Azərbaycanın İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə rəsmi qəbul keçirilmişdir.
Rəsmi qəbulda çıxış edən Azərbaycanın Təbrizdəki Baş konsulu Əli Əlizadə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyəti, Azərbaycan xalqı qarşısında tarixi xidmətləri barədə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdur ki, ulu öndərin gərgin siyasi fəaliyyəti nəticəsində dövlət müstəqilliyimiz qorunub saxlanılmış, haqq səsimiz dünya ictimaiyyətinə çatdırılmış, Azərbaycan sürətli sosial-iqtisadi inkişaf yoluna qədəm qoymuşdur. Heydər Əliyev siyasi xəttinin bu gün uğurla davam etdirilməsi Azərbaycanı dünyada söz sahibi olan dövlətə çevirmişdir.
Dahi şəxsiyyətin müəyyənləşdirdiyi xarici siyasət xəttinin Azərbaycanı dost və tərəfdaş ölkəyə çevirdiyini bildirən Baş konsul demişdir ki, ümummilli liderin əsasını qoyduğu Azərbaycan-İran əlaqələri bu gün yüksələn xətlə inkişaf edir. Ulu öndərin anadan olmasının 91-ci ildönümünün dost və qonşu ölkə olan İranda, o cümlədən Təbriz şəhərində böyük təntənə ilə qeyd olunması əlaqələrin inkişafının daha bir göstəricisidir.
Çıxışdan sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevə həsr olunmuş filmə baxmış, ulu öndərin həyat və fəaliyyətindən bəhs edən foto və kitablardan ibarət sərgi ilə tanış olmuşlar. Dahi şəxsiyyətin çoxşaxəli siyasi fəaliyyətini əks etdirən kitab, jurnal və bukletlər tədbir iştirakçılarına paylanmışdır.
Sonda Azərbaycan xalq mahnıları səsləndirilmiş, milli yeməklər və şirniyyatlardan ibarət süfrə açılmışdır.
Mərasimdə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinin dövlət rəsmiləri, Türkiyə Respublikasının Təbrizdəki Baş Konsulluğunun əməkdaşları və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.
“Şərq qapısı”