Dahi insanlar zamanın fövqünə yüksələrək öz dövrlərini yaradırlar. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan üçün belə bir şəxsiyyətdir. Siyasi tariximizin 35 ilə yaxın bir dövrü onun adı ilə bağlıdır. Buna görədir ki, ulu öndərimizin adı milli dövlətçiliyimizin simvolu kimi səslənir. Qüdrətli şəxsiyyət Heydər Əliyevin mənalı həyat yolu və fəaliyyəti tarixin sınağından şərəflə çıxmış bütöv bir idarəçilik məktəbidir. Ulu öndər Azərbaycan xalqının və dövlətinin milli maraqlarını hər şeydən uca tutan, onu ümummilli məqsədlər naminə səfərbər etməyi bacaran lider, dahi rəhbər idi.
“Mən balaca bir evdə, zəhmətkeş ailəsində bir yaz günü dünyaya göz açmışam. Anadan olanda, yəqin ki, beş-on, uzağı otuz-qırx nəfər sevinib. İndi, bəlkə də, bir o qədər qeyri-təvazökar səsləndi, amma deməliyəm ki, anam məni bütövlükdə Azərbaycanımız üçün dünyaya gətirib. Doğma, canım-varlığım qədər sevdiyim Azərbaycanım mənim qibləgahımdır. Bütün şüurlu ömrümü onun inkişafına, tərəqqisinə həsr etmişəm”. Ulu öndərimizin bu sözləri onun həyatının mənasını dəqiq ifadə edir. 1923-cü il mayın 10-da Azərbaycanın qədim Naxçıvan diyarında dünyaya göz açan ulu öndər Heydər Əliyev nəsillərə nümunə olan şərəfli ömür yolu keçmiş, daim xalqımızın rifahı naminə, Azərbaycan naminə çalışmışdır. Ümummilli liderimiz Azərbaycanı həyatının mənası hesab edirdi. Bu səbəbdən O, Azərbaycanı müqəddəs yer kimi uca tutur, azərbaycanlı olmağı ilə fəxr edir və deyirdi ki: “Azərbaycan mənim qibləgahımdır”. Sonsuz iftixar və qürur hissi ilə səslənən bu fikirlər bir dahi ömrünün manifestidir. O manifestin hansı səhifəsini çevirsək, orada Azərbaycan naminə sonsuz fədakarlıqlar görəcəyik.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətçiliyinin ideoloji-siyasi əsaslarını, milli dövlətçiliyin konsepsiyasını yaratmışdır.
1969-cu ildə respublikamıza rəhbər seçilən ulu öndər Heydər Əliyev o dövrdə Azərbaycanda mövcud olan problemləri müəyyən edərək onların tezliklə aradan qaldırılması yollarını araşdırmış, qısa bir zamanda mühüm qərarlar vermiş və əməli tədbirlər həyata keçirmişdir. O zaman Azərbaycan daha çox aqrar ölkə kimi tanınırdı. Qısa müddətdən sonra Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə yanaşı, respublikamızda sənayenin inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir. Azərbaycanda çoxlu yeni zavod və fabriklər açılmış, respublikamızın iqtisadi qüdrəti yüksəlmişdir. 1969-1982-ci illər Azərbaycan tarixinə yüksəliş, tərəqqi və inkişaf dövrü kimi daxil olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin birinci dövründə həyata keçirilən tədbirləri belə xarakterizə etmişdir: “Tarixilik baxımından olduqca qısa bir müddətdə – cəmi 14 il ərzində Azərbaycan ittifaq iqtisadiyyatının xammal və aqrar əlavəsindən müxtəlif sahələrdə hərtərəfli inkişafa qovuşan nəhəng infrastruktur ölkəsinə çevrildi. Bu dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün atılan addımlar, həyata keçirilən məhsuldar fəaliyyət Heydər Əliyev quruculuq xəttinin fəlsəfəsini təşkil edirdi. Bu da ondan ibarət idi ki, Azərbaycan qısa müddətdə öz tarixi taleyinin sahibi oldu; ölkəmiz başqa müttəfiq respublikaların 50 ilə keçdiyi yolu nəinki 14 ilə qət etdi, hətta bu respublikaları da qabaqlayaraq aqrar-sənaye kompleksinin güclü inkişaf etdiyi lider respublika kimi şöhrət qazandı”.
birinci rəhbərliyi dövrünün ilk vaxtlarından başlayaraq, ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda yüksəkixtisaslı kadrlara olan kəskin tələbatı nəzərə alaraq keçmiş Sovetlər İttifaqının Moskva, Leninqrad, Kiyev, Minsk və sair kimi mərkəz şəhərlərindəki ən nüfuzlu ali məktəblərə təhsil almaq üçün xalqımızın istedadlı oğul və qızlarını göndərmiş, sonrakı illərdə bu ənənə artıq bir hərəkata çevrilmişdir.
Həmin dövrün ən böyük uğurlarından biri də milli şüurun oyanması istiqamətində həyata keçirilən tədbirlərdir. Çünki bunsuz sosial-iqtisadi inkişafa nail olmaq, müstəqilliyə zəmin hazırlamaq mümkün deyildi. Keçmiş Sovetlər Birliyi məkanında, sovet ideologiyasının kifayət qədər güclü olduğu bir dövrdə Azərbaycanda milli-mənəvi dəyərlərin qorunması, xalqın milli düşüncə tərzinin formalaşdırılması istiqamətində həyata keçirilən tədbirləri yalnız və yalnız ulu öndər Heydər Əliyev kimi Vətəninə, xalqına bağlı cəsarətli bir dövlət xadimi, böyük iradə sahibi olan siyasi lider reallaşdıra bilərdi. Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci dövründə həyata keçirdiyi tədbirlər gələcək müstəqillik dövrünə hazırlıq xarakteri daşıyırdı və bütün bunlar həyata keçirilməsəydi, ölkəmiz müstəqil dövlətçilik şəraitində özünü qoruyub-saxlaya və inkişaf edə bilməzdi.
Ulu öndər Heydər Əliyev 1969-1982-ci illərdə Azərbaycanda həyata keçirdiyi taleyüklü tədbirlərin mahiyyətini belə xarakterizə edirdi: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur. Məsələn, mən burada çoxlu elektrik stansiyaları tikdirdim. Məndən soruşurdular ki, bunlar sənin nəyinə lazımdır? Mən onlara bunu nə üçün etdiyimi demirdim... Amma mən istəyirdim ki, mənim ölkəm, mənim xalqım istənilən şəraitdə müstəqil yaşaya bilsin”.
1982-ci ilin sonlarında ulu öndər Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini seçildi. Bu təyinat ümummilli liderimizin misilsiz dövlət idarəçiliyi bacarığı ilə bağlı idi. 1982-1987-ci illərdə qüdrətli dövlətin rəhbərlərindən biri kimi gərgin rejimdə fəaliyyət göstərməsinə baxmayaraq, görkəmli dövlət xadiminin gündəlik iş qrafikində ən vacib məsələlər sırasında Azərbaycan və onunla bağlı problemlərin həlli dayanırdı. Sovetlər Birliyində hamı Heydər Əliyev-Azərbaycan faktoru ilə hesablaşır, heç kim Azərbaycanın inkişafının qarşısını almağa, əsassız torpaq iddiası irəli sürməyə cəsarət etmirdi. Qərəzli təzyiqlər nəticəsində 1987-ci il oktyabrın 21-də ulu öndərimiz siyasi hakimiyyətdən uzaqlaşdırıldı. Bundan 15 gün sonra Dağlıq Qarabağın Azərbaycandan ayrılması məsələsi gündəliyə çıxarıldı. Bununla da, Azərbaycanın ağrı-acılarla dolu dövrü başlandı. Tarixi torpaqlarımızın 20 faizi Ermənistan tərəfindən işğal edildi, Azərbaycan xalqına qarşı 20 Yanvar faciəsi, Xocalı soyqırımı törədildi.
Azərbaycanın xilası ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu böyük şəxsiyyət ali dövlət vəzifələrində olmadığı dövrlərdə belə, Azərbaycançılıq uğrunda xidmətlərini davam etdirmiş, həyatını təhlükə qarşısında qoyaraq 1990-cı ilin Qanlı Yanvar faciəsini törətdiyinə görə o zamankı sovet rəhbərliyini və faciənin digər təşkilatçılarını kəskin ittiham etmişdi.
Bu bəyanatdan sonra milli liderimizin Moskvada yaşaması mümkün olmadı. O, 1990-cı il iyulun 20-də Bakıya gəldi. Lakin burada – vaxtilə qurub-yaratdığı şəhərdə qalmaq, ağır fəlakət anında xalqı ilə bir yerdə olmaq imkanı verilmədiyindən iki gün sonra, iyulun 22-də doğma Naxçıvana qayıtdı. Və buradan bütün Azərbaycanın qurtuluş mübarizəsinə rəhbərlik etdi. Ulu öndərimizin Azərbaycan naminə fəaliyyətinin 1990-cı ildən sonrakı mərhələsi şərəfli xilaskarlıq və quruculuq missiyası ilə zəngindir. Bu missiyanın öz başlanğıcını götürdüyü yer isə Azərbaycanın Naxçıvan Muxtar Respublikasıdır. Xalqımızın böyük oğlunun 1990-cı il iyul ayının 22-də Moskvadan Naxçıvana qayıdışı Azərbaycanın qurtuluş tarixinin parlaq səhifəsini təşkil etmişdir. Bu böyük şəxsiyyətin Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonralar isə Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərməsi Naxçıvandan başlanan müstəqillik yolunun bütün Azərbaycan siyasi mühitində aparıcı qüvvəyə çevrilməsi və milli dövlətçiliyin bərpası istiqamətində qəti addımların atılması ilə nəticələnmişdir.
Ümummilli liderimizin ideyaları, amalları bu gün də Azərbaycanın yoluna işıq saçır, xalqımızı xoşbəxt gələcəyə aparır. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu möhkəm əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır.
Bu gün Azərbaycanda əldə olunan nailiyyətlərin bir səbəbi var – o da təməli 1969-cu ildə qoyulmuş inkişafın Heydər Əliyev modeli, Heydər Əliyev quruculuq xəttidir. “Azərbaycan dünyaya Günəş kimi doğacaq”, – deyən ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanı lider dövlətə çevirərək xalqımızı daha işıqlı sabahlara doğru aparmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir: “Heydər Əliyev öz siyasi dühası ilə Azərbaycanın müasir simasını müəyyənləşdirmiş və xalqımızın taleyində silinməz izlər qoymuşdur. Onun siyasəti nəticəsində əldə olunan misilsiz nailiyyətlər göz qabağındadır. Bu uğurlar paytaxtımızın daim yeniləşən görkəmində, şəhər və rayonlarımızın sürətlə modernləşməsində, iqtisadiyyat və elmdə, təhsil, mədəniyyət və səhiyyədə, eləcə də ictimai-siyasi həyatımızda öz əksini tapmışdır”.
Əsl siyasi liderlər öz cəsarəti, prinsipial qərarları, ən çətin şəraitdə çıxış yolu tapmaq məharəti ilə seçilən fitri istedada malik insanlardır. Heydər Əliyev liderliyinin, Heydər Əliyev öndərliyinin fərqləndirici xüsusiyyəti isə yuxarıda sadaladığımız hər üç cəhəti təkcə öz xarakterində əks etdirməsi deyil, onları şah əsəri olan müstəqil Azərbaycan dövlətinin bugünkü reallıqlarına çevirməsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bu siyasət yaşayacaq, özü ilə birlikdə Azərbaycan xalqını da yaşadacaqdır. Bu gün heç kimin şübhə etmədiyi reallıq bundan ibarətdir ki, dahi Heydər Əliyev faktoru təkcə iyirminci əsr Azərbaycanının deyil, iyirmi birinci əsr Azərbaycanının da gerçək simasını və inkişaf perspektivlərini müəyyənləşdirir. Bu böyük şəxsiyyətin Azərbaycan naminə gördüyü işlər ölkəmizin milli sərhədlərini aşaraq bütövlükdə regionun və dünya sivilizasiyasının da tərəqqisinə xidmət edir”.
“Şərq qapısı”