinin səfər proqramımızın tərtibində bizə kömək edirdi. Öz maraqlı söhbətləri və yumorları ilə çox maraqlı biri idi.
Biz çamadanlarımızı oteldəki lüks, sakit bir otağa yerləşdirdik. Çox-çox rahat idi, açığı, otelin bu səviyyədə olmasını gözləmirdik; 3 ayrı-ayrı çarpayılı olan yataq otağı, bir oturma otağı, bir hamamı olan “Təbriz” otelindəki bu yer bizi çox xoşbəxt etdi. Sizə də məsləhət görürəm.
Səfərimiz Naxçıvan şəhərindəki tarixi abidələrdən başladı: Yusif Küseyiroğlu türbəsi (1162) – ucumiz bu abidə tamamilə kərpicdəndir.
Xan sarayı (1787) tamamilə yenilənib.
Sonra çox gözəl bir məscid “Cümə” məscidi idi ki, orada Adelin və Nataliyə şiələrin inandığı müqəddəs torpaqlar sayılan Nəcəf və Kərbəla torpaqlarından hazırlanmış möhür verdilər.
Sonra biz yerli məhsullar yarmarkasına baş çəkdik. İnsanlar tətildə olduqlarına görə gözəl geyinərək açıq səma altında olan muzeyin və Naxçıvanın rəmzi olan Möminə xatın türbəsinin (1186) ətrafında gəzişərək şəkil çəkdirirdilər. Möminə xatın türbəsi Parisdəki Eyfel qülləsi, İstanbuldakı müqəddəs Sofiya məbədi və Bakıdakı Qız qalası kimi yerləşdiyi ərazinin simvolu hesab olunur.
Nəhayət, yenilənməkdə olan şəhər qalasını ziyarət etdik. Qalanın yanında Nuh Peyğəmbərin şərəfinə tikilmiş Nuh məqbərəsi yerləşir. “Naxçıvan” sözünün mənşəyi “Nuh-Cahan” sözündəndir.
Biz Ağrı dağını görmək məqsədilə Türkiyə sərhədinə getmək üçün şəhəri tərk etdik, bu dağ bizə sanki çox yaxın idi, onu görməyi qaçıra bilməzdim.
Sonra biz Qarabağlar kəndində yerləşən, şübhəsiz, Azərbaycan mənşəli olan Cahan Qudi xatın abidəsini (1319-1335) ziyarət etdik və hər bir halda bu abidə öz rəngarəngliyi ilə mənə çox cazibədar gəldi. Bu abidə mənə cod və mavirəngli keramik kərpicləri ilə Özbəkistandakı, yarım sütunlarla tikilmiş forması isə Türkmənistandakı Mərv abidəsini xatırlatdı. Çox minimal olaraq təmir olunan bu abidə kəndin tam ortasındadır: çox orijinal nümunədir.
Günün sonunda Həsən bizi Duzdağ mağarasına apardı. Bu qədim mağara ağciyər çatışmazlıqları olanlar üçün müalicə və müayinə mərkəzidir. Xəstə insanlar bura gəlir, bir neçə gecə burda yatıb nəfəs alırlar, sağaldıqdan sonra isə gedirlər. Biz bu heyrətləndirici yerdə girişdən müalicə otaqlarına qədər 500 metr uzunluqda olan dəhlizdə yeridik.
Sonra qaldığımız otelin tam qarşısında yerləşən, sonradan çay evinə çevrilmiş qızılı rəngli qübbəli, qədim “Şərq hamamı”nı ziyarət etmək üçün Naxçıvan şəhərinə qayıtdıq. Bura çox gözəl idi, lakin çay içmək üçün səkidə Günəşin altında olmağı üstün tutduq.
Şənbə günü biz İran sərhədi istiqamətində Ordubada yola düşdük. Yol isə Azərbaycanda heç vaxt görmədiyimiz formada – super idi, tamamilə yenilənmişdi. Sürücülər Bakıdan fərqli olaraq, çox az idi və ümumiyyətlə, ehtiyatlı idilər, bu isə bizi çox heyrətləndirirdi. Hər tərəfdə ərik ağacları çiçəkləmişdi və hava çox mülayim idi.
Ordubadda məscidin qarşısında məhəllə sakinləri musiqi sədaları altında rəqs edir, güləş tuturdular. İki personaj Novruzu səciyyələndirirdi: qırmızı ucumiz papağı ilə “Kosa” və başı tüksüz “Keçəl” rəqs edirdilər. Biz “Qeysəriyyə”yə heyran qaldıq, şəhər çox xoşumuza gəldi və razılaşdıq ki, bura Şəki şəhəri ilə birlikdə Azərbaycanın incisidir.
Biz əvvəllər bura səfər etmiş ingilis bələdçisi Mark Elliotta görə, çox mükəmməl görüntüsü olan Əlincə qalasına getmək üçün yola düşdük. Lakin bələdçi oğlan mənə dedi ki, ora qalxmaq üçün 2 saat vaxt lazımdır. Biz ora qalxmaq üçün özümüzlə idman ayaqqabısı da götürmüşdük. Həsən və mən yarıda dayandıq, çünki ayaqqabım sürüşürdü və mən belə bir gəzintiyə öyrəşməmişdim. Adelin isə lap yuxarıya qədər qalxdı. Onu gözləyərkən biz Nataliyə qoşulduq və mavi səmada qartalın uçmasına baxmaqdan həzz aldıq.
Naxçıvana qayıdarkən Həsən bizə Əshabi-Kəhfi ziyarət etməyi təklif etdi. Bura “Qurani-Kərim”in 18-ci surəsində deyildiyi kimi, müqəddəs bir yerdir. Bakının 100 kilometrliyində olan “Beşbarmaq” adlanan yer kimi burdakı mağaraların da ağzı açıqdır.
Bazar günü səhər otağımızı boşaltdıq, həmin yeməkxanada səhər yeməyi yedikdən sonra Batabata yola düşdük. Natali üzən adanı görmək istəyirdi. Mənzərə çox əla idi. Yüksəkliyə qalxdıq. Orada qar var idi, lakin Günəş parlayırdı, səma açıq idi. Səs-küydən uzaq sehrli bir yer idi. Göl buz tutduğuna görə üzən ada da donmuşdu. Biz Ermənistanın bir neçə kilometrliyində idik. Dünyanın bu ucundan, mənzərəsindən, ayı pəncəsinin izlərindən məst olmuşduq. Quşlar yazda olduğu kimi cəh-cəh vururdu, hava yumşaq idi, lakin geri qayıtmalı idik, çünki təyyarəmizin vaxtına az qalmışdı: 1600.
Heydər Əliyev Muzeyi açıq idi. Natali və mən Adelini siyasi və sosiolojik ziyarətində müşayiət etdik. Heydər Əliyev ölkənin lideri olub və burda doğulub.
1921-ci ildən və birinci respublikadan bəri hətta sovet dövründə də bu region Azərbaycana bağlı olub, lakin kommunist ölkələrin təcridetmə siyasəti nəticəsində İran və Türkiyə sərhədləri bağlanmış, bu region dünyadan ayrı düşmüşdür. Ermənistanla müharibənin başlanmasından sonra heç bir ölkə ilə açıq sərhədi olmayan bu bölgə Azərbaycanın o vaxtkı Prezidenti olan Heydər Əliyevin sayəsində 90-cı illərdə blokadadan azad oldu, Türkiyə və İranla sərhədlər açıldı. Həsən bizə bu regionda yaşayan insanların çətin həyat dövrü keçirdiklərindən danışdı. Belə ki, həmin vaxtlarda Naxçıvanda nə yemək, nə elektrik, nə də maye qaz olub. Bu muzey isə Heydər Əliyevin şərəfinədir.
Biz qədimdə “Buzxana” olan, hazırda yeməkxana kimi fəaliyyət göstərən çox möhtəşəm bir yerdə ərik ağacları və Günəşin altında yemək yedik. Biz Həsəndən soruşduq ki, bir sehrbaz bizim arzularımızı başqa cür necə yerinə yetirə bilər? Mən plov yedim, Adelin Naxçıvan pivəsini, Natali isə öz kofesini içdi.

Biz geri dönmək üçün hava limanına yola düşdük. Mən Azərbaycanın “İsveçrəsi” olan bu regionda keçirdiyim həftəsonunu çox yüksək qiymətləndirdim. Hər tərəf – binalar, kəndlər, küçələr, yollar və sair gözəl və təmiz idi. Almaniya Federativ Respublikasında Berlin şəhərində olduğu kimi. Bu regionu blokadadan çıxarmaq və bütün sahələri inkişaf etdirmək üçün maliyyə vəsaiti ayrılıb. Hava çox gözəl və isti idi. Nəfəsdolusu hava aldıq. İndi artıq Bakıda mən Naxçıvanın qazlı suyu “Sirab” və ya “Badamlı” içirəm və bu, məndə xatirələr oyadır.

Myriam Labrousse-Mansour
Fransa Respublikasının
Azərbaycandakı Səfirliyinin əməkdaşı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR