Şərur rayonu
Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Şərur rayonunda genişmiqyaslı tikinti-quruculuq, abadlıq tədbirləri həyata keçirilmiş, ulu öndərimizin bilavasitə rəhbərliyi və daimi nəzarəti ilə yaradılan Arpaçay Su Anbarı on minlərlə hektar əkinəyararlı sahənin suvarılmasına imkan yaratmışdır. Rayon sakinləri milli liderimizin rəhbərliyi ilə həyata keçirilən bu tədbirləri bu gün minnətdarlıq hissi ilə xatırlayırlar. Ümummilli lider Heydər Əliyev muxtar respublikaya səfəri çərçivəsində Şərur rayonunda olarkən demişdir: “Mən arzu edirəm ki, siz gələcəkdə öz işlərinizi daha da yaxşılaşdırasınız. Şərur rayonunun imkanları böyükdür. Burada yaxşı torpaqlar var, çox fədakar insanlar, sizlər varsınız. Arzu edirəm ki, buranı daha da abadlaşdırasınız, gözəlləşdirəsiniz və iqtisadiyyatınızı daha da inkişaf etdirəsiniz”.
Rayon sakinləri ulu öndərin bu tövsiyələrini layiqincə yerinə yetirməyə çalışırlar. Rayonda bir sıra infrastruktur layihələri həyata keçirilmiş, onlarla müasir bina inşa olunmuşdur.
Demək olar ki, rayonun bütün idarə, müəssisə və təşkilatları müasir binalarda fəaliyyət göstərir. Bu isə torpaq qədri bilən, yurd təəssüblü şərurlulara yüksək səviyyədə çalışmağa imkan verir.
Bu gün ümummilli liderimizin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, Şərur inkişafın yeni mərhələsinə qədəm qoymuşdur.
Dahi rəhbərin anadan olmasının 91-ci ildönümünü şərurlular böyük təntənə ilə qeyd etmişlər. Rayon sakinləri may ayının 10-da Şərur şəhərinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan heykəli qarşısına gələrək ümummilli liderimizə öz ehtiramlarını bildirmişlər.
* * *
Ordubad rayonu
Ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunda xalqımızın böyük oğlunun yadigarları saymaqla qurtaran deyil. Rayon iqtisadiyyatının inkişaf etdirilməsi, bölgədə yeni iş yerlərinin yaradılması, insan amilinə xidmət edən digər məqsədyönlü tədbirlərin həyata keçirilməsi ümummilli liderin Azərbaycana rəhbərliyinin hər iki dövründə diqqətdə saxlanılıb. Zəngin fauna və floraya, tarixi-mədəni abidələrə malik olan Ordubad şəhərinin əvvəlcə qoruq, sonra rayon ərazisinin yasaqlıq elan edilməsi, müstəqillik illərində burada milli park yaradılması, yeni istehsal müəssisələrinin işə salınması dahi şəxsiyyətin bu bölgəyə böyük qayğısının ifadəsi kimi indi də yaddaşlarda yaşayır. Mənsub olduğu xalqı ürəkdən sevən, onun layiq olduğu səviyyədə yaşamasını təmin edən, insanların problemlərinə həssaslıqla yanaşan dahi şəxsiyyət Heydər Əliyev ordubadlıların da qəlbində əbədi yaşayır.
Vurğulamaq gərəkdir ki, bir vaxtlar bu qədim yurd yeri də gözdənuzaq, könüldəniraq dövrlər yaşayıb. Digər bölgələrimiz kimi, ümummilli liderimizin səyləri hesabına Ordubad da sürətli inkişaf yoluna qədəm qoyub. Bölgənin ən ucqar dağ və sərhəd kəndlərinin belə, siması dəyişib, bu yaşayış məntəqələrində tikinti-quruculuq işləri geniş vüsət alıb. Yeni tikililər qədim yurd yerinə yeni görkəm gətirib. Aparılan məqsədyönlü tədbirlər insanların həyata baxışlarını da dəyişib. Bir sözlə, Ordubad tarixiliyini saxlamaqla ən abad və füsunkar bir yurd yerinə çevrilib.
Ordubadlılar dərindən dərk edirlər ki, bütün bunlar muxtar respublikada Heydər Əliyev yoluna sədaqətin ifadəsi hesabınadır. Odur ki, xalqımızın dahi oğlu rayon sakinləri tərəfindən daim minnətdarlıqla, böyük sevgi hissləri ilə xatırlanır, ümummilli liderimizin xatirəsi əziz tutulur.
Bu hisslər dünən bir daha yaşanıb. Ulu öndərin anadan olmasının 91-ci ildönümündə rayon sakinləri görkəmli dövlət xadimi Heydər Əliyevin rayon mərkəzindəki abidəsi önünə gələrək ona sevgi və ehtiramlarını bildiriblər.
* * *
Şahbuz rayonu
Xalqımızın ümummilli lideri Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf və tərəqqi siyasətinin bəhrələri yurdumuzun hər yerində olduğu kimi, Şahbuz rayonunda da öz möhtəşəmliyi ilə görünməkdədir. Hələ ötən əsrin 70-ci illərindən başlayaraq Şahbuzda iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması istiqamətində mühüm işlər görülmüş, müstəqillik illərində ulu öndərin uzaqgörən siyasəti nəticəsində bu rayonun da həyatında yeni mərhələ – inkişaf və tərəqqi dövrü başlanmışdır. Şahbuzun hər yerində, onun ən ucqar yaşayış məntəqəsində artıq hər keçən gün ulu öndər Heydər Əliyevin xalqımıza miras qoyduğu ən böyük sərvətin – müstəqilliyin bəhrələri açıq-aydın görünməkdədir. İndi rayonda aparılan hər quruculuq tədbiri, çəkilən hər yeni yol, abadlaşan hər bir kənd ulu öndərin reallaşan arzularının təcəssümüdür. Şahbuzlular ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətlərinin, ölkəmizin, muxtar respublikamızın inkişafı naminə gərgin əməyinin bəhrələrini daim öz həyatlarında hiss edirlər.
Dünən xalqımızın ümummilli liderinin anadan olmasının 91-ci ildönümü günündə rayon sakinləri ulu öndərə öz dərin ehtiramlarını bir daha bildirmək üçün görkəmli dövlət xadiminin Şahbuz Rayon İcra Hakimiyyəti binasının önündə ucaldılmış büstünü ziyarət etmiş, abidə önünə tər gül dəstələri düzmüşlər.
* * *
Kəngərli rayonu
Dünən xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü Kəngərli rayonunda da qeyd olunub.
Görkəmli dövlət xadimi Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq keçirilən mərasimdə rayon sakinləri ulu öndərin əziz xatirəsini elliklə yad etməklə dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.
Həmin gün xalqımızın böyük oğlunun rayon mərkəzində ucaldılmış abidəsi yüzlərlə insanın axın etdiyi məkana çevrilib.
* * *
Babək rayonu
Yarandığı dövrdən ötən müddət ərzində Babək rayonu böyük inkişaf yolu keçmiş, Heydər Əliyev quruculuq xəttinin yaradıcı gücünün konkret bir regionda əyani ifadəsinə çevrilmişdir.
Babək rayonunun təşkil olunması ideyası ötən əsrin 70-ci illərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı quruculuq tədbirlərinin, Azərbaycanın dağ və sərhəd rayonlarının daha da möhkəmləndirilməsi siyasətinin məntiqi nəticəsi kimi ortaya çıxmışdır. 1978-ci il oktyabrın 23-də təşkil olunmuş yeni rayona mərkəzi hakimiyyətin iradəsinin əksi olaraq Babək adının verilməsi ulu öndərimizin qətiyyətinin, daim Azərbaycançılıq mövqeyində dayanmasının, milli yaddaşın bərpası istiqamətində həyata keçirdiyi taleyüklü tədbirlərin nəticəsi idi.
Mayın 10-da ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü muxtar respublikamızın hər yerində olduğu kimi, Babək rayonunda da böyük bayram sevinci ilə qeyd olunmuşdur. Həmin gün rayon mərkəzinin Heydər Əliyev prospektində ulu öndərimizin əzəmətlə ucalan abidəsi önünə yüzlərlə insan toplaşmışdı. Rayon sakinləri abidə önünə tər gül dəstələri qoymuş, müstəqil Azərbaycanın qurucusunun xatirəsini dərin ehtiramla yad etmişlər.
* * *
Culfa rayonu
Muxtar respublikamızın bütün bölgələri kimi, Culfa rayonunun sakinləri də ümummilli liderin anadan olmasının 91-ci ildönümünü bayram əhval-ruhiyyəsi ilə qeyd etmişlər.
Culfa rayonu istər tarixi-mədəni, istərsə də strateji baxımdan regionun mühüm əhəmiyyət kəsb edən ərazilərindən biridir. Ümummilli lider Heydər Əliyev hakimiyyətdə olduğu hər iki dövrdə digər rayonlar kimi, Culfa rayonunun da sosial, iqtisadi, mədəni yüksəlişinə daim qayğı ilə yanaşmışdır.
Heydər Əliyev siyasətinin muxtar respublikamızda uğurla davam etdirilməsinin nəticəsidir ki, son 19 il ərzində Culfa rayonunun kənd yaşayış məntəqələrinin böyük əksəriyyətində kompleks quruculuq işləri aparılmış, rayonda onlarla məktəb binası, səhiyyə ocağı, mədəniyyət obyekti tikilib istifadəyə verilmişdir. Culfa şəhəri aparılan abadlıq-quruculuq tədbirləri nəticəsində gözəl bir rayon mərkəzinə çevrilmişdir.
Təbii ki, görülən işlər Culfa rayonunun sakinləri tərəfindən minnətdarlıqla qarşılanır. Onlara bu firavan, xoşbəxt günləri bəxş edən ümummilli liderimizin anadan olmasının 91-ci ildönümündə rayon sakinləri ulu öndərimizin Culfa Rayon İcra Hakimiyyəti binasının qarşısındakı büstünü ziyarət etmişlər.
* * *
Sədərək rayonu
Sədərək rayonu ərazisində bir çox yaşayış massivlərinin salınması, bu rayonun yaradılması, inkişafı və tərəqqisi ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün rayon mərkəzi olan Heydərabad qəsəbəsinin əsası hələ ümummilli liderin Azərbaycana birinci rəhbərliyi dövründə qoyulmuşdur.
XX əsrin 90-cı illərinin əvvəllərində Sədərək Ermənistan tərəfindən hücumlara məruz qalmışdır. Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhəd kəndi olan, Naxçıvanın qala qapısı sayılan Sədərəkdə Azərbaycanın ərazi bütövlüyü uğrunda 1990-1993-cü illərdə ağır döyüşlər aparılmışdır. O zaman buradakı ağır vəziyyətlə bilavasitə tanış olan ümummilli lider Heydər Əliyev bu təcavüzün və işğalın qarşısının alınması üçün misilsiz xidmətlər göstərmiş, dünyanın diqqətini burada baş verən hadisələrə yönəltmişdir.
Ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olduğu dövrdə Sədərək rayonunun erməni işğalından qorunması, bölgənin sosial infrastrukturunun möhkəmləndirilməsi, əhalinin güzəranının yaxşılaşdırılması, sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. Araz çayı üzərində Türkiyə ilə Azərbaycanı birləşdirən Sədərək-Dilucu körpüsü tikilmiş, Türkiyənin həmsərhəd vilayətlərindən Sədərəyə elektrik xətti çəkilmişdir.
Ümummilli liderin müəyyənləşdirdiyi tarixi inkişaf konsepsiyasını muxtar respublikamızda uğurla həyata keçirən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ulu öndərimizin tövsiyələrinə uyğun olaraq, bu tarixi və strateji Azərbaycan rayonuna xüsusi diqqət yetirir. Sədərəklilər bu gün ümummilli liderin Sədərək rayonunun yaradılması, Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılması və inkişaf etdirilməsi sahəsində xidmətlərini dərin hörmət və ehtiramla xatırlayırlar. Onlar qürur duyurlar ki, məhz bu rayonun mərkəzi Azərbaycan xalqının və ümumilikdə, bütün türk dünyasının böyük oğlu Heydər Əliyevin adını daşıyır.
Dünən Sədərək rayonunda da rayon ictimaiyyətinin nümayəndələri Heydərabad qəsəbəsinin mərkəzində ucalan ulu öndərin büstü önünə gələrək dahi rəhbərin anadan olmasının 91-ci ildönümünü qeyd etmişlər.
Xəbərlər şöbəsi