Ulu öndər Heydər ƏLİYEV: ...Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı yaradanlar, Şuşa şəhərini quranlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar. Bu, Azərbaycan xalqının, əcdadlarımızın yaratdığı böyük abidədir, təkcə şəhər deyil, böyük bir tarixi abidədir. Bu şəhərdə, onun ətrafında Azərbaycan xalqının bir neçə əsrlik tarixə malik böyük mədəniyyəti, mədəni irsi, qəhrəmanlıq nümunələri yaranıbdır. Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir.
Tarix
Şuşa şəhərinin əsası 1756-cı ildə Azərbaycan feodal dövləti olan Qarabağ xanlığının başçısı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdur. O, Qarabağ xanlığını düşmən hücumlarından qorumaq məqsədilə alınmaz bir qala tikdirməyi qərara alır və Qarabağın ən səfalı guşəsində, üç tərəfdən sıldırım qayalarla əhatə olunmuş dağ yaylasında yeni qalanın bünövrəsini qoyur. Pənahəli xan qalanın şimal və şərq hissəsini yüksək hasar ilə əhatə etdirir, hasarın içərisində yeni binalar və özü üçün saray tikdirir. Yerli əhali şəhəri Pənahəli xanın şərəfinə “Pənahabad” adlandırır. Şiş uclu dağların əhatəsində yerləşən Pənahabad əvvəllər “Şişə”, sonra isə “Şuşa” adlandırılır.
“Culfalar”, “Dəmirçi”, “Qazançılı”, “Əylisli”, “Qurdlar”, “Çuxur”… Yox, biz Naxçıvandan danışmırıq. Bunlar məhz Şuşanın məhəllələrinin adlarıdır.
Şuşanın bir şəhər kimi formalaşması üç mərhələdən keçmişdir. Pənahəli xanın hakimiyyət dövrünü əhatə edən birinci mərhələdə şəhərin ən qədim məhəlləsi olan “Təbrizli” məhəlləsi salınmışdır. Qarabağ xanlığının ləğv edilməsinə qədər bu adla tanınan məhəllə sonralar şəhərin relyefinə uyğun olaraq “Aşağı məhəllə” adlandırılmışdır. Şuşanın bu ilk məhəlləsi aşağıda adları çəkilən küçələrdən ibarət idi: “Çuxur”, “Qurdlar”, “Culfa”, “Seyidli”, “Quyular”, Hacı Yusifli, “Dörd çinar” və “Çöl qala”. Şuşanın bir şəhər kimi formalaşmasının ikinci mərhələsi İbrahimxəlil xanın hakimiyyəti illərinə (1763-1806) təsadüf edir. Bu mərhələdə “Yuxarı məhəllə” adlanan ikinci məhəllə salınmışdır. Şəhərsalma üçün əlverişli olan “Aşağı məhəllə”nin yerindən fərqli olaraq, bu məhəllənin ərazisi nisbətən dağlıq olub, sıx meşə ilə örtülmüşdü. Elə buna görə də tələbat yarandıqca ərazi meşələrdən təmizlənir və yerində küçələr salınırdı. Təxminən 40 il ərzində formalaşan “Yuxarı məhəllə”də 8 yeni küçə salınmışdı. Həmin küçələr aşağıdakılar idi: “Xanlıq”, “Saatlı”, “Köçərli”, “Xoca Mərcanlı”, “Dəmirçi”, “Təzə”. Şəhərin dağlıq ərazidə yerləşən “Qazançılı” adlanan üçüncü məhəlləsi 1805-ci ildən sonra salınmışdır.
Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalına qədər Şuşa şəhəri Azərbaycanın Qarabağ xanlığının iqamətgahı və xanlığın inzibati mərkəzi olmuşdur. Rus işğalı zamanında da Şuşa Azərbaycan şəhəri kimi öz aparıcı mövqeyini qoruyub saxlamışdır. Lakin Rusiyaya güclü Qarabağ xanlığı sərf etmirdi və çar məmurları xanlığı zəiflətmək üçün bütün imkanlardan istifadə edirdilər. Bu imkan isə Azərbaycana və onun ayrılmaz tərkib hissəsi olan Qarabağa, Şuşaya ermənilərin köçürülməsi idi. Ermənilərin ənənəvi xislətinə və psixologiyasına yaxşı bələd olan, onlardan gələcəkdə də özlərinin geosiyasi maraqları üçün istifadə edə biləcəklərini dərk edən çar Rusiyası Azərbaycan torpaqlarına, o cümlədən Qarabağa erməni ailələri köçürməyə başladı. 1832-ci ildə azərbaycanlılar Qarabağ əhalisinin 91 faizini təşkil edirdisə, köçürmə siyasəti nəticəsində bu, 64,8 faizə enmişdi.
1805-ci il may ayının 14-də imzalanan Kürəkçay müqaviləsinə əsasən, Şuşa qalasında rus qoşun dəstələri yerləşdirilmiş, 1822-ci ildə Qarabağ xanlığı ləğv edilmiş, əvəzində eyniadlı əyalət yaradılmış və 1840-cı il islahatı ilə “Qarabağ əyaləti” yerində yaradılan və Kaspi (Xəzər) vilayətinə daxil edilən “Şuşa qəzası” 1868-ci ildən Yelizavetpol (Gəncə) quberniyasına verilmişdir. Bu vəziyyət Azərbaycan sovetləşənə qədər davam etmişdir. Bu cür parçalanmalar, inzibati ərazi bölgüsünün kobudcasına pozulması, ümumilikdə, ermənilərin Azərbaycana qarşı gələcəkdə irəli sürəcəkləri ərazi iddiaları üçün zəmin hazırlamışdır.
Şuşa XX əsrdə üç dəfə erməni təcavüzünə məruz qalmışdır. Şəhər birinci dəfə 1905-1907-ci illərdə ermənilər tərəfindən törədilən qanlı qırğınların şahidi olmuşdur. 1920-ci ildə də şəhərin bir hissəsi ermənilər tərəfindən dağıdılmışdır.
Sovet hakimiyyəti illərində ermənilər tərəfindən Şuşadakı tarixi-mədəniyyət abidələrimiz dağıdılmış, laqeydlik Şuşanın iqtisadi baxımdan tənəzzülü ilə nəticələnmişdir. Şuşa şəhərinin yenidən dirçəldilməsi yalnız 1969-cu ildə ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra mümkün olmuşdur. Məhz ulu öndərimizin təşəbbüsü ilə şəhərin tarixi-memarlıq abidələrinin dağıdılmasının qarşısını almaq üçün tədbirlər görülmüş, 1977-ci ilin avqust ayında Azərbaycan SSR Nazirlər Soveti “Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan etmək haqqında” qərar qəbul etmişdir. Şəhərin sosial-iqtisadi və mədəni həyatının dirçəldilməsi üçün də xeyli iş görülmüş, ölkədə tar, kamança, ud, nağara və digər milli musiqi alətlərini istehsal edən yeganə Şərq Milli Musiqi Alətləri Fabriki istifadəyə verilmiş, Azərbaycan mədəniyyətinin və incəsənətinin korifeyləri olan Ü.Hacıbəylinin, Bülbülün, X.Natəvanın, M.M.Nəvvabın ev-muzeyləri təşkil olunmuş, 1982-ci ilin yanvarında Molla Pənah Vaqifin məqbərəsi açılmışdır.
İşğal
XX əsrin 80-ci illərinin sonlarında Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətdən uzaqlaşdırılmasından sonra Dağlıq Qarabağın işğalı planı hissə-hissə həyata keçirilməyə başlanmış və Şuşa xəyanətin qurbanı olaraq 1992-ci il may ayının 8-də ermənilər tərəfindən işğal edilmişdir.
Sovet hakimiyyəti dövründə Dağlıq Qarabağ məsələsi bir neçə dəfə qaldırılsa da, ermənilər və onların himayədarları məqsədlərinə nail ola bilməmişdilər. Odur ki, onlar müəyyən tarixi məqam gözləməyə məcbur olmuş, XX əsrin 80-ci illərinin sonunda SSRİ hökuməti, xüsusilə onun başında duranların Azərbaycan torpaqlarına açıq-aşkar təcavüz edən ermənilərə himayədarlıq etməsi üzündən hadisələr getdikcə daha da mürəkkəbləşmiş, Ermənistan Respublikası Azərbaycan ərazilərinə hərbi təcavüzə başlamışdır. 1989-cu il avqustun 13-də ermənilər Şuşaya gələn su kəmərini partlatmış, ayın 17-də Əsgəranda Şuşa-Ağdam marşrutu üzrə işləyən avtobusa hücum etmiş, avqustun 28-də isə Şuşadan Bakıya, Ağdama və respublikanın digər rayonlarına gedən 9 avtobus və 1 yük maşını karvanı ermənilər tərəfindən atəşə tutulmuşdur. Həmin il oktyabrın axırı, noyabrın əvvəllərində isə Şuşa yaxınlığında Ağa körpüsünün ermənilər tərəfindən partladılması nəticəsində Şuşanın ətraf rayonlarla əlaqəsi kəsilmiş və şəhər blokada vəziyyətinə düşmüşdür.
Ötən əsrin 90-cı illərinin əvvəllərində sovet rəhbərliyinin ermənipərəst siyasəti və Azərbaycana rəhbərlik edənlərin siyasi səriştəsizliyi vəziyyətin getdikcə kəskinləşməsinə səbəb olmuş, ermənilərin Azərbaycan torpaqlarına təcavüzü daha geniş miqyas almışdı. 1991-ci ilin iyun-dekabr aylarında erməni silahlı qüvvələrinin Xocavəndin Qaradağlı və Əsgəran rayonunun Meşəli kəndinə hücumu nəticəsində 12 azərbaycanlı öldürülmüş, 15-i isə yaralanmışdır. Şuşa-Cəmilli, Şuşa-Mingəçevir, Ağdam-Xocavənd, Ağdam-Qaradağlı və Ağdam-Şuşa, Laçın-Şuşa avtobuslarının erməni silahlı qüvvələri tərəfindən atəşə tutulması nəticəsində 17 nəfər həlak olmuş, 90 nəfərə qədər azərbaycanlı yaralanmışdır. Şuşanın Xankəndidən keçən telefon-rabitə xətləri noyabrın 24-dən kəsilmiş, şəhər və digər azərbaycanlılar yaşayan kəndlər tamamilə ətraf aləmdən təcrid olunmuşdur. Nəticədə, Xocalı və Şuşa mühasirədə qalmışdır. Dekabrın 2-nə keçən gecə, əsasən, rus hərbçilərinin idarə etdiyi zirehli texnika növləri, o cümlədən döyüş maşınları ilə təmin olunmuş Ermənistan ordusu Xankəndi tərəfdən Kərkicahan qəsəbəsinə hücum edərək oranı işğal etmişdir. Bu vaxt Şuşadan əlavə kömək göndərmək mümkün deyildi. Çünki rus hərbçiləri Şuşadan Kərkicahana gedən yolu bağlamışdılar. Eyni zamanda Şuşa şəhərinin özü də hər gün erməni mövqelərindən intensiv top və raket atəşinə tutulurdu. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri 366-cı motoatıcı alayının köməkliyi və iştirakı ilə Xocalı şəhərinə hücum edərək 600-dən çox insanı qətlə yetirmiş, tarixdə misligörünməmiş vəhşilik – Xocalı soyqırımını törətmişlər. Xocalı erməni quldurları tərəfindən ələ keçirildikdən sonra aydın idi ki, növbəti həmlə Şuşaya olacaq.
1992-ci il mart ayının sonu, aprelin əvvəllərindən başlayaraq Şuşa yaxınlığında ermənilərin zirehli texnikası, saysız-hesabsız canlı qüvvəsi toplanırdı. May ayının 7-dən 8-nə keçən gecə Şuşa dörd tərəfdən “qrad”, “kristal” tipli raketlər, top, tank, PDM, ZDM, pulemyot və avtomatlarla güclü atəşə tutulmuş, atəş səhərə qədər davam etmişdi. Şəhər ayın 8-i axşama qədər müdafiə olunsa da, tank və zirehli maşınların köməyi ilə ermənilər əvvəl Şuşanı, sonra isə Kosalar və Şırlan kəndlərini ələ keçirdilər.
Beləliklə, ən müasir texnika hesabına 289 kvadratkilometr ərazisi, 24 min nəfər əhalisi, 1 şəhər və 30 kənddən ibarət olan Şuşa Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş, qanlı döyüşlərdə 195 azərbaycanlı şəhid olmuş, 165 nəfər yaralanmış, 58 nəfər isə girov götürülmüşdür. Ermənilər tərəfindən əsir götürülmüş 114 nəfər azərbaycanlı sonradan xüsusi qəddarlıqla qətlə yetirilmişdir. İşğal nəticəsində Şuşanın 20 kitabxanası, 12 klubu, 6 mədəniyyət evi, 22 məktəbi, 7 uşaq bağçası yandırılmış və dağıdılmışdır. İşğala qədər Şuşada memarlıq abidəsi sayılan 170-dən çox yaşayış binası və 160-dək mədəniyyət və tarixi abidə var idi. Son Tunc və İlk Dəmir dövrü abidəsi sayılan Şuşa və Şuşakənd daş qutu qəbirləri, Daş dövrü abidəsi olan Şuşa mağara düşərgəsi, XVIII əsrə aid Şuşa qalasının divarları, Pənah xanın sarayı və kitabxanası, İbrahim xanın bürcü və qəsri, Xan sarayı və karvansaray, Molla Pənah Vaqifin mədrəsəsi və türbəsi, Yuxarı məscid mədrəsəsi, Hacıqulların malikanəsi, ikimərtəbəli karvansaray, Mehmandarovların malikanə kompleksi, Üzeyir bəy Hacıbəylinin, Bülbülün ev-muzeyləri, Xan Şuşinskinin evi, Realni məktəbinin binası, Qız məktəbi, Şirin su hamamı, Meydan bulağı, İsa bulağı və sair tarixi mədəniyyət nümunələri erməni işğalçıları tərəfindən talan edilmiş və dağıdılmışdır.
Bir vaxtlar “Qafqazın sənət məbədi”, “Azərbaycan musiqisinin beşiyi” və “Şərqin konservatoriyası” adlandırılan, görkəmli mədəniyyət xadimləri yetişdirən, Azərbaycan tarixini özündə yaşadan Şuşa hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək demişdir: “Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur”.
20 ildən çoxdur ki, təcavüzkar Ermənistan münaqişənin nizama salınması üçün aparılan danışıqlar prosesində qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi “dondurmağa” çalışır. BMT Təhlükəsizlik Şurasının işğal olunmuş Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə məlum 822, 853, 874 və 884 saylı qətnamələri, BMT Baş Assambleyasının “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı 2008-ci il 14 mart tarixli qətnaməsi, habelə AŞPA-nın Azərbaycan ərazilərinin erməni hərbi qüvvələri tərəfindən işğal edildiyini və Dağlıq Qarabağ regionunun separatçı qüvvələr tərəfindən idarə olunmasını təsdiq edən 1416 saylı qətnamə və 1690 saylı tövsiyəsinin qəbul edilməsinə baxmayaraq, Ermənistan işğal olunmuş torpaqları, o cümlədən Şuşanı azad etmir.
İnam…
İndi onların – şuşalıların sayı 30 mindir. Onlar Azərbaycanın 55 rayonunda müvəqqəti məskunlaşmışlar. Bu müvəqqəti müddətin sonuna elə də çox qalmayıb. Bu gün şuşalılar harada yaşamalarından, nə qədər yüksək səviyyədə qayğı ilə əhatə olunmalarından asılı olmayaraq, bu 30 min insan və deməli, 30 min inam Qarabağa – Şuşaya qayıdacağından əmindir. Bu əminlik Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətindən, beynəlxalq aləmdə artan nüfuzundan, ən əsası Azərbaycan Prezidenti cənab İlham Əliyevin Şuşada və Xankəndidə Azərbaycan bayrağının dalğalanması uğrunda apardığı əzmkar siyasətdən, ölkənin Ali şəxsinin ali bəyanatlarından doğur: “Bizim bayrağımız bu gün işğal edilmiş torpaqlarda qaldırılmalıdır və qaldırılacaq. Şuşada, Xankəndidə bizim milli bayrağımız dalğalanmalıdır və dalğalanacaq. Bu günü biz hamımız yaxınlaşdırmalıyıq, bu günə biz hamımız nail olacağıq. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək və Azərbaycan dövləti bundan sonra da ancaq və ancaq inkişaf və tərəqqi yolu ilə gedəcək”.
Elnur KƏLBİZADƏ