Bu mövzuda tədbirlər keçirilib
Mayın 7-də Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda elmi-praktik konfrans keçirmişdir.
Konfransda “Xan Sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin direktoru Nəzakət Əsədova “Əbədiyaşar ümummilli lider”, Naxçıvan Dövlət Universitetinin prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev “Qayıdışdan doğan böyük intibah”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Naxçıvana muxtariyyət statusunun verilməsi”, Naxçıvan Özəl Universitetinin Humanitar fənlər kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyev və Naxçıvanın muxtariyyət statusu”, Naxçıvan Özəl Universitetinin müəllimi, tarix üzrə fəlsəfə doktoru Mehman Şabanov “Ulu öndər Heydər Əliyev və Naxçıvanın ərazi bütövlüyünün qorunması” mövzularında məruzələr etmişlər.
Məruzələrdə bildirilmişdir ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Vətənə, xalqa, dövlətə sədaqətin və yorulmaz xidmətin müstəsna nümunəsini yaratmışdır. 1969-cu ildə Azərbaycan özünün böhranlı günlərini yaşayanda da, 1993-cü ildə yenicə bərpa olunmuş dövlət müstəqilliyimiz məhvə sürüklənəndə də ulu öndər Heydər Əliyev xilaskarlıq missiyası ilə canı qədər sevdiyi, qibləgahı adlandırdığı Azərbaycanı keçilməz görünən bütün sınaqlardan qətiyyətlə və üzüağ çıxarmışdır. Ulu öndərimizin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb-yaratdığı, siyasi fəaliyyətlə məşğul olduğu və muxtar respublikamıza başçılıq etdiyi dövr Azərbaycanın müstəqillik tarixində xüsusi mərhələ təşkil edir.
Qeyd edilmişdir ki, qədim türk yurdu Zəngəzurun ermənilərə verilməsindən sonra Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkəmizin əsas hissəsindən coğrafi baxımdan aralı düşmüşdür. Bu qədim diyarın Azərbaycanın tərkib hissəsi kimi qorunub saxlanılması və ona muxtariyyət statusunun verilməsi 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars müqavilələrində öz əksini tapmışdır. 1921-ci ilin yanvarında keçirilən rəy sorğusunda Naxçıvan əhalisinin 90 faizindən çoxu Naxçıvanın Azərbaycanın tərkib hissəsi kimi qalmasına tərəfdar çıxmış və bu sorğunun nəticələri müqavilələrin imzalanmasına mühüm təsir göstərmişdir.
Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı və Azərbaycan Respublikasının Prezidenti olduğu dövr Naxçıvanın muxtariyyət statusunun möhkəmləndirilməsində mühüm mərhələ təşkil edir. 1992-ci ilin may ayında ermənilərin Naxçıvana hərbi təcavüzünün gücləndiyi dövrdə ümummilli liderimizin diplomatik addımları ilə dünyanın 57 ölkəsi bu təcavüzü rəsmi şəkildə pisləyən bəyanat vermişdir. Türkiyə Naxçıvanın müdafiəsi üçün qətiyyətli addımlar atmaq əzmini nümayiş etdirmiş, mayın 28-də Sədərək-Dilucu körpüsü açılmışdır. 1993-cü ilin iyununda ulu öndərin ölkə rəhbərliyinə qayıdışından sonra Naxçıvanın hüquqi statusunun möhkəmləndirilməsində mühüm addımlar atılmışdır. 1995-ci ildə qəbul olunan Azərbaycan Konstitusiyasında Naxçıvan Azərbaycanın tərkibində muxtar dövlət elan edilmişdir.
Elmi-praktik konfransın sonunda Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinə həsr olunmuş film nümayiş etdirilmişdir.
* * *
Naxçıvan şəhərindəki Heydər Əliyev adına tam orta məktəbdə “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ulu öndərimizin məktəbin ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoymuşlar.
Məktəbin iclas zalında keçirilən tədbiri giriş sözü ilə təhsil ocağının direktoru Namiq Məmmədov açmışdır.
AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə etmişdir. Ulu öndər Heydər Əliyevin həm qədim diyarda yaşayıb işlədiyi illər, həm də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövr haqqında danışan alim bu illərin Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində, onun erməni hücumlarından qorunmasında mühüm mərhələ təşkil etdiyini bildirmişdir. Vurğulanmışdır ki, ötən əsrin 90-cı illərinin əvvəllərində regionun ərazi bütövlüyü pozularkən, sərhəd kəndlərinə erməni təcavüzü olarkən müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi 1991-ci il yanvar ayının 11-də Moskva və Qars müqavilələrini imzalayan dövlətlərə bəyanat verərək bu hadisəyə münasibət bildirməyə çağırmışdır.Tədbirdə məktəbin müəllimlərindən Həsən Həsənovun, Feyruz Novruzovun çıxışları olmuşdur. Çıxış edənlər ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə Naxçıvanla bağlı verdiyi sərəncamlardan, bu diyara tarixi səfərlərindən, Naxçıvanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün gördüyü işlərdən, muxtariyyət statusunun hüquqi cəhətdən möhkəmləndirilməsi və həllivacib digər məsələlərin həlli üçün reallaşdırılan tədbirlərdən bəhs etmişlər. Məhz bütün bu tədbirlər Naxçıvanın hərtərəfli inkişafını təmin etmiş, regionu çiçəklənən diyara çevirmişdir.
Sonra ümummilli liderin həyat və fəaliyyətini əks etdirən slayd nümayiş olunmuşdur.
Xəbərlər şöbəsi