Bu il Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi ölkə miqyasında silsilə tədbirlərlə qeyd edilir. Qədim diyarın şərəfli tarixinə bir daha nəzər yetirilir, muxtariyyət əldə etməsinin əhəmiyyəti vurğulanır, bu məkanın dövlətçiliyimizin qurulmasında oynadığı roldan geniş söhbət açılır. Naxçıvan qədim oğuz diyarıdır. Füsunkar təbiətə malik olan bu gözəl yurdumuzda tarixi, dini, memarlıq abidələrinin, toponimlərin hamısı Azərbaycan xalqına məxsusdur. Aparılan tədqiqatlar nəticəsində bir daha təsdiq edilmişdir ki, azərbaycanlılar əsrlər boyu Naxçıvan ərazisində yaşamış, yaratmış, onu düşməndən qorumaq üçün misilsiz qəhrəmanlıq nümunələri göstərmişlər.
Dahilər yurdunun həm də qədim dövlətçilik tarixi vardır. Naxçıvan şəhəri Azərbaycan xalqının formalaşmasında, elmi-mədəni inkişafında xüsusi rol oynayan Atabəylər dövlətinin paytaxtı olmuşdur. 90 il bundan əvvəl Naxçıvana muxtariyyət statusunun verilməsi də təsadüfi deyildi. Azərbaycanın əzəli torpağı Zəngəzur Ermənistana verilmiş, beləliklə, Naxçıvan düşmən əhatəsinə salınmış, coğrafi cəhətdən Azərbaycandan ayrı qalmışdır. Düşmənlərimizin əsas məqsədi gec-tez Azərbaycanın bu qədim diyarını da zəbt edərək Ermənistana birləşdirmək idi. Lakin Azərbaycanın mərd oğulları heç vaxt buna imkan verməmişlər.
XX əsrin əvvəllərində naxçıvanlılar bütün mümkün vasitələrdən istifadə edərək düşmənin qədim diyarla bağlı xain planlarının qarşısını almışdılar. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) hökuməti Naxçıvana kömək göstərmək iqtidarında olmadığı bir vaxtda qədim yurdun vətənpərvər, igid övladları onu qorumaq üçün səfərbər olmuş, kimi silaha sarılaraq canı, qanı bahasına yurdumuzu qorumuş, kimisi də siyasi-diplomatik təcrübəsindən istifadə edərək bu məkanın üzərindən qara buludların dağılması üçün gecə-gündüz var gücü ilə çalışmışdır.
AXC rəhbərlərindən biri olan Nəsib bəy Yusifbəyli parlamentdəki çıxışında etiraf etmişdir ki, hökumət yaranmış şəraitdə Naxçıvana real yardım göstərə bilmədi: “İgid naxçıvanlılar, şərurlular... bu məsələni özləri həll etdilər. Onlar həyatlarını, ailələrinin şərəfini və var-dövlətlərini riskə qoyaraq doğma torpağa – Vətənə qovuşmaq üçün ayağa qalxıb azad oldular və bununla da, hökumətin işini asanlaşdırdılar. Haqq və ədalət tərəfdarları bu qətiyyəti, fədakarlığı və vətənpərvərliyi görəndən sonra onların qanuni hüquqlarını danmayacaqlar”.
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra da Naxçıvan çox ağır, məşəqqətli günlər yaşamışdır. Erməni qəsbkarları havadarlarına arxalanaraq muxtar respublikanı işğal etmək istəyirdilər. Həmin dövrdəki mərkəzi hakimiyyət isə Naxçıvana ögey münasibət göstərir, naxçıvanlıların taleyi ilə maraqlanmır, muxtar respublikada sabitliyi pozmaq və vəziyyəti gərginləşdirmək üçün çox çirkin planlar həyata keçirirdi.
Ümummilli lider Heydər Əliyev 1990-cı ilin iyul ayında Moskvadan Naxçıvana qayıtmışdı. Qədirbilən naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşərək erməni təcavüzkarlarına sarsıdıcı zərbələr vurmuş, onları geri çəkilməyə məcbur etmişdilər.
Həmin illərdə Naxçıvanda müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğu prosesinə böyük töhfələr verən mühüm qərarlar qəbul edilmişdir. İlk dəfə olaraq Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözləri çıxarılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi qəbul edilmiş, milli ordu quruculuğuna başlanılmış, aqrar islahatlar həyata keçirilmişdir. Bütün bunlar müstəqil dövlət quruculuğu konsepsiyasının mühüm tərkib hissələri kimi diqqəti cəlb edir.
Ümummilli liderimiz həmin illərdə muxtar respublikada baş verən prosesləri xatırlayaraq deyirdi: “1990-1993-cü illərdə Naxçıvanda keçirdiyim dövr mənim həyatımda xüsusi yer tutur. O illər biz Naxçıvanın ağır dövrünü yaşadıq və Naxçıvanı böyük təhlükələrdən, böyük faciələrdən xilas etdik. O dövr böyük sınaq dövrü oldu. İnsanların öz torpağına, Vətəninə sədaqətinin sınaqdan keçməsi dövrü oldu. Biz bu sınaqdan çox böyük şərəflə çıxdıq”.
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə ölkəmizdə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda dövlət quruculuğu prosesinə start verilmişdir. Qısa müddət ərzində respublikamızda sabitlik təmin olunmuş, siyasi-iqtisadi islahatlar aparılmış və ölkəmiz inkişaf yoluna qədəm qoymuşdur. Ümummilli lider Naxçıvan Muxtar Respublikasının inkişafına da xüsusi diqqət yetirirdi. Onun tapşırıq və tövsiyələri əsasında muxtar respublikanın iqtisadiyyatının əsas sahələrinin, o cümlədən sənayenin, tikintinin, kənd təsərrüfatının, nəqliyyat və rabitənin inkişafı istiqamətində aparılan məqsədyönlü siyasət qədim diyarımızın sürətli yüksəlişinə rəvac vermişdir.
Faktlara nəzər yetirdikdə biz bunu daha aydın görə bilərik. Belə ki, 1993-2003-cü illər ərzində muxtar respublikada sənaye məhsulunun həcmi 3 dəfə, kənd təsərrüfatında ümumi məhsul istehsalı 4 dəfə artmışdır. Bu dövr ərzində Naxçıvanda 96 təhsil müəssisəsi, 38 səhiyyə, 94 mədəniyyət obyekti, 73 inzibati bina tikilmiş və ya yenidən qurulmuşdur. Bu dövrdə əlil, məcburi köçkün, qaçqın, şəhid ailələri və təbii fəlakətdən zərər çəkmiş əhali üçün 47 fərdi ev tikilmiş, 66 körpü, 74 nasos stansiyası, 386 digər infrastruktur obyektləri istifadəyə verilmişdir.
Azərbaycan Prezidentinin təsdiq etdiyi 2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası paytaxt Naxçıvan şəhəri ilə yanaşı, rayonların və ucqar dağ kəndlərinin də inkişafına səbəb olmuşdur. Ölkə rəhbərinin diqqət və qayğısının nəticəsidir ki, 2013-cü ildə Ümumi Daxili Məhsul istehsalı 2003-cü ildəki göstəricini müqayisəli qiymətlərlə 8 dəfə üstələmişdir. Ötən il hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun həcmi 2003-cü ilə nisbətən 7 dəfə artaraq 5423 manat olmuşdur.
Naxçıvanın yüksəlişi prosesi 2013-cü ildən etibarən yeni və daha sürətli mərhələyə qədəm qoymuşdur. Belə ki, 2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun həcmi 49 dəfə artmışdır. 2003-cü ilin sonunda muxtar respublikada 66 sənaye müəssisəsi fəaliyyət göstərirdisə, 2013-cü ildə bu göstərici 7 dəfə artaraq 438-ə çatmışdır. Naxçıvanın artıq 100 milyon dollar səviyyəsində ixrac potensialı yaranmışdır ki, bu da blokada şəraitində olan muxtar respublika üçün böyük göstəricidir.
Strateji mövqedə yerləşən Naxçıvan Muxtar Respublikasının üç tərəfdən düşmən əhatəsində olması onun müdafiə qabiliyyətinin daim gücləndirilməsini zəruri edir. Ona görə də bu məsələ Azərbaycan dövlətinin əsas prioritetlərindən biridir. Fəxrlə deyə bilərik ki, bu gün muxtar respublikada yaradılan Əlahiddə Ordunun döyüş qabiliyyəti, ümumilikdə, hərbi potensialı kifayət qədər güclənmişdir.
Müasir dövrümüzdə beynəlxalq ekspertlər təhlükəsizlik anlayışları içərisində enerji təhlükəsizliyi məsələsinə daha çox diqqət yetirirlər. Bildirirlər ki, istənilən ölkə və ya region enerji təhlükəsizliyini tam təmin edə bilməyibsə, onda bir sıra problemlərlə qarşılaşması qaçılmazdır. Bu mənada blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyinə xüsusi diqqət yetirilməsinin əsas səbəbi də budur.
Dövlət başçısının diqqət və qayğısı, naxçıvanlıların əzmkarlığı sayəsində 14 illik fasilədən sonra, 2005-ci ildə muxtar respublikaya təbii qazın nəqli bərpa edilmişdir. Bu gün Naxçıvanın elə bir yaşayış məntəqəsi yoxdur ki, ora təbii qazla tam təmin edilməsin. Əgər sovetlər dövründə muxtar respublika üzrə cəmi 33 min abonent təbii qazla təmin olunurdusa, bu gün artıq həmin rəqəm 81 min təşkil edir.
2003-cü ilə qədər muxtar respublikada cəmi bir su elektrik stansiyası var idisə, indi 6 yeni elektrik stansiyası fəaliyyət göstərir. Ən önəmlisi budur ki, Naxçıvanın daxili təminatı 100 faiz bərpa olunan enerji növləri hesabına ödənilir. Bu da dünyada çox nadir hallarda müşahidə edilən bir haldır.
Hər bir ölkənin inkişafını göstərən əsas amillərdən biri də müasir infrastrukturun mövcudluğudur. Bu gün muxtar respublikada yol-nəqliyyat kompleksinin yeniləşməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks tədbirlər görülür. Son illər Naxçıvanda 725 kilometr uzunluğunda yeni avtomobil yolları salınmış, 16 körpü tikilmişdir.
Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilir. Burada əhalinin 70 faizdən çoxunun kənddə yaşaması bu amili xüsusilə gündəmə gətirir. Kənd təsərrüfatının inkişafı naminə məhsul istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilir, torpaq istifadəçilərinin suvarma suyu, gübrə, müasir texnika və avadanlıqlarla təmin olunması ciddi nəzarətdə saxlanılır.
Bütün bunların nəticəsidir ki, 2003-cü illə müqayisədə taxıl istehsalında 41 faiz, tərəvəz istehsalında 25 faiz, meyvə və giləmeyvə istehsalında 46 faiz artım əldə olunmuşdur. Tələbata uyğun olaraq, quşçuluğun və balıqçılığın inkişafı dəstəklənmiş, ötən 10 il ərzində 60 yeni quşçuluq, 11 balıqçılıq təsərrüfatı istifadəyə verilmişdir. Hazırda muxtar respublikada 106 növdə ərzaq, 226 növdə qeyri-ərzaq məhsullarına olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu da Naxçıvanda ərzaq təhlükəsizliyinin təmin olunduğunun göstəricisidir.
Digər bir məqam isə ondan ibarətdir ki, sahibkarlığın inkişafı hesabına məhsul istehsalının həcmi daha da artırılmış, Ümumi Daxili Məhsulda özəl bölmənin xüsusi çəkisi 87 faiz təşkil etmişdir. Yeni istehsal sahələrinin yaradılması hesabına məşğulluq səviyyəsi yüksəlmiş, ötən 10 il ərzində 59 min yeni iş yeri açılmışdır ki, bunun da 43 minə yaxını daimi iş yeridir. Bu isə yüzlərlə ailənin sosial rifah vəziyyətinin yaxşılaşmasına birbaşa təsir göstərən amildir.
Qədim diyarımız, alınmaz qalamız Naxçıvanda əldə edilən böyük nailiyyətləri saymaqla qurtarmaq mümkün deyil. Muxtar respublikadakı nümunədən də gördüyümüz kimi, yol düzgün seçiləndə, milli maraqlara və dövlətçiliyə sədaqət olanda, insanların qayğısı və ehtiyacları hədəfə alınanda istənilən möcüzəni yaratmaq olar.
Ölkə rəhbəri cənab İlham Əliyev Azərbaycanın, ümumilikdə, türk dünyasının mühüm strateji məkanı olan Naxçıvan Muxtar Respublikasına diqqət və qayğısını heç bir zaman əsirgəməmişdir. Təsadüfi deyil ki, dövlət başçımız 2003-cü ildən bəri 11 dəfə muxtar respublikaya səfər etmişdir. Bu il isə Azərbaycan Prezidentinin qədim diyara səfəri aprelin 7-8-də baş tutmuş, muxtar respublikanın 90 illik yubileyi təntənəli şəkildə qeyd olunmuşdur.
Prezident İlham Əliyev Naxçıvanda olarkən mühüm əhəmiyyətə malik obyektlərin açılışında iştirak etmişdir. Dövlət başçısının səfəri zamanı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının, Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının, Gənclər Mərkəzinin, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının və digər mühüm obyektlərin istifadəyə verilməsi burada abadlıq-quruculuq işlərinin sürətlə davam etdiyinin göstəricisidir.
Azərbaycan Prezidenti qədim diyarımızda əldə edilən bu uğurları yüksək qiymətləndirmişdir. Dövlət başçısı demişdir:”...Son bir il ərzində Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. Bütün bu uğurlar münasibətilə naxçıvanlıları ürəkdən təbrik edirəm”.
Üç tərəfdən düşmən əhatəsində yaşayan Naxçıvan Muxtar Respublikası bu gün sürətlə inkişaf edir, yüksəlir, çağdaş intibah dövrünü yaşayır. İşgüzarlıqları, qurub-yaratmaq əzmi ilə Vətən sevgisinin misilsiz nümunəsini göstərən naxçıvanlılar, sözün həqiqi mənasında, xarüqələr yaradırlar. Blokada şəraitində olan bir diyarın böyük sürətlə inkişaf etməsi isə çoxlarının diqqətini cəlb edir. Çünki bu günədək dünyanın heç bir yerində blokada şəraitində yaşayan bir məkan bu şəkildə sürətli iqtisadi yüksəlişə nail ola bilməmişdir. Ona görə də beynəlxalq səviyyəli ekspertlər muxtar respublikada müşahidə edilən sürətli inkişaf prosesləri qarşısında təəccüblərini gizlətmir və bunu “İnkişafın Naxçıvan möcüzəsi” adlandırırlar.
Rauf ƏLİYEV
jurnalist