23 Dekabr 2024, Bazar ertəsi

Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.
Tədbiri Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Rizvan Məmmədov açaraq məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanın çağdaş tarixini ümummilli lider Heydər Əliyevin fəaliyyətindən kənar təsəvvür etmək mümkün deyil. Dahi rəhbər Heydər Əliyevin uzaqgörənliyi, iradə və qətiyyəti, müdrik və dərin zəkası xalqımızı xilas etmiş, xalqın itirilmiş inamını özünə qaytarmış, sabaha, gələcəyə ümidini artırmışdır.

Azərbaycanın son qırx ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi müdrik rəhbər Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş müşahidə olunmuş, sosial-iqtisadi inkişaf baş vermiş, ölkə zamanın ağır sınaqlarından üzüağ çıxarılmışdır.
Ulu öndər həyatını belə xarakterizə edirdi: “Mən həyatımı insanlara səadət gətirməyə həsr etmişəm. Mən həyatımı millətimin, xalqımın rifahının yaxşılaşdırılmasına həsr etmişəm, həyatımı Azərbaycan torpaqlarında qurub-yaratmağa həsr etmişəm”.
Konfransda Yeni Azərbaycan Partiyası Şahbuz Rayon Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin sədri Vüqar Muradov çıxış etmişdir.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına daxil olan gənc­lərə üzvlük vəsiqələri təqdim olunmuşdur.
Tədbirin bədii hissəsində rayon Mədəniyyət Evinin kollektivi konsert proqramı ilə çıxış etmişdir.

*   *   *

Dünən Yeni Azərbaycan Partiyası (YAP) Culfa Rayon Təşkilatı ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda tədbir keçirmişdir.
Tədbiri YAP Culfa Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qadir İbrahimov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın çox­əsrlik dövlətçilik tarixində mühüm yer tutan Naxçıvan heç vaxt özünü Azərbaycandan ayrı təsəvvür etmə­miş, bütün dövrlərdə dünyanın bir çox dövlətləri üçün də böyük coğrafi-siyasi və strateji əhəmiyyət kəsb etmişdir. Xüsusilə keçən əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnakları Naxçıvana qarşı ərazi iddiaları irəli sürmüş, bu diyarı Ermənistana qatmaq üçün bütün vasitələrə əl atmışlar. Bölgə əhalisinin inadlı müqaviməti nəticəsində Naxçıvan Azərbaycanın əzəli və əbədi tərkib hissəsi kimi qorunub saxlanılmış və son nəticədə, ona Azərbaycanın tərkibində muxtariyyət statusu verilmişdir.
Ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının yaradılmasını Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi böyük tarixi nailiyyət adlandıraraq demişdir: “Naxçıvanın muxtariyyəti mühüm hadisədir. Bu, çətin bir dövrdə, böyük bir mübarizənin nəticəsi olubdur. Naxçıvanın statusunu qoruyub saxlamaq üçün Moskva müqaviləsinin və xüsusən Qars müqaviləsinin böyük əhəmiyyəti olubdur. Naxçıvan Azərbaycanın əsas torpağından ayrı düşdüyünə görə Naxçıvanın bütövlüyünü, təhlükəsizliyini, dövlətçiliyini, muxtariyyətini gələcəkdə də təmin etmək üçün Qars müqaviləsi bizim üçün çox böyük, əvəzi olmayan bir sənəddir”. Ulu öndərin qədim diyarda yaşayıb işlədiyi illər (1990-1993), həm də Azərbaycana rəhbərlik etdiyi dövr Naxçıvanın muxtariyyətinin möhkəmləndirilməsində, onun erməni hücumlarından qorunmasında mühüm mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikasının sərhəd kəndlərinə erməni təcavüzü olarkən, diyarın ərazi bütövlüyü pozularkən 1991-ci il yanvar ayının 11-də müdrik şəxsiyyət Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Moskva və Qars müqavilələrini imzalayan dövlətlərə bəyanat verərək bu hadisəyə münasibət bildirməyə çağırdı. Bir qədər sonra isə, 1992-ci ilin may ayında Naxçıvana erməni təcavüzü artarkən xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanın siyasi-diplomatik yollarla müdafiəsinin təşkili işinə böyük diqqət yetirdi. Ulu öndər Türkiyə Cümhuriyyətinin rəhbərləri ilə danışıqlar apardı, nəticədə, Türkiyə Naxçıvana təcavüzlə bağlı bəyanatla çıxış etdi.
Sonra partiya üzvlərindən Adəm Qasımovun, Təranə Bayramovanın, Hüseyn Şəkərəli­yevin, Nəbi Abdullayevin və Əbülfəz Ağayevin çıxışları olmuşdur.
Sonda şagirdlərin ifasında ulu öndər Heydər Əliyevə həsr edilmiş şeirlər bədii qiraət olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR