23 Dekabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Zamanı qabaqlayan dahi” adlı elmi konfransı giriş sözü ilə bölmənin sədri, akademik İsmayıl Hacıyev açmışdır.
Qeyd edilmişdir ki, ümummilli lider Heydər Əliyev Azərbaycana  rəhbərliyinin birinci dövründə iqtisadi baxımdan zəif aqrar ölkə olan Azərbaycanı inkişaf etmiş sənaye ölkəsinə çevirmiş, müstəqilliyin təməlini qoymuş, 1993-cü ildən sonra isə dağılmaqda olan ölkəni xilas etmiş, Azərbaycanın müstəqilliyini qorumuş və onu sabit inkişaf yoluna çıxarmışdır.
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyevin dövlətçilik təlimi və müasirlik” mövzusunda məruzə etmişdir.
Məruzədə bildirilmişdir ki, Azərbaycan xalqı üçün ikinci dəfə dövlət müstəqilliyinə nail olmaq şansının ideya rəhbəri də, bu dövlətin xilaskarı da, müstəqilliyin möhkəm əsaslarını yaradıb onu əbədi bir sərvətə çevirən də görkəmli dövlət xadimi Heydər Əliyev olmuşdur.

Məhz ulu öndər Heydər Əliyevin böyük dühası, siyasi iradəsi, dövlətçilik qüdrəti sayəsində Azərbaycan xalqı XX əsrin doxsanıncı illərinin əvvəllərində dövlət müstəqilliyini yenidən qazana bilmiş və bu dövləti qoruyub möhkəmləndirmək, daha da inkişaf etdirmək imkanları əldə etmişdir. Ona görə də dahi şəxsiyyət Heydər Əliyev yeni epoxada Azərbaycanın dövlət müstəqilliyi ideyasının yaradıcısı, müstəqil dövlət quruculuğu hərəkatının böyük təşkilatçısı və rəhbəridir. Azərbaycana rəhbərliyinin birinci dövründə böyük gələcək ümidi ilə milli dövlətçilik naminə həyata keçirilən siyasi-ideoloji, tarixi-mədəni hadisələr ölkəmizin müstəqil dövlətçiliyinin möhkəm əsaslarını, mühüm təməllərini təşkil edirdi. Bu mənada tam əminliklə deyə bilərik ki, ulu öndər Heydər Əliyev Azərbaycanın müstəqil dövlətçiliyinin etibarlı bünövrəsini yaratmışdır. Cəmiyyət həyatında bütün sahələr üzrə dövlət idarəçiliyinin islahatlarını apararaq yenidən qurmaq işinin baş memarı ümummilli lider Heydər Əliyevdir. Azərbaycanın dövlət müstəqilliyinin inkişaf etdirilməsi təliminin də əsasları Heydər Əliyev tərəfindən yaradılmışdır. Hazırda Azərbaycan Respublikasında həmin müstəqil dövlətçilik təlimi dəyişən və inkişaf edən reallıqlarla, zənginləşən yeni proseslərlə birlikdə yaradıcı şəkildə həyata keçirilir.

*   *   *

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində Naxçıvan Dövlət Universiteti tələbələrinin iştirakı ilə “Heydər Əliyev və Naxçıvan” mövzusunda açıq dərs keçilib.
Açıq dərsdə universitetin rektoru, professor Saleh Məhərrəmov görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanın milli müstəqilliyinin qorunması, güclü və qüdrətli dövlət kimi dinamik inkişafı, onun dünyada tanınmasındakı misilsiz xidmətlərindən bəhs edib. Qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurlu davamı sayəsində bu gün Azərbaycan Cənubi Qafqaz regionunun aparıcı ölkəsinə çevrilib, dünya siyasət arenasında layiqli mövqeyə sahiblənib. Xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanda siyasi fəaliyyət göstərdiyi dövrdə çoxcəhətli yorulmaz fəaliyyəti ilə Azərbaycan dövlətçiliyinin Naxçıvan məktəbini yaradıb.
Universitetin tərbiyə işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Məmməd Rzayev mövzu ilə bağlı mühazirəsində bildirib ki, hələ Sovetlər İttifaqı dağılmamış və Azərbaycanda dövlət müstəqilliyi elan olunmamış üçrəngli Azərbaycan bayrağının dövlət rəmzi qəbul edilməsi kimi tarixi hadisə (17 noyabr 1990-cı il) məhz cəsarətli və uzaqgörən dövlət xadimi Heydər Əliyev tərəfindən Naxçıvanda həyata keçirilib. Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “sovet sosialist” sözlərinin çıxarılması hadisəsi də məhz müdrik rəhbər Heydər Əliyev tərəfindən Sovetlər İttifaqının mövcudluğu şəraitində baş verib. Naxçıvanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününün müəyyən olunması ilə dünyada azərbaycanlılar anlayışı yaranıb və geniş bir hərəkatın əsası qoyulub. XX əsrin doxsanıncı illərinin əvvəllərində Naxçıvan Muxtar Respublikasının işğal olunmaqdan xilas edilməsi, ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılması xalqımızın böyük oğlu Heydər Əliyevin tarixi xidmətlərindən biridir. Natiq bildirib ki, müstəqil Azərbaycanın taleyində xüsusi əhəmiyyətə malik olan Yeni Azərbaycan Partiyasının da dahi rəhbər Heydər Əliyev tərəfindən Naxçıvanda yaradılması ölkəmizin milli istiqlalında böyük öndərin həyat və fəaliyyətinin Naxçıvan dövrünün müstəsna dərəcədə əhəmiyyətli olduğunu bariz şəkildə göstərməkdədir.
Sonra açıq dərs iştirakçıları ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.

*   *   *

Mayın 6-da Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə “Heydər Əliyev lektoriyası”nın növbəti məşğələsi keçirilib.

Sayca on altıncı məşğələni giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov dahi rəhbərin Azərbaycan xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, şərəfli və mənalı ömür yolundan danışıb. Vurğulanıb ki, əsrlərdən bəri xalqımızın ürəyində yaşayan arzular xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən reallaşdırılıb. Ulu öndər özünün də dediyi kimi, ömrünü Azərbaycanın müstəqilliyinin möhkəmlənməsinə, inkişaf etməsinə sərf edib. Görkəmli dövlət xadimi Heydər Əliyev Azərbaycana, sözün əsl mənasında, artan güc, tükənməz qüdrət, əbədi müstəqillik qazandırıb. Müasir Azərbaycan ulu öndərin reallaşan arzusuna çevrilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Musa Quliyev “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə ilə çıxış edib. Naxçıvanda tarixən formalaşmış dövlətçilik ənənələrinə toxunan alim ötən əsrin 20-ci illərində bölgədə yaranmış gərgin ictimai-siyasi vəziyyəti, Naxçıvanın özünü Azərbaycanın tərkibində qoruyub saxlamaq uğrunda çətin və şərəfli mübarizəsini, qeyrətli Naxçıvan oğullarının şücaətlərini, tarixin bütün dövrlərində Naxçıvanın erməni-rus, eləcə də bir sıra Qərb dövlətlərinin məkrli planları, hiylələri qarşısında mətanətlə dayandığını tutarlı faktlarla təhlil edib. Onun sözlərinə görə, Naxçıvanın muxtariyyəti Azərbaycanın milli müstəqillik uğrunda mübarizə yolunda ən böyük dayaqlardan biri olub. Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da Naxçıvan əhalisinin milli istiqlal ideyalarına bağlılıq nümayiş etdirərək dövlət müstəqilliyimizin bərpası, qorunub saxlanılması və möhkəmləndirilməsində müstəsna xidmətlərinin olması xüsusi vurğulanıb.
“Heydər Əliyev: tarix və tale” mövzusunda məruzə ilə çıxış edən komitənin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş inspektoru, gömrük xidməti kapitanı Rahil Tahirli qeyd edib ki, zaman hər gün bir daha sübut edir ki, Azərbaycanın yeganə düzgün yolu Heydər Əliyev yoluna sədaqətdir. Bu yolda dönməz və əbədi müstəqillik var... Bu yol xalqımızın və dövlətimizin daha xoş, firavan gələcəyinə uzanır... Azərbaycan öz ərazi bütövlüyünü bu yolla və bu yolda bərpa edəcək. Azərbaycan HEYDƏR ƏLİYEV YOLU ilə daim irəliyə, irəliyə gedəcək...
Sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi münasibətilə tabeli gömrük orqanlarının əməkdaşları arasında keçirilmiş şahmat və güllə atıcılığı turnirlərində fərqlənmiş əməkdaşlar mükafatlandırılıblar.
Sonda tədbir iştirakçıları “Nuhun yurdu Naxçıvan” adlı filmə baxıblar.

*   *   *

Dünən Naxçıvan Dövlət Texniki Kollecində də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə kollecin direktoru Məhəmməd Qəribov açıb.
Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, bu il fevral ayının 9-da Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90-cı ili tamam olub. Əlverişli təbii-coğrafi mövqeyi, Şərqlə Qərbi birləşdirən qədim İpək Yolunun üzərində yerləşməsi Naxçıvanı fatehlərin, böyük dövlətlərin geosiyasi maraqlarının kəsişdiyi regiona çevirib.
Vurğulanıb ki, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana birləşdirilməsi nəticəsində Naxçıvan ölkənin əsas torpaqlarından ayrı düşüb və bunun da nəticəsində onun muxtariyyət məsələsi ortaya çıxıb. 1921-ci ildə imzalanan Mos­kva və Qars müqavilələri ilə Naxçıvana Azərbaycanın tərkibində muxtar respublika statusu verilib.
Qeyd olunub ki, ötən əsrin sonlarında Azərbaycanın əsas torpaqlarından ayrı düşmüş Naxçıvanın təhlükəsizliyinin qorunmasına təminat verən həmin müqavi­lələr ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyəti nəticəsində yenidən gündəmə gətirilib və dünya dövlətlərinin diqqətinə çatdırılıb. Dahi şəxsiyyətin fəaliyyətinin Naxçıvan dövrü müstəqil Azərbaycanın milli dövlətçilik ideyalarının formalaşmasında, ağır blokada şəraitində yaşayan insanların gələcək həyatlarının təmin olunmasında və ölkəmiz üçün bir çox taleyüklü qərarların qəbul edilməsində mühüm və böyük rol oynayıb. Məhz müasir Naxçıvanın hərtərəfli inkişafında da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf proqramı dayanır.
Sonra tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünü əks etdirən slayda baxıblar.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR