Müxtəlif mövzularda ictimai məzmun daşıyan məqalələrin dərc olunduğu “Şərq qapısı” qəzeti ölkəmizin, eləcə də dünyanın müxtəlif bölgələrində saytı vasitəsi ilə oxunmaqda və gündən-günə qəzetimizə maraq artmaqdadır. Bu, qəzetimizin elektron poçt ünvanına daxil olan yazılarda ifadə olunur. Bu günlərdə qəzetimizin elektron poçt ünvanına daxil olan yazılardan birini oxuculara təqdim edirik. Azərbaycan Tibb Universitetinin dosenti, Azərbaycan Jurnalistlər Birliyinin üzvü Nağdəli Zamanovun müəllifi olduğu məqalə belə adlanır:
Xalqımız bu il Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini qeyd edir. Azərbaycan dövlətinin, Azərbaycançılığın formalaşması yolunda Naxçıvan amilinin rolu tam tədqiq olunmamış bir sahədir. Və bu gün bu məsələlərə aydınlıq gətirmək baxımından ulu öndərimiz Heydər Əliyevin Naxçıvanla bağlı müxtəlif auditoriyalarda səsləndirdiyi nitqlərinin araşdırılması günün vacib məsələlərindəndir. Müdrik rəhbərin söylədiyi “Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir, biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq” kəlamı müasir tarix elmi üçün geniş tədqiqat mövzusudur.
Azərbaycanın XX əsrin 90-cı illərindəki müstəqillik mübarizəsi Naxçıvan modeli ilə öyrənilə bilər və öyrənilməlidir. Bu mübarizəni biz ümummilli lider Heydər Əliyevin nitqlərində araşdıra, öyrənə, gələcək müstəqillik yollarında tətbiq edə bilərik: “Mən hesab edirəm ki, Naxçıvan Muxtar Respublikası Azərbaycan üçün böyük xidmətlər göstərdi. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının yeni seçilmiş Ali Sovetinin sessiyası keçirildi. Mən də bir neçə təklif vermişdim, onlar da, şübhəsiz ki, birmənalı şəkildə qəbul olunmurdu. Hesab edirəm, o gün təkcə Naxçıvan Muxtar Respublikası üçün yox, bütün Azərbaycan üçün tarixi bir gün oldu. Qərar qəbul etdik ki, Naxçıvan Muxtar Respublikasının adından “sovet sosialist” sözləri çıxarılsın. İlk Azərbaycan Demokratik Respublikasının 1918-ci ildə qəbul olunmuş dövlət bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı qəbul edilməsi haqqında qərar qəbul etdik və Azərbaycan Respublikasının da bu bayrağı qəbul etməsi haqqında qanunvericilik təşəbbüsü ilə çıxış etdik”.
Naxçıvanın Azərbaycan dövlətinin gələcəyi ilə bağlı mövqeyi görkəmli dövlət xadimi Heydər Əliyevin nitqində özünü bariz şəkildə göstərir. Azərbaycan xalqı gündən-günə gözəlləşən bu qədim, bu gözəl diyarın qiymətini elə müdrik rəhbərin dilindən eşidir: “Naxçıvan Muxtar Respublikası Azərbaycanın ayrılmaz bir hissəsi kimi milli azadlıq uğrunda, dövlət müstəqilliyimiz uğrunda gedən mübarizələrdə həmişə ön sırada olmuş, təşəbbüskar olmuşdur. Azərbaycanın dövlət müstəqilliyi, milli azadlıq yolunda gedən mübarizəsinin dayağı olmuşdur və bu gün də dayağıdır, gələcəkdə də belə olacaqdır. Ona görə də Naxçıvana, Naxçıvan Muxtar Respublikasına Azərbaycanın hər yerində böyük hörmət və ehtiram hissi var”.
Naxçıvan Azərbaycanın ayrılmaz bölgəsi olduğu kimi, naxçıvanlılar da Azərbaycan xalqının öncül hissəsidir: “1990-cı ilin Qanlı Yanvar hadisəsini xatırlayıram. Azərbaycan xalqı ayağa qalxdı. Xalqımız öz milli azadlığı, müstəqilliyi uğrunda mübarizəyə qalxdı. Naxçıvanlılar ön sırada idilər”.
Ulu öndər Heydər Əliyevin nitqində insanın xarakteri ilə doğulduğu ərazi arasındakı əlaqə mükəmməl şəkildə təsvir edilir. 12 oktyabr 1999-cu ildə Naxçıvan Muxtar Respublikasının 75 illiyinə həsr edilmiş təntənəli yubiley mərasimində söylənilən nitq buna əyani misaldır: “Naxçıvanın çox gözəllikləri var. Birincisi, onun təbiətidir. Azərbaycanın hər yerində gözəl guşə tapmaq olar. Haraya gedirsən, Azərbaycan gözəl bir yerdir. Amma mən bu gün Naxçıvandayam və Naxçıvan haqqında danışıram. Naxçıvanın təbiətinin gözəlliyi məğrurluq rəmzidir. Bax ətrafda görünən dağlar, qayalar, çılpaq torpaqlar – burada yaşıllıq azdır – bu diyara xüsusi gözəllik verir. Ancaq bu gözəllik, yenə də deyirəm, qəhrəmanlıq, məğrurluq rəmzidir. O məğrur dağlar kimi insanlar da məğrurdurlar. Mən bu fikri bir dəfə demişəm, bir də təkrar etmək istəyirəm – Naxçıvanın gözəlliyi kişi gözəlliyidir”.
İqtidar partiyası Yeni Azərbaycan Partiyası ilə Naxçıvan anlayışları da bir-birindən ayrılmazdır. Bu bağlılığın, bu ayrılmazlığın incəliklərini biz yenə də ulu öndər Heydər Əliyevin nitqlərində görürük. Partiyanın Naxçıvanda yaranmasının rəsmi-işgüzar üslubda, təsis konfransının keçirilməsinin isə poetik bir dillə kütlələrə çatdırılmasının şahidi oluruq: “Beləliklə, Yeni Azərbaycan Partiyası 1992-ci il noyabrın 21-də Naxçıvanda yarandı. Bu, qeyri-adi bir hadisədir. İndi Azərbaycanda 40-dan artıq partiya var. Mən elə o vaxtlar da çoxpartiyalılıq tərəfdarı olmuşdum”. Növbəti nitqdə Yeni Azərbaycan Partiyasının nə üçün Naxçıvanda yaranması da güclü məntiqlə izah olunur: “Ancaq bu partiyaların, demək olar, hamısı Bakıda yaradılmışdır, özü də sərbəst şəraitdə. Yəni onların yaranmasının qarşısını alan bir qüvvə olmayıbdır və onlar Bakıda, Azərbaycanın paytaxtında yarandığına görə də, şübhəsiz, ümumazərbaycan xarakteri daşıyır. Yeni Azərbaycan Partiyasının bu partiyalardan fərqi ondan ibarətdir ki, onun təsis konfransı Bakıda yox, Naxçıvanda keçirilibdir, çünki o vaxtlar bu konfransı Bakıda keçirmək mümkün deyildi.
Əvvəla, o vaxtlar bu partiyanın yaranması çox böyük maneələrlə rastlaşırdı. İkincisi isə bu partiyanın yaranmasında mənim iştirakım zəruri olduğuna görə mənim Bakıya gəlməyim üçün şərait yox idi”.
Nitqlərinin bir xüsusiyyəti də baş verən hadisələri zamanla, mövsümlə əlaqələndirməkdir ki, böyük natiq Yeni Azərbaycan Partiyasının təsis konfransının keçirildiyi günü bu cür yaddaşlara hopdurur: “Bildiyiniz kimi, ümumiyyətlə, Naxçıvan qışda şaxtalı olur. Ancaq o vaxtlar, o il Naxçıvanda şaxta daha şiddətli idi, hava çox soyuq keçirdi, elektrik enerjisi, yanacaq yox idi. Heç nəyi isidib qızdırmaq mümkün deyildi. Naxçıvan Dram Teatrı uzun müddət idi ki, işləmirdi. Heç olmasa, işləyəndə adamlar onu öz nəfəsləri ilə az-çox qızdırırdılar. Bu, təbii bir haldır. Biz teatrın o soyuq binasını açdıq, orada təsis konfransı keçirdik. Yadımdadır, hamı paltoda oturmuşdu. Bax biz belə bir şəraitdə təsis konfransı keçirdik. Mən bunları nə üçün xatırlayıram? Çünki o günlər mənim üçün əziz günlərdir”.
Naxçıvan Azərbaycan xalqına dahi övladlar bəxş etmişdir ki, bu övladları da xalq ümummilli lider Heydər Əliyevin çıxış və nitqləri ilə tanıyır: “Dünən biz Azərbaycan xalqının böyük yazıçısı, şairi, dramaturqu, alimi, filosofu Hüseyn Cavidin xatirəsini yad etdik, onun məzarı üzərində tikilmiş məqbərənin təntənəli açılışı mərasimində iştirak etdik. Böyük bir mədəniyyət, elm bayramı keçirdik. Bu tək bizim, yəni buraya toplaşanların deyil, bütün Azərbaycan xalqının, vətəndaşlarının bayramıdır. Dünən bu bayram Naxçıvan Muxtar Respublikası əhalisinin, demək olar ki, hamısını ayağa qaldırmışdı”.
Ulu öndərin Naxçıvana və naxçıvanlılara olan sevgisi heç də o torpaqda doğulub boya-başa çatmağı yox, müstəqillik yolunda onlarla birgə mübarizəsi ilə bağlıdır: “...Çünki sizinlə məni bağlayan təkcə bu torpaqda doğulmağım, böyüyüb həyata atılmağım deyil. Sizinlə məni bağlayan Azərbaycan Respublikası, o cümlədən muxtar respublika üçün çox ağır bir dövrdə – 1990-cı ildən sizinlə bir yerdə yaşamağım, Naxçıvanı sizinlə birgə qorumağımdır”.
Antroponimik sıralanmaların – nitqdə insan adlarının ardıcıl düzülməsi kimi başa düşülən nitq elementinin köməyi ilə dahi şəxsiyyət Heydər Əliyev Naxçıvanın görkəmli mütəfəkkir yetirmələrini xalqa tanıdır: “Naxçıvan çox böyük mütəfəkkirlər diyarı, böyük alimlər, sənətkarlar diyarı olubdur. ...Böyük Cəlil Məmmədquluzadə, Hüseyn Cavid Azərbaycan mədəniyyətinin, ədəbiyyatının fəxrinə çevrilmiş şəxsiyyətlər, onların əsərləri öz həyat yolunu buradan başlamışlar. Naxçıvanda təhsilin, ümumiyyətlə, mədəniyyətin inkişafında mütəfəkkir Məhəmməd Tağı Sidqinin çox böyük rolu olmuşdur”.
Burada Naxçıvanın böyük mütəfəkkirlər diyarı olması ideyası ortaya qoyulur. Sonrakı cümlədə Azərbaycanın və dünyanın qəbul etdiyi görkəmli şəxsiyyətlərin adlarının sıralanması bu ideyanı təsdiqləyir. Bu gün də bu təsdiq, bu izah Azərbaycan auditoriyası tərəfindən razılıqla, heyranlıqla, qədirbilənliklə qarşılanır, qəbul edilir.
Xalqımızın böyük oğlu öz nitqlərində Naxçıvanın qədim tarixindən danışarkən onun Azərbaycan üçün əhəmiyyətini xüsusi vurğulamışdır: “Naxçıvan Azərbaycanın ən qədim diyarlarından biridir, çox zəngin tarixə malik olan Azərbaycanın bir hissəsidir. Bu tarix çox zəngin hadisələrlə doludur. Bunlar hamısı Azərbaycan üçün Naxçıvanın nə qədər qiymətli olduğunu həmişə göstərib, göstərir və gələcəkdə də göstərəcəkdir”.
Ümummilli liderimizin Naxçıvanın dövlətçilik tarixi barədə fikirləri də olduqca qiymətlidir: “Naxçıvanın qədim dövlətçilik tarixi vardır. Bu, Azərbaycanın dövlətçilik tarixidir. XII əsrdə Naxçıvan Azərbaycanın Atabəylər-Eldəgizlər dövlətinin, o əsrdə Azərbaycanın ən böyük, ən qüdrətli dövlətinin paytaxtı olubdur. Atabəylər dövləti yüz ildən artıq hökm sürmüş və onun paytaxtı Azərbaycançılığı qoruyub saxlamışdır”.
Beləliklə, bir qəzet məqaləsi ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin nitqlərində Naxçıvanın yerini tam müəyyənləşdirmək fikrindən uzağıq. İnanırıq ki, bu mövzu əldə qələm tutan ziyalılarımızın gələcək tədqiqat işlərində dərindən öyrəniləcək.