Naxçıvanın muxtariyyət məsələsi XX əsrin 20-ci illərində bölgədə baş vermiş ictimai-siyasi hadisələrin nəticəsində meydana çıxmışdır. 1918-ci ilin may ayında Cənubi Qafqazda müstəqil respublikaların – Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması onlar arasında ərazi-sərhəd məsələlərini həll etməyi zəruri etdi. Gürcüstan və Ermənistan Azərbaycana qarşı ərazi iddiaları irəli sürmüşlər. Xüsusilə “böyük Ermənistan” yaratmaq xülyası ilə çıxış edən Ermənistan Respublikası Azərbaycanın bir sıra tarixi torpaqlarını – Qarabağı, Zəngəzuru, Naxçıvanı və başqa torpaqları öz ərazisinə qatmaq üçün açıq mübarizəyə başlamışdır. Bu işdə onlara bir sıra dövlətlər siyasi, iqtisadi və hərbi yardım göstərirdi.
Azərbaycan Xalq Cümhuriyyəti düşdüyü çətin vəziyyətə, qarşılaşdığı daxili və xarici amillərə baxmayaraq, Naxçıvana imkan daxilində siyasi dəstək verir, ona iqtisadi və hərbi yardım göstərməyə çalışırdı. Naxçıvan əhalisi erməni daşnaklarına qarşı inadla mübarizə aparır, bölgəni qoruyub saxlamaq üçün bütün imkanlardan istifadə edirdi. Erməni silahlı qüvvələri qarşısında lazımi silah-sursata malik olmayan yerli müsəlman əhalisi, Müsəlman Milli Şurası, onun rəhbərləri – Cəfərqulu xan, Rəhim xan, Kalbalı xan və yerli ziyalılar erməni daşnaklarına qarşı mübarizə aparır və özünümüdafiə dəstələri yaradırdılar.
Müsəlman Milli Şurası bölgənin təhlükəsizliyini təmin etmək üçün 1918-ci il noyabrın 3-də paytaxtı Naxçıvan olan Araz-Türk Cümhuriyyətini yaratmışdı. Araz-Türk Cümhuriyyətinin yaradılması təşəbbüsü ilə Naxçıvan, Şərur müsəlmanları çıxış etmiş və onların təklifi ilə ordubadlılar da bu siyasi tədbirə qoşulmuşdular.
Araz-Türk Cümhuriyyətinin ərazisinə Naxçıvan və Şərur-Dərələyəz qəzaları, Ordubad mahalı, Eçmiədzin qəzasının bir hissəsi, İrəvan qəzasının Sərdarabad, Uluxanlı, Qəmərli, Vedibasar və Mehri bölgələri daxil idi.
Araz-Türk Cümhuriyyətinin əsas vəzifəsi bölgənin təhlükəsizliyini erməni basqınlarından qorumaq üçün silahlı dəstələr yaratmaq və onların fəaliyyətini təmin etmək idi. Qısa müddətdə 500 nəfərlik süvari alayı və könüllü xalq dəstələrindən ibarət 20 tabor yaradılmışdı.
Araz-Türk Cümhuriyyəti Azərbaycan Xalq Cümhuriyyəti ilə sıx əlaqələr yaratmağa çalışmış, onunla birləşmək üçün yollar aramışdı. Bu cümhuriyyət erməni basqınlarına lazımi cavab verir, Naxçıvanın təhlükəsizliyini təmin edirdi. Naxçıvanlıların siyasi, silahlı və inadlı mübarizəsi nəticəsində Naxçıvan Azərbaycan ərazisi kimi qorunub saxlanılmışdır.
Zəngəzur mahalı 1920-ci ildə Ermənistana veriləndən sonra Naxçıvan ölkənin əsas ərazisindən ayrı düşmüş, sərhəd əlaqəsi pozulmuşdu. Belə olan halda Naxçıvan qəza və rayon hüququnda Azərbaycanın tərkibində qala bilməzdi. Ona görə də Naxçıvanın muxtariyyəti məsələsi gündəmə gəldi və bu, zəruri idi.
Ümummilli lider Heydər Əliyev bununla əlaqədar deyirdi: “...əgər Zəngəzur mahalının Ermənistana verilməsi olmasaydı, bəlkə də, Naxçıvanın muxtariyyəti də lazım deyildi və Azərbaycan vahid əraziyə malik olan bir ölkə idi”.
Azərbaycan rəhbərliyi Zəngəzurla bərabər, Naxçıvanı da Sovet Ermənistanına verirdi. Naxçıvanın Sovet Ermənistanına verilməsi xəbərini eşidən bölgə əhalisi bu bəyanata qarşı kəskin etirazlarını bildirmişdir. Vəziyyətin gərginləşdiyini görən Azərbaycan rəhbərliyi ədliyyə komissarı B.Şahtaxtinskini Naxçıvana göndərmişdir. O, Naxçıvan, Şərur və Ordubad əhalisi ilə görüşlərində, mitinqlərdə yerli əhalinin kütləvi etirazını təşkil edərək mərkəzi hakimiyyətin Ermənistanın xeyrinə qəbul etdiyi qərarın qarşısını almışdır.
Naxçıvan diyarının əhalisi Azərbaycanın tərkibində muxtariyyət tələb edirdi. Ona görə də 1921-ci ilin əvvəlində Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü və iştirakı ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxu Naxçıvan diyarının muxtariyyət statusunda Azərbaycanın tərkibində qalmasına səs vermişdir. Bu, Naxçıvanın gələcək müqəddəratında mühüm rol oynamışdır.
Naxçıvanın Azərbaycanın tərkibində qalmasına çalışan milli kommunistlərin arasında Behbud ağa Şahtaxtinskinin xüsusi əməyi olmuşdu. Onun V.Leninə göndərdiyi 1 mart 1921-ci il tarixli teleqramında və əlavə etdiyi arayışda Naxçıvan, Zəngəzur, Dağlıq Qarabağ, Zaqatala, Borçalı, Qarayazı düzü, Dağıstan, Şimali Qafqaz müsəlman xalqlarının milli tərkibi, sayı haqqında məlumat verilir, Naxçıvanın müqəddəratı ilə bağlı təkliflər irəli sürülürdü. O qeyd edirdi ki, “Naxçıvan diyarı böyük siyasi, iqtisadi və strateji əhəmiyyətə malikdir... Bu diyarın Ermənistana verilməsi xalqın özünütəyin prinsipini və Sovet Azərbaycanının hüquqlarını pozur”.
B.Şahtaxtinskinin təklifləri və məsələnin qoyuluşu V.Lenini maraqlandırmış və o, Naxçıvan məsələsinin RK(b)P MK Siyasi Bürosunda müzakirə edilməsi barədə göstəriş vermişdi. Naxçıvan məsələsi həm Siyasi Büroda, həm də Rusiya-Türkiyə danışıqlarında müzakirə edilmişdir. 1921-ci il martın 16-da RK(b)P MK Siyasi Bürosu B.Şahtaxtinskinin təkliflərini bəyənərək Azərbaycanın tərkibində Naxçıvan Sovet Sosialist Respublikası yaradılması haqqında qərar qəbul etmişdir. Həmin gün Rusiya ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi də imzalanmışdır. Moskva müqaviləsinin üçüncü maddəsinə əsasən, Naxçıvan vilayəti “Azərbaycanın qəyyumluğu (protektoratı) altında muxtar ərazi olurdu, bir şərtlə ki, Azərbaycan bu qəyyumluğu üçüncü dövlətə güzəştə getməyəcəkdir”.
1921-ci il oktyabrın 13-də RSFSR nümayəndəsinin iştirakı ilə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR ilə Türkiyə arasında imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvanın ərazisi, sərhədləri daha da dəqiqləşdirilmişdir. Müqavilədə göstərilirdi ki, Naxçıvan vilayəti bu müqavilənin beşinci maddəsində və üçüncü əlavəsində müəyyən edilmiş sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir.
Beləliklə, Moskva və Qars beynəlxalq müqavilələri ilə RSFSR, Türkiyə, Gürcüstan, Ermənistan və Azərbaycan Naxçıvanı Azərbaycanın tərkibində muxtar qurum kimi tanımış və ona beynəlxalq hüquqi təminat vermişlər.
Ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət tarixinin çətin sınaqlardan keçdiyini nəzərdə tutaraq, eyni zamanda bu muxtariyyətin qazanılmasında fədakarlıq göstərənlərin əməyini yüksək qiymətləndirərək deyirdi: “Naxçıvana muxtariyyət vermək, Moskva, Qars müqavilələrində Naxçıvanın müqəddəratını o illərdə həll etmək asan vəzifə deyildi. Amma o vaxt milli mənafeyi qoruyan adamlar bunu etdilər. Mən bunu tarixi nailiyyət hesab edirəm... Kim Azərbaycanın milli mənafelərinin keşiyində durubsa, ona xidmət göstəribsə, o insanlar bizim tariximizdə həmişə hörmətlə yada salınmalı və tariximizə daxil olmalıdırlar”.
Moskva və Qars müqavilələrinin əhəmiyyətini, Naxçıvanın muxtariyyət statusunun qorunub saxlanılmasında bu beynəlxalq müqavilələrin tarixi rolunu yüksək qiymətləndirən ulu öndərimiz demişdir: “Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan sənəddir”.
Qeyd etməliyik ki, Qars müqaviləsindən sonra Naxçıvan Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da, bu iş hüquqi cəhətdən tam rəsmiləşdirilməmişdi. Ona görə də bu məsələ 1922-ci ilin noyabrında RK(b)P MK Siyasi Bürosunun iclasında müzakirə olunmuş və həmin bölgədə muxtar respublikanın yaradılması haqqında qərar qəbul edilmişdir.
Naxçıvana muxtariyyət statusu 1921-ci ildə verilsə də, Naxçıvan Muxtar Respublikasının yaradılmasına qədər üç il vaxt lazım olmuşdur. Hətta 1923-cü ildə Naxçıvanın muxtar respublika statusu azaldılaraq muxtar diyara çevrilmişdir. Lakin muxtar diyar dövrü uzun sürməmişdir. 1923-cü ilin dekabrında Naxçıvan diyarı Naxçıvan Respublikasına çevrilmişdir. 1924-cü il fevralın 9-da Azərbaycan MİK Naxçıvan MSSR-in yaradılması haqqında qərar vermişdir. Burada bir cəhəti də qeyd etməliyik ki, Naxçıvan 1921-ci ildən Azərbaycanın muxtar qurumu kimi idarə olunurdusa da, 30-cu illərin ortalarına qədər o, bütün rəsmi sənədlərdə “Naxçıvan SSR” adlandırılmış, “muxtar” sözü işlədilməmişdir.
Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Ümummilli lider Heydər Əliyev deyirdi: “Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyətdir”.
Naxçıvan Muxtar Respublikasının yaradılmasından 90 il keçir. Muxtar respublikanın yaradılması burada inkişafın təmin olunmasına, genişmiqyaslı quruculuq tədbirlərinin aparılmasına, Naxçıvanın inkişaf etmiş bir diyara çevrilməsinə şərait yaratmışdır. Lakin bununla belə, muxtar respublikanın, təqribən, 45 illik inkişaf tarixi ağır siyasi, sosial-iqtisadi və mədəni problemlərlə üzləşdiyi bir dövrdür. Bu dövrün muxtəsər siyasi xarakteristikasını verən ümummilli lider demişdir ki, bizim xalqımız XX əsrdə çox faciələrlə rastlaşıbdır. Bunların içərisində Naxçıvanın başına gələn bəlalar, bəlkə, Azərbaycanın başqa bölgələrindən daha dəhşətli, faciəli olubdur... Naxçıvanın hüquqlarını tam məhdudlaşdırmaq istəyiblər.
1949 və 1964-cü illərdə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 25 və 40 illiyi qeyd olunmuşdur. Ulu öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana rəhbər seçilməsindən sonra Naxçıvan Muxtar Respublikasının dirçəliş dövrü başlamış, bu diyar özünün əsl inkişafına qovuşmuşdur. Keçən əsrin 70-80-ci illərində Naxçıvan Muxtar Respublikası qabaqcıl sənaye, kənd təsərrüfatı, elm və mədəniyyət mərkəzinə çevrilmişdir. 1974-cü ildə Naxçıvan MSSR-in 50 illik yubileyi dövlət səviyyəsində qeyd edilmiş, yubiley tədbirində ulu öndər Heydər Əliyev iştirak etmiş və tarixi nitq söyləmişdir.
80-ci illərin axırlarında Azərbaycanın Dağlıq Qarabağ və Naxçıvan ərazilərinə erməni iddiaları baş qaldırmış, mərkəzin ikiüzlü siyasəti bu hadisələri qızışdırmışdı.
1990-cı ilin iyul ayında görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana gəlməsi, burada siyasi fəaliyyət göstərməsi muxtar respublika ərazisini erməni işğalından və muxtariyyət statusunu ləğv olunmaq təhlükəsindən xilas etmişdir.
1990-cı il sentyabrın 30-da Azərbaycan və Naxçıvan parlamentlərinə keçirilən seçkilərdə görkəmli dövlət xadimi Heydər Əliyev hər iki qanunverici orqanın deputatı, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti və artan nüfuzu o dövrdəki iqtidarı ciddi narahat edirdi. Ona görə də bu naşı siyasətçilər görkəmli dövlət xadimi Heydər Əliyevi hakimiyyətdən kənarlaşdırmaq üçün Naxçıvanın muxtariyyətini ləğv etmək istəyirdilər. Lakin onlar başa düşmürdülər ki, Naxçıvana beynəlxalq müqavilələrlə muxtariyyət statusu verilib və bu statusu birtərəfli qaydada ləğv etmək olmaz. İkinci bir tərəfdən, məkrli düşmənlərimiz də belə bir xülya ilə uzun illərdir ki, yaşayırlar və məqsədlərinə nail ola bilmirlər. Ümummilli lider nəinki muxtariyyətin ləğv olunması, onun möhkəmləndirilməsi, muxtariyyətin verdiyi imkanlardan istifadə edərək Naxçıvanın blokadadan çıxarılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirirdi. Xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanın muxtariyyət statusunun dəyişdirilməsi ilə bağlı təklifləri ermənilərin işğalçı siyasəti ilə eyni olduğunu bildirərək məkrli düşmənlərin və AXC-Müsavat iqtidarının diqqətinə çatdırırdı ki, “Naxçıvanın statusunun dəyişdirilməsinə yönəldilən hər hansı cəhdin, onun ərazisinə edilən hər cür qəsdin qarşısı qətiyyətlə alınacaqdır”.
Qətiyyətli və müdrik dövlət xadimi kimi Heydər Əliyev Naxçıvanı blokadadan qurtarmaq üçün 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etmiş, xüsusilə Türkiyə rəhbərləri ilə Qars müqaviləsini və onun şərtlərini müzakirə obyektinə çevirməklə beynəlxalq aləmin diqqətini bu beynəlxalq müqaviləyə cəlb etmişdi. Ulu öndərin Naxçıvan dövr fəaliyyəti muxtar respublikanın xilası ilə nəticələnmişdir. Ölkə Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, “naxçıvanlılar Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı xilas etdi”.
1993-cü ildə dahi şəxsiyyət Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə xalqın və müstəqil dövlətçiliyin xilası və möhkəmləndirilməsinə başlandığı kimi, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına və muxtariyyətin qorunmasına diqqət daha da artırılmışdır. 1995-ci il noyabrın 12-də referendumla qəbul olunmuş müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası Naxçıvanın muxtariyyət statusunu hüquqi cəhətdən möhkəmləndirmişdir. Həmin Konstitusiyanın VIII fəsli Naxçıvan Muxtar Respublikası ilə əlaqədardır. Konstitusiyanın 134-cü maddəsində deyilir: “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Naxçıvan Muxtar Respublikasının statusu bu Konstitusiya ilə müəyyən edilir. Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsidir”.
Naxçıvanın muxtariyyət statusunun zəruriliyini əsaslandıran ulu öndər Heydər Əliyev deyirdi: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvanın yaşamasının, inkişaf etməsinin əsas şərtlərindən biri də odur ki, Naxçıvana o vaxt muxtariyyət hüququ veriblər. Bu muxtariyyət hüququ çətin vəziyyətdə yaşamaqda, inkişaf etməkdə olan Naxçıvana böyük şərait yaradıbdır. Amma Naxçıvanın bundan sonra da buna ehtiyacı vardır, müstəqil Azərbaycan dövlətinin içində buna ehtiyacı vardır”.
Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildikdən sonra Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının hazırlanmasına başlanmışdır. Konstitusiya layihəsi Konstitusiya Komissiyasında bir neçə dəfə müzakirə edilmişdir. Konstitusiya Komissiyasının 1998-ci il yanvarın 14-də keçirilən iclasında ümummilli lider Heydər Əliyev geniş nitq söyləmişdir. Ulu öndər həmin nitqində Naxçıvanın muxtariyyətindən bəhs edərək demişdir: “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Ümummilli lider Heydər Əliyevin “Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyinin keçirilməsi haqqında” imzaladığı 4 fevral 1999-cu il tarixli Fərmanda Naxçıvanın muxtariyyətini şərtləndirən başlıca tarixi-coğrafi amil göstərilirdi: “Azərbaycan Xalq Cümhuriyyəti dövrünədək sərhədlər alt-üst edilməyə başlandı. İlk olaraq Azərbaycan torpağı – Zəngəzur mahalı Ermənistan SSR-in tərkibinə qatıldı. Əslində isə ermənilərin planları daha geniş idi və onların torpaq iddialarının əsas hədəfi məhz Naxçıvan idi. Onlar Zəngəzurun Ermənistana ilhaq edilməsini bu yolda atılmış mühüm addım hesab edirdilər. Beləliklə də, Naxçıvanı Azərbaycandan ayıran Azərbaycan torpaqlarının – Zəngəzur mahalının Ermənistana verilməsi Naxçıvanın muxtariyyət məsələsini zəruri etdi”.
XX əsrin 90-cı illərində Naxçıvan üçün yaranmış təhlükəni aradan qaldıran muxtar respublika əhalisinin fəaliyyətini yüksək qiymətləndirən ulu öndər demişdir: “Məhz belə ağır şəraitdə Naxçıvan əhalisi böyük mərdlik və yenilməzlik nümayiş etdirərək Azərbaycanın bu qədim torpağını ermənilərin işğalı təhlükəsindən xilas etdi və onun muxtariyyət statusunu qoruyub saxladı. Milli istiqlaliyyət uğrunda mübarizə yollarında o zaman Naxçıvanın atdığı cəsarətli addımlar Azərbaycan xalqı tərəfindən böyük rəğbətlə qarşılanaraq dəstəkləndi və respublikada gedən siyasi proseslərə müsbət təsirini göstərdi”.
Naxçıvanın muxtariyyət statusu və buna əsasən yaradılan Naxçıvan Muxtar Respublikasının ölkəmizin müstəqillik tarixində mühüm əhəmiyyəti olmuşdur. Bunu nəzərə alan Azərbaycan Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasının 90 illiyi ilə əlaqədar sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Azərbaycanın qədim bölgəsi Naxçıvan tarixən çətin sınaqlarla dolu mürəkkəb və eyni zamanda sərəfli bir yol qət etmişdir... Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətləri vardır”.
Naxçıvanın muxtariyyət statusunu və onun verdiyi imkanları yüksək qiymətləndirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvanın muxtariyyət statusu ötən əsrin 90-cı illərində Azərbaycanın müstəqillik uğrunda apardığı mübarizə dövründə mühüm mərhələ təşkil etmişdir. Bu status imkan verirdi ki, ulu öndər Heydər Əliyevin 1990-1993-cü illərdəki siyasi fəaliyyəti dövründə Naxçıvan xalqımızın suveren hüquqlarının təmin edilməsi uğrunda gedən mübarizənin mərkəzinə çevrilsin”.
Beləliklə, müstəqillik dövründə Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi ilə bağlı kompleks problemləri uğurla həll etmiş ümummilli lider Heydər Əliyev Naxçıvanın muxtariyyət statusu əleyhinə yönələn cəhdlərin qarşısını böyük qətiyyətlə almış və onu möhkəmləndirmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü daxili və xarici siyasət Naxçıvan Muxtar Respublikasının da hərtərəfli inkişafına, çiçəklənən bir diyara çevrilməsinə səbəb olmuşdur. Naxçıvan bu gün özünün ən inkişaf etmiş dövrünü yaşayır və ümummilli lider Heydər Əliyevin arzuları gerçəyə çevrilir.
İsmayıl HACIYEV
AMEA Naxçıvan Bölməsinin sədri, akademik