Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan ailəsi: nəsillərə nümunə” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə muzeyin direktoru Ramil Orucəliyev tədbir iştirakçılarına muzeyin ekspozisiyası haqqında məlumat vermişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidovanın, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Yeganə Məmmədovanın, AMEA Naxçıvan Bölməsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zülfiyyə İsmayılın çıxışları olmuşdur. Çıxışlarda qeyd edilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin bütün həyatı və fəaliyyəti nəsillərə nümunə olmaqla yanaşı, ideal ailə başçısı kimi göstərdiyi örnək də misilsizdir.
Onun ailə dəyərlərinə verdiyi qiymət həmişə hörmətlə xatırlanır və xatırlanacaqdır. Cəmiyyəti yaşadan və onun varlığını sübut edən ailə meyarlarına ulu öndərin özünəməxsus münasibəti, yanaşması var idi. Dahi rəhbər milli-mənəvi dəyərlərimizin qarantı kimi ailənin müqəddəsliyinə daim böyük önəm vermişdir.
Qeyd edilmişdir ki, xalqımızın böyük oğlu Heydər Əliyevin Azərbaycanın müstəqillik tarixinin ən şanlı səhifələrinin yazılmasında, bu müstəqilliyin qorunmasında və möhkəmləndirilməsində, Azərbaycan xalqının yüksək intellektual və işgüzar səviyyəli bir millət kimi formalaşmasında, dünya xalqları sırasında öz layiqli yerini tutmasında əvəzsiz xidmətləri heç vaxt unudulmayacaqdır. Ulu öndərin cəmiyyətin idarə olunmasında, insanlar arasında münasibətlərin formalaşmasında, möhkəm ailə prinsiplərinin yaranmasında və həyata keçirilməsində göstərdiyi nümunə daim öyrəniləcək və tətbiq ediləcəkdir. Müdrik şəxsiyyət ailəni eyni zamanda millətin və xalqın mənəvi sərvətlərinin, adət-ənənələrinin, dilinin, dininin, mədəniyyətinin təcəssümü hesab edirdi.
Sonra tədbir iştirakçıları ümummilli liderimizə həsr olunmuş sənədli filmə baxmışlar.
Xəbərlər şöbəsi