Mayın 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən Şahbuz rayonunda “Dövlət qulluqçularının etik davranış qaydaları” və “Dövlət orqanlarında kadrlarla iş” mövzularında səhər və günün ikinci yarısında seminarlar keçirilib.
Seminarı rayon İcra Hakimiyyəti başçısının müavini Mətanət Məmmədova giriş sözü ilə açaraq tədbirin əhəmiyyətindən danışıb.
Sonra komissiyanın sədri Etibar Musayevin, şöbə müdiri Rafiq Nəcəfovun, sektor müdiri Arzuman İmanovun çıxışları olub. Çıxışlarda qeyd edilib ki, 31 may 2007-ci il tarixdə “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Qanun dövlət qulluqçuları üçün etik davranış qayda və prinsiplərini, həmçinin onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun birinci maddəsində qeyd olunur ki, etik davranış qaydaları dövlət qulluqçusu statusuna malik olan bütün şəxslərə şamil edilir. Hər bir dövlət qulluqçusu qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri və yüksək etik davranış qaydalarını rəhbər tutaraq bu qanunun müddəalarına əməl etməyə borcludur.
Bildirilib ki, şəxsin, cəmiyyətin və dövlətin maraqları naminə dövlət qulluqçuları öz vəzifə borclarını səmərəli yerinə yetirməyə borcludurlar. Onlar bütün hallarda hər bir şəxs üçün vicdanlılıq nümunəsi olmalıdırlar. Dövlət qulluqçusu etik davranışı, peşəkar fəaliyyəti ilə dövlət orqanlarına hüquqi və fiziki şəxslərin inamını artırmalı və möhkəmləndirməli, dövlət qulluğu vəzifələrinin icrası ilə bir araya sığmayan, onun adına xələl gətirə biləcək, habelə dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməməlidir.
Qeyd edilib ki, dövlət qulluqçusu bütün şəxslərə, o cümlədən birbaşa və tabeliyində olan şəxslərə münasibətdə nəzakətli, xeyirxah, diqqətli və səbirli olmalıdır. O, özünün və ya maraqlı şəxslərin mənafelərinin onun xidməti vəzifələrini yerinə yetirməsinə təsir etməsinə yol verməməli və bu cür təsir üçün şərait yaratmamalı, qulluq etdiyi dövrdə maraqların toqquşmasına yol verməməli və qanunsuz olaraq öz vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etməməlidir. Etik davranış qaydalarının pozulması dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Dövlət qulluqçusunun intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir.
Günün ikinci yarısında “Dövlət orqanlarında kadrlarla iş” mövzusunda keçirilən seminarda iştirakçılara dövlət qulluqçularının şəxsi işinin aparılması qaydaları, dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə kargüzarlığın aparılması, Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması qaydaları, dövlət orqanlarında dövlət qulluqçularına ixtisas dərəcələrinin verilməsi qaydaları, dövlət orqanları tərəfindən komissiyaya göndərilən sənədlərdə daha çox rast gəlinən nöqsanlar və onların aradan qaldırılması yolları haqqında məlumat verilib.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Xəbərlər şöbəsi