Hər bir millətin gələcəyi yetişməkdə olan nəslin malik olduğu bilikdən, mənəviyyatından, ideyalarından və bu ideyalara sadiqliyindən, inamlarından asılıdır. Yetişən nəslin düzgün istiqamətləndirilməsi gələcəyin düzgün qurulması deməkdir. Müasir Azərbaycan dövlətçiliyinin təməl daşını qoymuş və möhkəm özülünü yaratmış dahi şəxsiyyət Heydər Əliyevin ideya dünyası onun davamçılarının yoluna həmişə işıq salacaq, Günəş kimi əbədi şölələnəcəkdir. Bu təlimin mahiyyətini, həyati zəruriliyini yetişən nəslə, ümumtəhsil məktəbləri şagirdlərinə çatdırmaq, onlara bu ideyalarla yaşamağın vacibliyini izah etmək əsas vəzifələrdəndir.
Məlumdur ki, kiçikyaşlı məktəblilərin təfəkkürü konkret və meyilli olur. Bu yaşda uşaqlar gördüklərini tam halda qavrayıb təqlidə çalışırlar. Onların konkret qavradıqlarını daha çox yadda saxlaya bildiklərini unutmaq olmaz. Onlarda xoşlarına gələn, hörmət etdikləri, məhəbbət bəslədikləri adamlara oxşamağa çalışmaq meyli güclüdür.
İbtidai sinif şagirdlərində ideya tərbiyəsini düzgün formalaşdırmaqdan ötrü onları Vətənin, xalqın, millətin mənafeyinə uyğun tərbiyə etmək lazımdır.
Bu gün milli ideologiyanın təbliği barədə işlər indiyə qədərki dövrlərdən fərqli olaraq xeyli genişləndirilmişdir. Ona görə də yetişən nəslin ideya inamı tərbiyəsinin formalaşdırılması işində elmi-pedaqoji, psixoloji, metodik və yeni texnologiyalara söykənən ədəbiyyatların hazırlanmasına ciddi fikir verilməlidir. Çünki demokratiya yolunu tutmuş respublikamızın yetişən nəsli üçün bu, hava və su kimi lazımdır. Bu məsələ xalqın inkişaf tarixinin bütün dövrlərində zəruri olmuşdur. Hələ elmi pedaqogika yaranmamışdan əvvəl meydana gəlmiş xalq pedaqogikası materiallarında insanın nümunələr əsasında tərbiyə olunmasının zəruriliyi qeyd edilmişdir.
İbtidai sinif şagirdlərinin ideya inamının formalaşdırılması yolunda uğur qazanılması məsuliyyət və dəqiqlik tələb edir. Ona görə də uşaq məktəbə gəldiyi ilk gündən məktəblə uşaq bağçası arasındakı varislik davam etdirilməlidir. Belə ki, bu işdə uşaqlara ümummilli lider Heydər Əliyev haqqında göstərilən şəkillər, öyrədilən şeirlər, əlavə materiallardakı yazılar, bağçada düzəldilən guşə, stend, televiziya verilişləri uşaqlarda məktəbə gedərkən ulu öndərimizin irsindən səmərəli istifadə etməyə imkan yaradır. Nümunələr vasitəsilə tərbiyə davamlı bir proses olub, ibtidai siniflərdə şagirdlərin ideya inamının formalaşdırılması üzrə işin zənginləşdirilməsi və dərinləşdirilməsinə təminat verir, onları düzgün istiqamətləndirməyə xidmət edir.
İdeya inamının formalaşdırılması, möhkəm əqidəli nəsillərin yetişdirilməsi məktəb tərbiyəsi işində əsas yer tutur. Bunu ulu öndərin özünə həyat amalı seçmiş bu sözləri təsdiqləyir: “Həyatın mənası çox, yaxud az yaşamaqdan ibarət deyil. Onun mənası bu həyatda öz yerini tutmaq, mövqeyini müəyyən etmək, ləyaqət göstərmək və başqaları üçün nümunə olmaqdır”. Bu sözlər ümummilli lider Heydər Əliyevin dahiliyi, böyüklüyü, uzaqgörənliyi, əzəməti və müdrikliyi haqqında çox söz deyir. Onun həyat devizi, həyat amalı bu sözlərdə çox yaxşı ifadə olunmuşdur.
Dahi rəhbər Heydər Əliyevin ideyaları, irsi, həyat təcrübəsi ibtidai sinif şagirdlərinin amalına, həyat dərslərinə çevrilməlidir ki, şagirdlər öz qarşılarında açılan üfüqü aydın görə bilsinlər.
Ulu öndərin həyatı və fəaliyyəti məktəblilərin tərbiyəsində misilsiz əhəmiyyət kəsb etdiyindən bu istiqamətdə görülən işlərin forma və metodları daim zənginləşdirilib təkmilləşdirilməlidir. Görkəmli dövlət xadimi Heydər Əliyevin mənalı həyatı, bütünlükdə, xalqa, doğma Azərbaycana həsr edilmiş ömrü yetişən nəsildə milli və ümumbəşəri keyfiyyətlər aşılayan böyük xidmət nümunəsidir. Milli ideyalara sədaqət, vətənpərvərlik kimi nəcib keyfiyyətlər, ictimai-siyasi fəallıq Heydər Əliyevin şəxsiyyətində elə bir zirvəyə çatmışdır ki, onu sevərək öyrənənlər xalqın səadəti uğrunda mübarizə aparmağın həqiqi yolunu görəcək, Vətənə müqəddəs məhəbbətlə alışıb yanacaq, dövlətçiliyin gələcək qarantına çevriləcəklər.
Xalqımızın böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti məktəblilərin əsl Azərbaycançılıq idealı, Azərbaycançılıq simvoludur. Onun irsini və ömür yolunu öyrənən uşaqlar xalqımızın keçmişini, bu gün inamla addımladığı müstəqillik dövrünü, inkişafımızın dinamikasını dərk edirlər. Ona görə də ulu öndərin həyatında nə varsa, hamısı bizim üçün əzizdir, qiymətlidir. Onun adı ilə bağlı olan hər şeyə xüsusi diqqətlə yanaşılmalıdır.
Yuxarıda qeyd etdiyimiz kimi, ibtidai sinif şagirdlərinin ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində tərbiyə edilməsi üçün müxtəlif forma və üsullardan istifadə olunur. Bu növ işlərin zənginləşdirilməsi və təkmilləşdirilməsi naminə, fikrimizcə, elmi-metodik sistem də hazırlanmalıdır. Müşahidə və təhlillərimizə əsasən, ibtidai siniflərdə həmin sistemi aşağıdakı kimi müəyyənləşdirmək olar: ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyətinin öyrənilməsi; ümummilli lider Heydər Əliyevin milli ideyaları əks etdirən ictimai-siyasi görüşlərinin öyrənilməsi; müdrik şəxsiyyətin uşaq və gənclərə ünvanlanmış fikirlərinin öyrənilməsi, onlara qayğı və diqqətinin dərk etdirilməsi; tədris prosesində, sinifdənxaric və məktəbdənkənar tədbirlər zamanı dahi rəhbərin irsinin öyrənilməsi məqsədilə istifadə olunan vasitələrdən əlaqəli şəkildə istifadə edilməsi; xalqımızın böyük oğlunun ideyalarının həmişəyaşar olduğu, dönmədən həyata keçirildiyi haqqında ibtidai sinif şagirdlərinin yaş və bilik səviyyələrinə uyğun materiallar müəyyənləşdirib tərbiyə işində onlardan səmərəli şəkildə istifadə olunması.
İbtidai sinif şagirdlərinin dahi şəxsiyyətin nümunəsində tərbiyəsi işində nəzərə alınmalı çox mühüm cəhətlərdən biri onun fəaliyyətindən bəhs edən məqamların ədəbi parçalar şəklində verilməsidir. Ulu öndər haqqında söhbət açarkən şeirlər və hekayələrdən istifadə etmək, seçilən materialların məzmununu kiçikyaşlı məktəblilərin yaş və bilik səviyyələrinə uyğunlaşdırmaq əsas pedaqoji tələbdir. Əgər biz ibtidai siniflərdə bu göstərilən materiallardan istifadə etmiş olsaq, onda şagirdlər aşılamaq istədiyimiz əsas ideyanı dərk edə biləcəklər.
Yetişən nəslin dövlətçilik və ictimai fəaliyyət sahəsinə tədricən qoşulması, fəal iştiraka cəlb edilməsi, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti nümunəsində ideya inamına yiyələnməsi günümüzün vacib, həyati tələbi kimi qarşıda durur. Şagirdlərin ideya inamını düzgün məcraya salmaqla, xalqımızın məqsəd və tələbatlarına yönəltməklə milli ideologiyamızın, milli-mənəvi dəyərlərimizin, bir sözlə, hazırkı şəraitdə müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycan Respublikasının bundan sonrakı xoş günlərlə dolu taleyini həll etmiş oluruq. Vətənin, xalqın işıqlı gələcəyini təmin etmək, qorumaq üçün bu ideyalar uğrunda var qüvvə ilə mübarizə apara bilən, bütün ruhu və varlığı ilə ülvi, müqəddəs ideallara bağlı olan nəsillər formalaşdırmaq, ulu öndərin ömrü boyu sadiq qaldığı amallarla yaşaya bilən övladlar yetişdirmək Vətənimiz Azərbaycanın dünya durduqca varlığını təmin etmək deməkdir.
Lalə ALLAHVERDİYEVA
Naxçıvan Müəllimlər İnstitutunun
pedaqogika və psixologiya kafedrasının baş müəllimi