23 Dekabr 2024, Bazar ertəsi

1941-1945-ci illər müharibəsində Azərbaycanın mərd oğul və qızları xalqımızın ən ali keyfiyyətini – fədakarlığını, vətənpərvərliyini, sarsılmaz mərdliyini nümayiş etdirmişlər. Dəhşətli müharibənin başlandığı ilk gündən səfərbərlik elan olunmuş, on minlərlə Azərbaycan oğul və qızı döyüş cəbhəsinə könüllü göndərilmək üçün ərizə vermişdir. Arxa cəbhədə isə yaşlı kişilər və respublikanın bütün iş qabiliyyətli qadınları çalışır, xalq təsərrüfatının bütün sahələrində döyüşə gedənləri əvəz edirdilər.

1941-1945-ci illərdə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhəyə yollanmış, onların isə 450 min nəfəri və ya 65 faizi orden və medallarla təltif olunmuş, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədə iştirak etmiş soydaşlarımızın təxminən yarısı həlak olmuş, azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 223-cü və 77-ci diviziyalar şərəfli döyüş yolu keçmişdir.

223-cü Diviziya Macarıstan və Yuqoslaviyanın faşistlərdən təmizlənməsində qəhrəmanlıq göstərmiş, 416-cı Diviziyanın əsgərləri isə Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olmuşlar. Onu da qeyd edək ki, 402-ci Atıcı Diviziya Naxçıvanda formalaşdırılaraq birbaşa cəbhəyə yola salınmışdı. Təkcə müharibənin başlandığı gün ərzində – 1941-ci il iyulun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdı ki, onun da 38 faizi 18 yaşı tamam olmuş gənclər idi. Bütövlükdə, 29 min 500 nəfər muxtar respublika sakini 1941-1945-ci illərin müharibəsində iştirak etmişdir. Könüllü müharibəyə gedənlərin yüz nəfərə yaxını qadınlar idi. Cəbhəyə yollananların hər iki nəfərindən biri – 16 min nəfərə yaxın naxçıvanlı həlak olmuşdur. Bir nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 102 nəfər “Şöhrət” ordeninin ayrı-ayrı dərəcələri ilə, 105 nəfər birinci və ikinci dərəcəli “Böyük Vətən müharibəsi”, 315 nəfər “Qırmızı ulduz”, 29 nəfər “Qırmızı bayraq” ordenləri ilə təltif olunmuşlar. Ordunun ehtiyacını ödəmək üçün xalqımız arxa cəbhədə də misilsiz əmək hünərləri göstərmiş, gecə-gündüz bilmədən çalışmışdır.
Bakıda hasil edilən neft müharibədə qələbənin qazanılmasına böyük töhfə vermişdir. O illərdə Sovet İttifaqında hasil olunan neftin dörddəüç hissəsi, aviasiya benzininin və yüksəkkeyfiyyətli sürtgü yağlarının 85-90 faizi Azərbaycanın payına düşürdü. Faşizm üzərində qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Ona görə də 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətləri, habelə arxa cəbhədəki fədakarlıqları hər zaman fəxrlə xatırlanır. Həmin dövrdə təkcə Naxçıvan Muxtar Respublikasından müdafiə fonduna 12 kiloqram qızıl və gümüş, 180 milyon 89 min manat nağd pul, 70 min ton ət və digər ərzaq məhsulları, 160 min dəstdən çox isti paltar göndərilmişdir.
Faşizm üzərində qələbədən 69 il ötür. Faşizmə qarşı mübarizədə ön cəbhələrdə fəallıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medallarla qayıdan həmyerlilərimiz bizim üçün qürur və iftixar mənbəyidir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev deyirdi: “Veteranlar bizim qızıl fondumuzdur. Onlar hər cür qayğıya və hörmətə layiqdirlər. Azərbaycanın bütün ictimaiyyəti, bütün Azərbaycan xalqı bilməlidir ki, İkinci Dünya müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətimizin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
Ulu öndər Vətən yolunda xidməti olan insanlardan heç vaxt qayğısını əsirgəməmişdir. Ötən əsrin 70-ci illərində veteranlara göstərilən qayğı ümummilli liderimiz siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra unudulmuş, 1941-1945-ci illər müharibəsi iştirakçılarına, Sovet İttifaqı qəhrəmanlarına və arxa cəbhədə çalışan veteranlara qarşı biganə, laqeyd münasibət göstərilmişdir. Hətta ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hakimiyyətdə olanlar 9 May – Qələbə Gününü qeyd etməmək barədə rəsmi tapşırıq da vermişdilər. Ancaq ümummilli lider Heydər Əliyevin rəhbərlik etdiyi 1990-1993-cü illərin Naxçıvanında veteranlar qayğı ilə əhatə olunmuş, 9 Mayla bağlı tədbirlər keçirilmişdir. Ümummilli liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 may respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə veteranlarının sosial müdafiəsi ildən-ilə gücləndirilmişdir. Onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər görülmüş, imtiyazları və statusları bərpa olunmuşdur.
Müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyev 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 30 aprel tarixli “1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə”, “1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması haqqında”, “1941-1945-ci illər Böyük Vətən müharibəsi əlillərinin və onlara bərabər tutulan şəxslərin xüsusi avtonəqliyyatla təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” sərəncamları bu kateqoriyadan olan insanlara göstərilən qayğının bariz nümunəsidir.
Azərbaycanın hər yerində olduğu kimi, muxtar respublikamızda da 1941-1945-ci illərdə böyük şücaət, qəhrəmanlıq göstərmiş insanların keçdiyi şərəfli döyüş yolu naxçıvanlı gənc nəslin mənəvi, hərbi-vətənpərvərlik tərbiyəsində mühüm amilə çevrilmişdir. Hər il 9 May – Qələbə Günü muxtar respublikada geniş şəkildə qeyd olunur, 1941-1945-ci illər müharibəsinin ağır və çətin sınaqlarından keçmiş veteranlara xüsusi diqqət və qayğı göstərilir. 1941-1945-ci illər müharibəsi qurbanlarının xatirəsinə ucaldılmış abidələr önündə tədbirlərin keçirilməsi, müharibə veteranlarına hədiyyələrin verilməsi və digər tədbirlər bu kateqoriyadan olan insanlara göstərilən qayğının, diqqətin əyani təzahürüdür.
Azərbaycan xalqı 1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini heç vaxt unutmayacaqdır. Onların həyat yolu bugünkü və gələcək nəsil üçün nümunədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.

“Şərq qapısı”

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR