Azərbaycan Respublikasının Özbəkistandakı Səfirliyi tərəfindən Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi münasibətilə məqalə hazırlanmışdır. Məqalə azculture.uz saytında yerləşdirilmiş, özbək dilinə tərcümə olunaraq darakchi.uz və sharh.uz saytlarında ixtisarla verilmişdir. Həmçinin məqalənin Özbəkistanın nüfuzlu mətbuat orqanı olan “Darakçi” jurnalının növbəti sayında nəşr olunması nəzərdə tutulmuşdur. Həmin məqalənin tərcüməsini qəzetimizin bugünkü nömrəsində oxuculara təqdim edirik.
Bu günlərdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyi geniş qeyd olunur və bu münasibətlə müxtəlif yubiley tədbirləri keçirilir. Son dövrlərdə müasir informasiya və istehsal texnologiyalarının hərtərəfli tətbiqi nəticəsində infrastrukturun inkişafı, həmçinin iqtisadi, sosial və mədəni sahələrdə əldə olunan nailiyyətlər sayəsində bu qədim diyar Azərbaycanın gözəl və inkişaf etmiş regionuna çevrilmişdir.
1924-cü ildə Azərbaycanın tərkib hissəsi kimi yaradılmış Naxçıvan Muxtar Respublikası 90 il ərzində böyük yol keçmişdir. Bu diyarın iqtisadi və mədəni inkişafı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin rəhbərliyi dövründə – ötən əsrin 70-ci illərindən başlamışdır. Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın ən böyük aqrar-sənaye bazası olmuş, yeni istehsal müəssisələri inşa olunmuş, həmçinin təhsil və mədəni obyektlərin inşası genişlənmişdi. Enerji, sənaye və kənd təsərrüfatı məhsullarının istehsal olunduğu muxtar respublika bu gün də ölkənin iqtisadi həyatında fəal iştirak edir. Turizm, səhiyyə və təhsil sahəsində böyük uğurlar əldə olunmuşdur. Hazırda Naxçıvan Muxtar Respublikası inkişaf etmiş infrastrukturu ilə Azərbaycan Respublikasının güclü sənaye mərkəzidir. Bütün bunlar ümummilli lider Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir.
Naxçıvan tanınmış siyasətçilərin, sərkərdələrin, elm və mədəniyyət xadimlərinin vətənidir. Müstəqil Azərbaycan Respublikasının memarı, zəmanəmizin görkəmli dövlət xadimi, dünya miqyasında tanınmış siyasətçi Heydər Əliyevin uşaqlıq və gənclik illəri Naxçıvanda keçmişdir. Bu diyarın yetirmələri arasında neçə-neçə sərkərdələr, elm və mədəniyyət xadimləri, tanınmış şair və yazıçılar, istedadlı aktyor və rejissorlar vardır. Bu torpaq məşhur yazıçı və publisist Cəlil Məmmədquluzadənin, tanınmış şair Əliqulu Qəmküsarın, dahi dramaturq və filosof Hüseyn Cavidin, tənqidçi alim Əziz Şərifin, yazıçı Cəmşid Əmirovun, realist rəssam Bəhruz Kəngərlinin, heykəltəraş Akif Əsgərovun, istedadlı aktyor və rejissorlardan İbrahim Həmzəyevin, Rza Təhmasibin, Zəroş Həmzəyevanın və bir çox başqalarının vətənidir.
Naxçıvan diyarının tarixi çox qədimdir. Buranın tarixi minilliklərlə ölçülür. Bu diyar əsrlərlə biri-birini əvəzləyən qədim sivilizasiyanın beşiyidir. Əfsanələrə görə, Yer üzünü su basarkən Nuh Peyğəmbər məhz Naxçıvanda dayanmışdır. Naxçıvan toponiminin də Nuh Peyğəmbərlə bağlı olduğu deyilir. Naxçıvan – Nuh və çıxan sözlərinin birləşməsindən yaranmış bir toponimdir. Bu torpaq bütün canlıları xilas edən və bəşəriyyətin nicat tapdığı diyardır. Azərbaycan xalqının folklorunda bu hadisə ilə bağlı xeyli əfsanələr vardır. Maraqlıdır ki, Naxçıvanda Nuh Peyğəmbərin adı ilə bağlı çoxlu tarixi yerlər – Nuh Peyğəmbərin türbəsi və sair belə yerlər bu gün xalq tərəfindən ziyarətgah kimi qəbul olunmuşdur.
Əsrlərdən bəri Naxçıvan qədim türk millətinin mənəvi mərkəzlərindən biri olmuşdur. Arxeoloji qazıntılar sübut edir ki, hələ bizim eradan əvvəl əcdadlarımızın məskunlaşdığı bu yerlər qədim sivilizasiyanın formalaşdığı ərazilər olmuşdur. Naxçıvan qədim türk etnik elementlərinin yarandığı bir məkan kimi bu abidələrin günümüzə qədər qorunub saxlanmasında müstəsna xidmətlər göstərmişdir. Bu diyarda aparılan arxeoloji qazıntılar sübut edir ki, türk etnik faktorları qonşu tayfaların məişət və dəyərlərinin formalaşmasına da ciddi təsir göstərmişdir. Naxçıvanda aşkarlanan və tarixi-incəsənət baxımından misilsiz dəyərə malik olan arxeoloji tapıntılar təkcə Azərbaycandakı muzeylərdə deyil, dünyanın bir sıra muzeylərində saxlanılır.
Naxçıvan Azərbaycan dövlətçiliyinin formalaşdığı əsas regionlardan biridir. Artıq ilk orta əsrlərdə burada güclü Azərbaycan dövlətinin özəyini təşkil edəcək dövlətçilik ənənələri formalaşmışdır. XI əsrdə Naxçıvan Səlcuqların paytaxtı olmuşdur. XII əsrdə isə Naxçıvan Atabəylər dövlətinin mərkəzi olmuşdur. Bu, güclü ordu quruculuğu olan və bütün Şərq dövlətlərinə siyasi təsir etmək qabiliyyətli bir dövlət olmuşdur.
Naxçıvan həmçinin incəsənət növlərinin təşəkkül tapdığı və formalaşdığı bir regiondur. Sənətkarlığın müxtəlif növləri, təsviri incəsənət, şəhərsalma ilə yanaşı, bu regionda təkmilləşmiş tikinti texnikası bütün Şərqdə məşhur olmuşdu. Naxçıvanda yaranmış memarlıq məktəbi tədricən Yaxın və Orta Şərq ölkələrində aparıcı məktəbə çevrilmişdir. Naxçıvan memarlıq məktəbinin çiçəklənmə dövrü XII əsrdə olmuş və həmin dövrdə Azərbaycan tarixi abidələrinin bir çoxu inşa edilmişdi. Elə həmin dövrdə konstruksiya və bədii formaların məşhur inşaatçısı Əcəmi Naxçıvani orta əsrlər memarlıq məktəbinin görkəmli nümayəndəsi kimi bütün dünyada məşhurlaşmışdı. Naxçıvandakı məşhur Yusif Küseyiroğlu (1162) və Möminə xatın (1186) türbələri Əcəmi Naxçıvani tərəfindən inşa olunmuşdur. Bu abidələrdə tətbiq olunan orijinal tikinti konstruksiyaları sonradan digər ölkələrdə də tətbiq olunmuşdur. Maraqlıdır ki, Möminə xatın türbəsinin minarəsinin tikintisində tətbiq olunan tikinti üslubundan sonradan Avropa memarlığında, xüsusilə məbədlərin tikintisində istifadə olunmuşdur. Bütün bunlar Naxçıvan memarlıq məktəbinin dünya tikinti mədəniyyətinə bəxş etdiyi töhfələrin bariz nümunəsidir. Naxçıvan memarlıq abidələri təkcə həmin dövrdə qabaqcıl tikinti texnologiyasının tətbiqi ilə deyil, eyni zamanda Şərq ölkələrinə məxsus dekorativ rəng üslubu ilə səciyyəvidir. Məlumdur ki, Naxçıvan memarlıq məktəbinin əsas tikinti materialı bişmiş kərpicdən ibarət olmuşdur. Müxtəlif kərpic formalarından istifadə etməklə naxçıvanlı arxitektorlar binanın fasadında möcüzələr yaratmağa müvəffəq olmuşlar. Bununla yanaşı, digər təbii tikinti materiallarından istifadə etməklə müxtəlif rənglərin maraqlı kompozisiyalarının bəzədiyi Naxçıvan memarlıq abidələri ilə Orta Asiya abidələri arasında oxşarlıq mövcuddur. Hər iki regionun mədəni və saray tikililəri konstruksiya və tətbiqi sənət baxımından xeyli oxşar xüsusiyyətlərə malikdirlər. Ağ və mavi rənglərlə bəzədilmiş sütunlarda təsvir olunan ornamentlər və fiqurlar Naxçıvan və Özbəkistan memarlığının xarakterik xüsusiyyətləridir.
Naxçıvan torpağı lap qədimlərdən Azərbaycan mədəniyyətinin formalaşdığı məkan olmuşdur. Burada memarlıq və xalçaçılıq məktəbi, miniatür işləmələr, bədii yaradıcılıq və dekorativ tətbiqi sənət növləri təşəkkül tapmış və inkişaf etmişdir. Burada istehsal olunan ipək parçalar, məişət əşyaları, həmçinin yerli sənətkarların zərgərlik nümunələri tacirlər və yerli əhali tərəfindən həmişə maraqla qarşılanmışdı. Xalqın dərin yaddaşına əsaslanan və nəsildən nəslə ötürülən sənətkarlıq ənənələri müasir dövrümüzə qədər gəlib çatmışdır. Əsrlərlə formalaşan ənənələr bu gün babaların mirasını şərəflə qoruyan gənc nəsil tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının milli-mənəvi dəyərlərə əsaslanan humanitar-mədəni siyasəti Naxçıvanda davamlı və məqsədyönlü şəkildə həyata keçirilir.
XIX əsrin birinci yarısında Cənubi Qafqazın Rusiya imperiyasına birləşdirilməsindən sonra Naxçıvan öz əhəmiyyətini itirməmişdir. Əksinə, Naxçıvan milli şüurun, maarif və mədəniyyətin formalaşdığı ocaq olmuşdur. Milli maarif hərəkatı burada XIX əsrin sonu, XX əsrin əvvəllərində daha sürəkli vüsət almışdır. Bu dövr milli ruhun oyandığı, mədəniyyətin çiçəkləndiyi dövr kimi xarakterizə olunur. Həmin dövrdə yalnız Azərbaycanda deyil, bütün Qafqaz miqyasında gedən ictimai-siyasi proseslərdə Naxçıvan ziyalılarının aparıcı rolu yaxşı məlumdur. Naxçıvanın tanınmış yazıçıları, publisistləri və mədəniyyət xadimləri maarifçilik ideyalarına əsaslanan milli-demokratik hərəkatın əsasını qoymuşdular.
Azərbaycanın mədəni tərəqqisində naxçıvanlı ziyalılar daim ön sırada olmuşdular. Qeyd etmək lazımdır ki, Azərbaycanda ilk muzey Naxçıvanda yaradılmışdır. Bu, Nehrəm kənd məktəbində müəllim işləyən, tanınmış ədib Cəlil Məmmədquluzadə tərəfindən XIX əsrin sonunda yaradılmış muzey olmuşdur. Bu gün həmin muzey fəaliyyətini davam etdirir.
Naxçıvan teatrı zəngin ənənələri ilə məşhurdur. Gənclik illərində C.Məmmədquluzadə və dövrünün digər tanınmış mədəniyyət xadimləri bu teatrla əməkdaşlıq etmişlər. Azərbaycan mədəni həyatında özünəməxsus rol oynayan Naxçıvan teatrı yarandığı gündən milli demokratik və realistik tendensiyaya əsaslanaraq dini fanatizmə, savadsızlığa qarşı yorulmaz mübarizə aparmış və xalqın ehtiyac və tələbatını səhnələşdirmişdir.
Naxçıvan rəssamlarının ölkənin təsviri incəsənət xəzinəsinə töhfələri əvəzsizdir. XIX əsrin sonu, XX əsrin əvvəllərində yaşamış naxçıvanlı rəssam Bəhruz Kəngərli rəssamlıq təhsili almış ilk azərbaycanlı rəssam olmuşdur. Azərbaycan mədəni irsinin zənginləşməsində Naxçıvan rəssamlarından Əyyub Hüseynovun, Məmməd Qasımovun, Hüseyn Əliyevin, Akif Əsgərovun xidmətləri əvəzsizdir.
Fəxrlə deyə bilərik ki, bugünkü Naxçıvanımız iqtisadi və elmi-mədəni potensialı ilə Azərbaycanın dinamik inkişaf edən gözəl regionlarından biridir. Muxtar respublikanın paytaxtı Naxçıvan şəhəri gündən-günə gözəlləşir və inkişaf edir. Son illər ərzində şəhərdə xeyli sayda yeni yaşayış, ictimai və inzibati binalar inşa olunmuşdur. Şəhər nəzərəçarpacaq dərəcədə hüdudlarını genişləndirmişdir. Burada Heydər Əliyev Sarayı, Hüseyn Cavidin məqbərəsi, Naxçıvan Dövlət Universitetinin, Beynəlxalq Hava Limanının, Musiqili Dram Teatrın, Xalça Muzeyinin, Naxçıvan Biznes Mərkəzinin, xəstəxana binalarının və diaqnostika mərkəzinin, həmçinin ümumtəhsil məktəblərinin, kənd mərkəzlərinin binaları və yeni salınmış yollar göz oxşayır. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən, ölkənin iqtisadi potensialının güclənməsinə və xalqın rifah halının yaxşılaşmasına yönələn siyasi kursun Naxçıvanda davamlı həyata keçirilməsini təmin edən muxtar respublika rəhbərliyi hərtərəfli nailiyyətləri təmin etməyə nail olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun ali dövlət fəaliyyəti, yorulmaz və yaradıcı əməyi sayəsində muxtar respublikanın iqtisadi, sosial, elmi-texniki və mədəni potensialı gündən-günə artmaqdadır.
Azərbaycanın ən qədim diyarı və minilliklərin izlərini qoruyan Naxçıvanın zəngin tarixi abidələri, geniş turistik imkanları vardır. Naxçıvanın hər daşı, hər qayası canlı tarixdir. Muxtar respublikanın 1170-ə qədər tarixi abidəsindən 56-sı dünya şöhrətli abidələrdir. Bunlardan Möminə xatın, Yusif Küseyiroğlu türbələri, Qarabağlar memarlıq kompleksi, “Quran”da adıçəkilən Əshabi-Kəhf ziyarətgahı, Kültəpə və başqa abidələr turistlərin maraq və diqqətlərini cəlb edir. Naxçıvanın müalicəvi süfrə suları – “Badamlı”, “Sirab” və “Vayxır” mineral suları, Duzdağ Fizioterapiya Mərkəzi və Darıdağ müalicəxanası da bu diyarın turizm potensialını daha da zənginləşdirir. Muxtar respublikada mədəni, ekoloji, müalicəvi, ziyarət və digər turizm növlərinin inkişafı üçün zəruri şərait yaradılmışdır.
Naxçıvan zəngin təbiəti, inkişaf etmiş infrastrukturu, təhsil sistemi və iqtisadi potensialı ilə yerli və xarici investorların, iş adamlarının, tələbələrin və turistlərin diqqətini cəlb edir. Bu gün Naxçıvanda müxtəlif beynəlxalq konfranslar, yüksəksəviyyəli iqtisadi və mədəni layihələr, sammitlər və dövlət başçılarının görüşləri keçirilir. Şübhəsiz ki, gələcəkdə də Naxçıvan mövcud imkanlarını daha da genişləndirməklə dünya ictimaiyyətinin diqqət mərkəzində olacaqdır.