May ayının 6-da Şahbuz Rayon Prokurorluğunun təşkilatçılığı ilə rayonun Ayrınc kəndində elektrik enerjisindən və təbii qazdan düzgün istifadə qaydalarına, həmçinin ətraf mühitin qorunması məsələlərinə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Şahbuz rayon prokuroru, ədliyyə müşaviri Ramiz Novruzov “Təbii qazdan və elektrik enerjisindən qanunsuz istifadəyə görə cinayət və inzibati məsuliyyət” mövzusunda məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, böyük dövlət qayğısı nəticəsində muxtar respublikamızda əhali fasiləsiz elektrik enerjisi və təbii qazla tam təmin olunmuşdur. Hazırda qarşıda duran başlıca vəzifə enerji resurslarından səmərəli istifadə olunmasından ibarətdir.
Ona görə də hər bir idarə, müəssisə və təşkilat, eləcə də hər bir vətəndaş elektrik enerjisindən və təbii qazdan səmərəli istifadə etməli, israfçılığa, qanunsuz istifadə hallarına qətiyyən yol verməməlidir. Ramiz Novruzov qanunsuz istifadə halları ilə əlaqədar Cinayət Məcəlləsindəki maddələr barədə sakinlərə ətraflı məlumat vermişdir.
Vurğulanmışdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin mülkiyyət əleyhinə olan cinayətlər fəslinə yeni maddə – “Təbii qazın, elektrik və ya istilik enerjisinin talanması” maddəsi əlavə edilməklə cinayət qanunvericiliyimizdə bir sıra əməllər cinayət kimi təsbit edilmişdir.
Sonra Şahbuz rayon prokurorunun köməkçisi Turqay Həşimli ətraf mühitin mühafizəsi barədə çıxış edərək bildirmişdir ki, ölkəmizdə son illərdə ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadəyə dair bir sıra normativ-hüquqi aktlar qəbul edilmiş, təbiətin qorunması sahəsində mühüm addımlar atılmışdır. Nəzərə çatdırılmışdır ki, ətraf mühitə ziyan vurulması nəticəsində bitki örtüyünün, heyvanların, su obyektlərinin, bioloji sərvətlərin məhv olması, atmosferin çirklənməsi və sair hallar baş verir. Odur ki, ətraf mühitin qorunması günümüzün vacib məsələlərindən biridir və bu iş hər kəsin vətəndaşlıq borcudur.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.
Xəbərlər şöbəsi