23 Dekabr 2024, Bazar ertəsi

Dünən Heydər Əliyev Muzeyində Naxçıvan şəhər 12 nömrəli tam orta məktəb şagirdlərinin iştirakı ilə açıq dərs keçilib.
Açıq dərsdə məktəbin tarix müəllimi Əntiqə Həsənova “Heydər Əliyev və milli birliyimiz” mövzusunda danışaraq bildirib ki, ötən əsrin sonlarında ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə milli birliyə çağırış ümumxalq mənafelərimizin həyata keçirilməsi naminə soydaşlarımızın Azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi prosesinin başlanğıcını qoyub. Azərbaycançılıq ideyası bir ideologiya kimi məhz müstəqillik dövründə ulu öndər Heydər Əliyev tərəfindən formalaşdırılıb. Dahi rəhbərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, milli birliyin düzgün formalaşdırılması istiqamətində də yeni vəzifələrin meydana gəlməsinə və yeni işlərin başlanmasına rəvac verib. Ümummilli lider böyük inamla dünya azərbaycanlılarının bir amal və məslək uğrunda fəal mübarizə aparması işinə başlamaqla bu çətin problemi öz dühasının gücü ilə uğurla həll edib.

Qeyd olunub ki, bu gün xalqımızın söz, əqidə və əməl birliyinə nail olmaq üçün Azərbaycan dövləti tərəfindən görülən işlərin miqyası ildən-ilə genişlənir. Dünyanın dörd bir yanına səpələnmiş milyonlarla azərbaycanlı gücün birlikdə olduğu həqiqətini gün keçdikcə daha aydın dərk edir, Azərbaycan diasporları və icmaları arasında bağlar möhkəmlənir, soydaşlarımız milli hüquqların müdafiəsi işində bir-birinə dayaq durur, tarixi Vətənlə əlaqələrini gücləndirirlər. Onlar yaxşı başa düşürlər ki, milli-mənəvi bütövlüyün möhkəm təməli üzərində qurulan Azərbaycan artıq bütün soydaşlarımızın güvənc yeri olan qüdrətli bir dövlətə çevrilib. Belə ki, çox qısa bir dövr ərzində ölkəmiz istər iqtisadi-siyasi, istərsə də demokratik dövlət quruculuğu baxımından inkişaf etmiş dövlətlər sırasında öz layiqli yerini tutub.
Sonda şagirdlər muzeyin ekspozisiyası ilə tanış olublar.

Səbuhi HƏSƏNOV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR