23 Dekabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi Heydər Əliyev Muzeyində ümummilli liderin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirmişdir. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin abidəsi önünə gül dəstələri qoymuşlar.
Sonra tədbir muzeydə davam etdirilmişdir. Mədəniyyət və turizm naziri Sarvan İbrahimov tədbirdə çıxış edərək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında danışmışdır.

Qeyd olunmuşdur ki, ulu öndər Azərbaycan dövlətinin qurucusu kimi daim xalqının və ölkəsinin inkişafı üçün əvəzsiz xidmətlər göstərmişdir. Müstəqil Azərbaycanın bugünkü inkişaf səviyyəsinə çatmasında ulu öndərin bütün sahələrdə apardığı islahatlar çox böyük rol oynamışdır. “Ulu öndərin müəyyənləşdirdiyi siyasi xətt Azərbaycan dövlətinin inkişafına səbəb olmuş və onu dünya ölkə­ləri arasında tanıtmışdır”, – deyən nazir bildirmişdir ki, bu siyasət və uzaqgörən tədbirlər nəticəsində ölkəmiz dünyanın ən inkişaf etmiş dövlətləri sırasına çıxmışdır.
Sonra Heydər Əliyev Muzeyinin direktoru Ramil Orucəliyev çıxış edərək ulu öndərin irsinin təbliği və öyrənilməsində muzeyin fəaliyyətindən söhbət açmışdır. Qeyd olunmuşdur ki, bu gün muzeydə ulu öndərlə bağlı 4504 eksponat, 535 adda 1000-dən çox kitab mühafizə olunur.
Tədbir iştirakçıları “Heydər Əliyev: Azərbaycan mədəniyyətinin hamisi” adlı sənədli filmə baxmış və muzeydəki eksponatlarla tanış olmuşlar.

*    *    *

Naxçıvan Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş silsilə tədbirlərin yekunu olaraq “Heydər Əliyev: O Vətəndir, Vətən – O” mövzusunda elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov ümummilli lider, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində özünəməxsus iz qoyan böyük siyasətçi olduğunu vurğulamışdır. Bildirilmişdir ki, xalqımızın böyük oğlu siyasi uzaqgörənliyə, parlaq zəkaya malik olmaqla bərabər, Azərbaycançılıq ideologiyasının, bəşəri və milli dəyərlərin daşıyıcısına, rəmzinə çevrilmişdir. Qeyd olunmuşdur ki, ümummilli liderin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği hər bir azərbaycanlının müqəddəs məramıdır.
Yeni Azərbaycan Partiyası universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Kamal Camalov “Ümummilli lider Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda məruzə edərək ulu öndər Heydər Əliyevin zəngin ictimai-siyasi fəaliyyətində gəncliyə diqqət və qayğının prioritet məsələlərdən biri olduğunu bildirmişdir. Məruzəçi vurğulamışdır ki, ümummilli liderin şərəfli və mənalı ömür yolu müasir gənclik üçün örnəkdir.
Tarix-filologiya fakültəsinin dekanı, dosent İman Cəfərov “Ulu öndər Heydər Əliyev və Azərbaycan ədəbi mühiti” mövzusunda məruzə edərək diqqətə çatdırmışdır ki, milli ədəbiyyatımızın kamil bələdçisi və vurğunu dahi rəhbər Heydər Əliyev klassik və ədəbi irsi, Azərbaycan poeziyasını və dramaturgiyasını ideya-estetik və sənətkarlıq baxımından yüksək dəyərləndirmiş, milli ədəbiyyatımızın təbliğində, ədəbiyyat xadimlərinin əməyinin yüksək qiymətləndirilməsində əvəzsiz rol oynamışdır.
Konfransın bədii hissəsində ədəbi-bədii kompozisiya nümayiş olunmuş, ümummilli liderə, doğma Vətənə həsr olunmuş mahnı və şeirlər səsləndirilmişdir.

*    *    *

Dünən Naxçıvan Özəl Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev lektori­yası”nın növbəti məşğələsi keçirilib. Məşğələni giriş sözü ilə universitetin rektoru, professor İsmayıl Əliyev açıb.
Naxçıvan Özəl Universitetinin tədris və elmi işlər üzrə prorektoru, tarix üzrə fəlsəfə doktoru İbrahim Kazımbəyli “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə edib. Bildirilib ki, Azərbaycan dövlətinin milli dövlətçilik ideyaları zəminində formalaşmasında xalqımızın ümummilli lideri Heydər Əliyevin əvəz­edilməz xidmətləri olub. Ötən əsrin sonlarında SSRİ-nin süqutundan sonra Azərbaycanda, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında mürəkkəb ictimai-siyasi hadisələr yaşanıb. Həmin tarixi hadisələrin başlandığı dövr ölkə­miz üçün çətin və ağır olsa da, dahi şəxsiyyətin Vətənə qayıtması ilə bu çətinliklər aradan qaldırılıb. Məhz ümummilli liderin Naxçıvana gəlişi ilə o zamankı Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalan Naxçıvanın təhlükəsizliyi təmin olunub, onun muxtariyyət statusu gündəmə gətirilib.
Qeyd olunub ki, 1921-ci ildə Azərbaycan tərəfinin gərgin diplomatik mübarizəsi nəticəsində imzalanmış Qars müqaviləsinə əsasən, Naxçıvana muxtariyyət statusu verilib. Ötən əsrin sonlarında mənfur ermənilərin Naxçıvanı işğal etmək planlarının qarşısı dahi şəxsiyyət Heydər Əliyevin qətiyyəti, prinsipiallığı və adıçəkilən müqavilənin gündəmə gətirilməsi ilə alınıb. Müddətsiz olaraq imzalanmış Qars müqaviləsi böyük öndərin səyləri nəticəsində dünya dövlətlərinin diqqətinə çatdırılıb.
Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev Naxçıvanı təkcə qorumayıb, həm də onun gələcək inkişafı üçün misilsiz xidmətlər göstərib. Xalqımızın böyük oğlu ilk dəfə olaraq bu torpaqda Azərbaycanın üçrəngli dövlət bayrağını dalğalandırıb, milli dövlətçilik strukturunun əsaslarını yaradıb. Hansı ki bu əsaslar sonrakı illərdə müstəqil Azərbaycanın hərtərəfli inkişafında baza rolunu oynayaraq onun dünya dövlətləri sırasında öz layiqli yerini tutmasına imkan verib.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən slaydlara baxıblar.

Səbuhi HƏSƏNOV

*    *    *

Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı rayonun Aralıq kəndindəki mədəniyyət evində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirmişdir. Tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycan dövlətçiliyi tarixinin ən şanlı və parlaq səhifələri ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərə təsadüf edir. Ötən əsrin 70-80-ci illərində dahi rəhbərin apardığı uğurlu islahatlar nəticəsində Azərbaycan ittifaq respublikaları arasında ən yüksək pilləyə yüksəlmişdi.
“1993-cü ilin tarixi Qurtuluş Günündən başlayan 10 il ərzində Azərbaycan ulu öndərin rəhbərliyi ilə əsrə bərabər uğurlu yol qət etmişdir”, – deyən təşkilat sədri vurğulamışdır ki, müdrik rəhbər, özünün də dediyi kimi, ömrünün qalan hissəsini doğma xalqına qurban vermişdir. Xalqımızın böyük oğlu Vətənimizi dünyada tanıtmış, onun dövlətlər arasındakı layiqli yerini təmin etmişdir.
Qeyd olunmuşdur ki, bu gün ulu öndərimizin ideyaları ardıcıl olaraq həyata keçirilir, müəyyənləşdirdiyi hərtərəfli inkişaf strategiyası uğurla reallaşdırılır.
Tədbirdə partiya üzvlərindən Nüsrət Həsənov, Afaq Əzizova və Tahirə Tahirova çıxış etmişlər. Sonra partiya sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilmiş, bir qrup partiya veteranına hədiyyələr təqdim olunmuşdur.
Sonda məktəblilərin ifasında ulu öndərə həsr edilmiş şeirlər səsləndirilmişdir.

*    *    *

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı da tədbir keçirmişdir.
Tədbiri giriş sözü ilə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyev irsinin öyrənilməsi, ilk növbədə, dövlətçilik və Azərbaycançılıq ideyalarının təməl prinsiplərinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan tarixinin taleyüklü hadisələrlə dolu 40 ildən artıq bir dövrü ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində xalqımızın böyük oğlu Heydər Əliyev Azərbaycan xalqını zamanın ən böyük sınaqlarından çıxarmış, ölkəmizin iqtisadi, milli-mədəni tərəqqisinə nail olmuşdur.
“Azərbaycanda milli dövlət quruculuğunun əsası ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə qoyulmuşdur”, – deyən Arif Qasımov qeyd etmişdir ki, ulu öndərin siyasi hakimiyyətə gəldiyi dövr müasir tariximizə xalqımızın Milli Qurtuluş mərhələsi kimi düşmüşdür. Yeni Azərbaycan Partiyasının gücünün və nüfuzunun Heydər Əliyev ideyalarından qaynaqlanaraq Azərbaycan xalqına, Azərbaycan dövlətinə, milli birliyimizə və Azərbaycançılıq ideologiyasına xidmətdə olduğunu bildirən təşkilat sədri vurğulamışdır ki, bu gün partiya üzvlərinin əsas vəzifəsi Azərbaycan dövlətinin daha da qüdrətlənməsi, xalqımızın rifahı naminə fədakarlıqla çalışmaqdır.
Sonra partiya üzvlərindən Vüsalə Əliyeva, Nəriman Seyidov, Elmira Dadaşova və Ceyhun Qurbanov çıxış etmişlər.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR