Mayın 7-də Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə bələdiyyələrin fəaliyyəti ilə bağlı maarifləndirici tədbir keçirilib. Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev açaraq rayonda fəaliyyət göstərən bələdiyyələr üçün yaradılan şəraitdən danışıb.
Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri, II dərəcəli dövlət ədliyyə müşaviri Suliddin Əliyev çıxışında bildirib ki, muxtar respublikada yerli özünüidarə institutunun yaradılması dövlətin öz xalqının rahat yaşayışını təmin etmək məqsədinə xidmət edir. Bələdiyyələrin fəaliyyətinin stimullaşdırılması məqsədilə nazirlik tərəfindən digər rayonlarda olduğu kimi, Babək rayonunda da son 5 ildə İcra Hakimiyyəti ilə birlikdə 17 dəfə araşdırmalar aparılıb və aşkar olunan nöqsanların aradan qaldırılması üçün bələdiyyələrə lazımi metodik köməkliklər göstərilib. Nazir qeyd edib ki, keçirilən maarifləndirici tədbirlərə, edilən köməkliklərə baxmayaraq, rayonda fəaliyyət göstərən bələdiyyələrin bir neçəsində hələ də nöqsan və çatışmazlıqlar qalmaqdadır. Vurğulanıb ki, bu gün yerli özünüidarəetmə orqanları arasında əməkdaşlığın gücləndirilməsi, bələdiyyə qanunvericiliyinin öyrənilməsi və tətbiq edilməsi, kargüzarlıq işlərinin qanunvericiliyin tələbləri səviyyəsində qurulması günün əsas tələblərindən biridir. Buna görə də bələdiyyələr onlara göstərilən diqqət və qayğı müqabilində fəaliyyətlərini düzgün qurmalı və görülən işlər özünü əməli nəticələrlə doğrultmalıdır.
Tədbirə Babək Rayon İcra Hakimiyyətinin başçısı Elçin Hüseynəliyev yekun vurub.
Xəbərlər şöbəsi