23 Dekabr 2024, Bazar ertəsi

Bu günlərdə akademiklər İ.Ə.Həbibbəyli, İ.M.Hacıyev, əməkdaşlardan F.Y.Səfərli, Q.İ.Qədirzadə, V.B.Baxşəliyevin redaktəsi ilə qədim dövrlərdən XVIII əsrin 40-cı illərinədək “Naxçıvan tarixi”nin birinci cildi çapdan çıxmışdır. Nəşrin hazırlanmasında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qorunması və pasportlaşdırılması” (6 dekabr 2005), “Naxçıvan tarixi”nin çoxcildliyinin hazırlanması ilə əlaqədar (6 avqust 2012) sərəncamları diqqəti xüsusilə cəlb edir. Bu sərəncamlardan irəli gələn vəzifələrə uyğun olaraq, ilk dəfə “Naxçıvan tarixi” çoxcildliyinin I cildi işıq üzü görmüşdür.

Naxçıvanın arxeoloji, tarix və mədəniyyət abidələri ilə zəngin diyar olduğu Qazma, Kilit, Daşqala, Ərməmməd mağaraları, II Kültəpə, Sədərək, Ovçular təpəsi, Xələc, Duzdağ, Şahtaxtı yaşayış yerləri, Oğlanqala, Çalxanqala, Govurqala, Sədərək, Qazançı və Nəhəcir qalaları, Gəmiqaya abidələri, Əshabi-Kəhf dini-tarixi memarlıq kompleksi, qala şəhərlər və müdafiə istehkamları qədimdən insanların burada yaşadığını təsdiq edir. Naxçıvan ərazisinin qədim sakinlərinin minilliklər ərzində zəngin mədəni irs qoyub getmələri, bu irsin müxtəlif tarixi qaynaqlar – maddi və yazılı abidələr əsasında öyrənildiyi göstərilir.

Diyarın maddi-mənəvi abidələri, mədəniyyəti, insanların məişət və həyat tərzi, dünyagörüşü, iqtisadi və mədəni əlaqələrinin öyrənilməsində arxeologiyanın əhəmiyyəti xüsusi qeyd edilir. Tədqiqat zamanı aşkara çıxarılan arxeoloji nümunələr qədimdən son orta əsrlərədək Naxçıvan tarixi əsaslı şəkildə öyrənilmişdir.
Təkcə arxeologiyanın köməyi ilə qədim dövrün bütün məsələlərini öyrənmək qeyri-mümkün olduğu üçün etnoqrafik, numizmatik materiallardan, onomastik vahidlərindən, antropoloji materiallardan, yazılı qaynaqlardan da istifadə edilmişdir.
Kitabı vərəqlədikcə qaynaqlara ehtiyatla yanaşıldığı, təsadüfi, ziddiyyətli xarakter daşıyan, həmişə dəqiqliyi ilə fərqlənməyən faktlara münasibət bildirildiyi, “qaynaqların və mövcud ədəbiyyatın araşdırılmasının Naxçıvan tarixinin obyektiv elmi şəkildə işlənib hazırlanması üçün misilsiz köməyi görünür”. Müəllifi bəlli olmayan “Əcaib əd-Dünya” (“Dünyanın qəribəlikləri”), Övliya Çələbinin “Səyahətnamə”si, “Naxçıvan sancağının müfəssəl dəftəri”, ərəb və farsdilli müəlliflərin əsərləri, avropalı alim, səyyah və diplomatların gündəlikləri Naxçıvan tarixinin tədqiqində və öyrənilməsində mühüm mənbə kimi əhəmiyyətli olmuşdur.
Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti (1923) üzvləri V.M.Sısoyev və A.A.Millerin iştirakı ilə (1926) Xaraba Gilanda, Qızılburunda aparılmış arxeoloji qazıntıların materialları, 20-ci illərdə Y.A.Paxomov, R.İsmayılov, V.M.Sısoyev, T.S.Passek və V.A.Latinin, M.Mirheydərzadə, K.N.Smirnov, İ.İ.Meşşaninov, Ə.K.Ələkbərov və İ.Əzimbəyovun Naxçıvanda yerli tədqiqatçılarla birgə araşdırmaları, I, II Kültəpə arxeoloji qazıntılarından e.ə. VI-I və VII-I minilliklərə aid əldə edilmiş maddi-mədəniyyət nümunələrinin mövcud ədəbiyyatla müqayisəsi arxeoloqlara Naxçıvan haqqında söz deməyə imkan vermişdir.
Əsərdə müəlliflər Herodot, Strabon, K.Ptolomeyə istinad edərək, Azərbaycanı Ön Asiya, Kiçik Asiya və Xəzərdən şərqə tərəf türklərin ərazisini Mərkəzi Asiya adlandırmaqla, hər üç ərazinin Asiya türklərinin nəzarəti altında olduğunu göstərmişlər.
Tədqiqatçılar Naxçıvan tarixi ilə əlaqədar əcnəbi müəlliflərin bu istiqamətdə araşdırmalarını təhlil edərək “Naxçıvan” sözünün mənşəyinin Nuhla bağlı olduğunu göstərmişlər.
Əsərdə mənbələrə istinad edilərək Naxər ölkəsindəki əski tayfaların prototürklər olduğu qeyd edilir. As, Naxər, türükkü, kuti, lulubəy, su (su), tal, koman, tur, pal (pala), tus, doray və başqa boylar və tayfalar, onların arealı, Azərbaycan xalqının formalaşmasında oynadığı rol nəzərdən keçirilir. Oğuzlar, skif-sak, massaget və kimmerlər, şiraklar, qıpçaq, hun, xaçmataklar haqqında dolğun məlumat verilir.
Kitabda arxeologiyanın ilkin mərhələsi olan Eneolit dövründə qədim əkinçi-maldar tayfalarına aid bir sıra abidələrin aşkar edilməsi (O.H.Həbibullayev, V.Əliyev, R.Məmmədov), Naxçıvanın qədim tarixinin Cənubi Qafqazda Eneolit və ilkin əkinçilik mədəniyyətinin öyrənilməsi baxımından qiymətli olduğu, Cənubi Qafqazda mədəni-tarixi proses barədə elmi təsəvvürlərin xeyli dəyişdiyi qeyd edilir. Eneolit dövründə burada mədənçiliyin mövcudluğu, e.ə. IV minillikdə Naxçıvanın dünyanın ən qədim duz çıxarılan mədənlərindən biri olduğu göstərilir.
Naxçıvan Orta Tunc dövründə Azərbaycanın cənubu – Urmiya hövzəsi daxil olmaqla, Şərqi Anadolu ilə vahid iqtisadi-mədəni bölgəyə daxil olmuşdur. Boyalı qabları ilə fərqlənən Orta Tunc dövrü mədəniyyətinin mərkəzinə çevrilmiş, e.ə. II minilliyin ikinci yarısı – I minilliyin başlanğıcı, Cənubi Qafqazda Son Tunc dövrü, Dəmir dövrünün başlanğıcında Naxçıvan ərazisində yeni qalaların yaradılması bildirilir, e.ə. IX-VI əsrlərdə Oğlanqala Dəmir dövründə kiçik bir şəhər dövlətinin paytaxtı olaraq urartululara qarşı mübarizədə ən böyük qalalardan biri kimi göstərilir.
Əsərdə açıq səma altında özünəməxsus şəkil qalereyası olan Gəmiqaya qayaüstü təsvirləri Naxçıvanın Tunc dövrü mədəniyyətinin görkəmli abidəsi kimi e.ə. V-I minilliklərə aid edilir. Təsadüfi deyildir ki, əsərdə Naxçıvanda şəhərtipli yaşayış yerlərinin 5 min il bundan əvvəl formalaşdığı qeyd edilir. Bu da hər bir azərbaycanlıda qürur hissi doğurur.
Naxçıvanın (e.ə.IV-b.e.III) Atropatena dövlətinin tərkibinə daxil olması, tarixin müəyyən mərhələlərində Naxçıvanın Syunik knyazlığı tərkibində olması, əhalinin 12 vilayətdə məskunlaşaraq türk dilinin müxtəlif ləhcəsində danışması etnik-mədəni və siyasi baxımdan daha çox bu dövlətlə bağlılığı qeyd olunur.
E.ə. I-b.e. II əsrlərində massagetlərin Naxçıvana yürüşləri ilə yanaşı, sarmatların, alanların hücumları vaxtı Naxçıvan əhalisinin – marlar, utilər, peçeneqlər, çovdeylər və türkdilli qəbilələrin onlara qarşı mübarizə tarixi vurğulanır.
Kitabda Naxçıvan əhalisi içərisində ictimai bərabərsizliyin güclənməsi, insanların dini inancları və mədəniyyət nümunələri, eyni zamanda əhalinin etnogenezi, etnik tərkibi və “Naxçıvan” sözünün mənşəyi nəzərdən keçirilir.
Onomastik materiallar Erkən orta əsrlərdə burada hun, xəzər, sabir, bolqar, peçeneq, oğuz, suvar, xurs və onlarca digər türkdilli tayfaların məskunlaşması qədim türkdilli tayfalar tərəfindən mədəniyyətin yaradılması, bu tayfaların regionun ictimai-siyasi həyatındakı rolu göstərilməklə Naxçıvanın Azərbaycanda əsas ticarət mərkəzlərindən biri olması, Yaxın Şərqdə və Qafqazda iqtisadi, mədəni əlaqələrin daha da genişlənməsində vacib rol oynadığının göstərilməsi diqqəti cəlb edir.
Naxçıvanın III əsrin ikinci yarısında Azərbaycanın siyasi tarixində geniş bir ərazini əhatə etməsi, tarixi torpaqlarımızın Sasani imperiyasının tərkibinə daxil edilməsi diqqətə çatdırılır. Naxçıvanda Sasani mərzbanlarının iqamətgahları yerləşdiyi şəhərlərdə sikkələrin zərb olunduğu bir dövrdə siyasi mənasını itirmiş, yalnız coğrafi adını saxlamış “Adurbadaqan – Azərbaycan” məfhumunun ilk dəfə Arazdan şimalda və cənubda yerləşən torpaqlarımızı özündə ehtiva edən vahid siyasi-inzibati məna kəsb etməsi diqqətə çatdırılır. Erkən orta əsrlərdə Naxçıvan əhalisinin sasanilər, Bizans və xilafətin işğalına qarşı mübarizə tarixi izlənir, əsərdə bəzi erməni tədqiqatçılarının tarixi-memarlıq abidələri əsasında Naxçıvana qarşı irəli sürdükləri iddiaların tamamilə əsassız olduğu tutarlı faktlarla təkzib olunur.
Kitabda Naxçıvanın III-VII əsrlərdə Sasanilər dövləti ilə bağlı olması, II Şapurun (309-379) talançı yürüşlərinə məruz qalması, 387-ci il müqaviləsinə görə, Naxçıvanın Cənubi Qafqazda sasanilərin əsas dayaq məntəqəsinə çevrilməsi öz əksini tapmışdır. Əsərdə ermənilərə və onların havadarları – ingilis alimləri Devid Rol, Devid Lenq və Aleksandr Svarantsa Azərbaycanın tanınmış şərqşünas tarixçisi akademik Nailə Vəlixanlıya istinad edərək tutarlı elmi cavab verilməsi, Naxçıvanın tarixən Azərbaycanla bağlılığı, buradakı əhalinin isə indiki Azərbaycan türklərinin ulu babaları olması digər mənbələr əsasında sübuta yetirilir.
Diqqəti cəlb edən məqamlardan biri də Naxçıvan tarixindən bəhs edilən, elmi baxımdan az əhəmiyyət kəsb etməyən əcnəbi tədqiqatçıların əsərlərinin tədqiqata cəlb edilməsidir.
Naxçıvanda feodal münasibətlərinin erkən (III-V əsrlərdə) yarandığı vurğulanır, III əsrdən kənd icmalarında təbəqələşmənin və onların bir qisminin feodallardan asılı vəziyyətə düşməsinin IV-VII əsrlərdə davam etdiyi göstərilir.
Erkən orta əsrlərdə türk tayfalarının Naxçıvanda məskunlaşmaları hun, bolqar, xəzər, kəngər, sabir, peçeneq, suvarların yenidən Naxçıvanda məskunlaşmaları barədə fikirlər elmidir, qaneedicidir.
Xilafətin zəifləməsi nəticəsində Azərbaycan ərazisində Şirvanşahlar, Sacilər, Salarilər, Rəvvadilər, Şəddadilər dövlətlərinin meydana gəlməsi ilə əlaqədar gətirilmiş faktlar oxucuda maraq doğurur.
Əsərdə Naxçıvanın Babəkin başçılıq etdiyi azadlıq mübarizəsinin əsas mərkəzlərindən birinə çevrilməsi, IX əsrin sonunda xilafətin siyasi-iqtisadi dayaqlarının zəifləməsi nəticəsində Naxçıvan ərazisinin əvvəlcə Sacilər, sonra isə Salarilərin tərkibinə daxil olması qeyd edilir. Əsrin sonuna yaxın ölkədə yaranmış siyasi vəziyyət zəminində Naxçıvanda müstəqil dövlət qurumu, yaxud feodallıq – Naxçıvanşahlığın yaranması, 80 ilə yaxın mövcudluğu barədə fikrin gerçəkləşməsi üçün faktların elmi dövriyyəyə gətirilməsi diqqəti çəkir. Bu baxımdan Müaviyənin Übeyd ibn Şəriyyə ilə söhbətləri diqqəti daha çox cəlb edir. Müaviyə Übeyddən Azərbaycan haqqında məlumat istədikdə o, belə cavab verir: “Ora türk torpağıdır. Onlar oraya cəmləşərək bir-biri ilə qarışmış və təkmilləşmişlər”.
VII əsrin ortalarında Naxçıvanın ərəblər tərəfindən tutulması və 652-653-cü illərdə işğalın başa çatması, xilafətin əsas hərbi və inzibati mərkəzlərindən birinə çevrilməsi, bu ərazinin Böyük İpək Yolunda strateji keçid məntəqəsi olması və epiqrafik abidələrin icmalı ilə əsaslandırılır.
Bu cilddə Səlcuq türklərinin Naxçıvana yiyələnməsi, Azərbaycan canişinlərinin iqamətgah kimi Naxçıvanda yerləşməsi qeyd olunur. Bu dövrdə Naxçıvanın iqtisadi həyatı təhlil edilir, kənd təsərrüfatının vəziyyəti, torpaq mülkiyyəti formaları, sənətkarlıq, ticarət, şəhərləri və mədəniyyəti haqqında kifayət qədər aydın təsəvvür yaradılır.
Böyük Səlcuq imperiyasının yaranması ilə dünya tarixində ciddi dəyişikliklərin olması, Səlcuq hökmdarı Toğrul bəyin varisi Alp Arslanın Rəvvadilər sülaləsinin hakimiyyətinə son qoyduqdan sonra, 1064-cü ildə Naxçıvana yiyələnməsi, Səlcuqların Azərbaycandakı canişininin Naxçıvanda yerləşməsi xüsusi vurğulanır. Səlcuq dövlətinin tənəzzülü dövründə yeni dövlət birləşməsinin – Atabəyliklərin təşəkkülü üçün zəmin yaranması, 1136-cı ildə Şəmsəddin Eldəniz tərəfindən əsası qoyulan Azərbaycan Atabəylər dövlətinin dövrün qüdrətli və mədəni dövlətlərindən olduğu göstərilir. Azərbaycan Atabəylər dövlətinin yaradıcısı Şəmsəddin Eldəniz hələ Aranın əmiri olanda Naxçıvanı özünə iqamətgah seçmişdi. O, 1153-cü ildə Sultan Məhəmmədə yazdığı məktubda bildirmişdi ki, “əgər sultan öz yanında xidmət etməyi gərəkli sayırsa, onun qulluğuna böyük bir el, saysız-sırasız qoşun ilə hazırdır”.
Beləliklə, Şəmsəddin Eldənizin məktubu Aranın hərbi potensialını sənədləşdirən bir göstərici sayıla bilər. Həqiqətən, belə olmuşdur. Eldəniz oğulluğu Arslan şahı İraq sultanlığının taxtına çıxarmaq üçün hərbi, siyasi, diplomatik baxımdan həlledici rol oynadığı, Naxçıvan şəhəri və vilayətinin Eldəniz nəslinin irsi “iqta”sına çevrildiyi, XII əsrin 30-70-ci illərində Naxçıvanın Atabəylər dövlətinin mərkəzi şəhəri – paytaxtı olduğu qeyd olunur.
Naxçıvan dünyaya görkəmli alimlər, memarlar bəxş etmişdir. Naxçıvan Azərbaycan Atabəylər dövlətinin tərkibində xeyli inkişaf etmiş və 1136-1175-ci illərdə dövlətin mərkəzi olmuşdur. XII-XV əsrlərdə Naxçıvan mədəniyyətinin inkişaf mərhələləri araşdırılır. Eldənizlərdən sonra bir müddət Naxçıvanı Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Manqburnu idarə edir.
1258-ci ildə Naxçıvanın Hülakülər dövlətinə tabe edilməsi, dövlətlərarası müharibələrdən xeyli ziyan çəkməsi, ərazisinin vilayətlər və 9 tümənə bölünməsi, Naxçıvanın Qaraqoyunlu və Ağqoyunlular dövrünün ictimai-iqtisadi həyatında mühüm rol oynaması nəzərdən keçirilir, sufiliklə bağlı mərkəzlərdən olan xanəgahlar, zaviyyələr və sufi təriqətləri haqqında ətraflı məlumat verilir, Hürufilik təlimi, onun mahiyyəti, rolu açıqlanır. Əsərdə Naxçıvanın Səfəvilər dövrü tarixinin təhlilinə xüsusi yer ayrılmış, Səfəvilərin 1501-1576-cı illərdəki siyasi vəziyyəti Səfəvi – Osmanlı müharibələrinin araşdırılmasına ciddi önəm verilmiş, Naxçıvanın sosial-iqtisadi və mədəni həyatına ağır zərbələrlə yanaşı, bu müharibələr iki böyük türk dövlətinin faciəsi və Qərb diplomatiyasının qələbəsi kimi səciyyələndirilir. XIII-XIV əsrlərdə, həqiqətən, Naxçıvan bölgəsinin Azərbaycanın iqtisadi-mədəni mərkəzlərindən birinə çevrildiyi göstərilir. Yaxın Şərqdə gedən siyasi-iqtisadi, mədəni proseslər əsər boyu izlənir. Naxçıvanın Hülakülər, Çobanilər və Cəlairlərin nüfuz dairəsinə daxil olduğu, Əmir Teymurun Azərbaycana yürüşləri və Naxçıvanda – Əlincəqalada ona göstərilən müqavimət barədə geniş söhbət açılır.
I İsmayılın və I Təhmasibin vəfatından sonra rumlu, təkəli, şamlı, zülqədər, ustaclı tayfaları arasında hakimiyyət çəkişmələri, XVI əsrin sonu, XVIII əsrin I yarısında siyasi vəziyyət təhlil edilir. Əhali arasında narazılığın artması, Naxçıvan sancağı üzrə 393 yaşayış məskənindən 269-nun əhalisinin öz yerlərini tərk etməsi, Naxçıvanın siyasi vəziyyəti, Səfəvilər dövlətində iqtisadi-mədəni tənəzzülün dərinləşdiyi, 1736-cı ildə Nadir Əfşarın, Naxçıvan da daxil olmaqla, Azərbaycan torpaqlarını osmanlılardan azad etməsi, Naxçıvanda kənd təsərrüfatı, əkinçiliyin, bağçılıq, bostançılıq və texniki bitkilərin, üzümçülüyün inkişafının lazımi səviyyədə olması konkret faktlarla göstərilir.
XVIII əsrin 20-ci illərində Rusiyanın Xəzərsahili torpaqları işğal etməsi, Azərbaycan ərazisinin bir hissəsinin – Naxçıvan və Ordubadın osmanlılara verilməsi, Naxçıvan ərazisinin çox hissəsinin yeni təşkil olunmuş sancağın tərkibinə daxil edilməsi, 1735-ci ildə Azərbaycanın digər əraziləri kimi, Naxçıvanın Nadir şahın hakimiyyəti altına keçməsi ətraflı şərh edilir.
Tədqiqatların əksəriyyətində təkcə islamaqədər yox, hətta xristianlaşmaya qədər və xristianlaşma zamanı indi “Ermənistan” adlanan bölgənin əsas entosunun türklər olduğu, “Ermənistan” termininin isə türkcə “Yuxarı ellər” anlamında işləndiyi çoxsaylı mənbələr əsasında sübut edilmişdir. Sonrakı dövrlərdə bütün tarixi mənbələrdə onların Anadoluya və indi yayıldıqları əraziyə gəlmə olduqları təsdiq edilmişdi.  
Tanınmış türk tarixçisi Əhməd Zəki Vəldi Toğan “Azərbaycan” adlı əsərində çoxsaylı mənbələrə söykənərək ərəblərin yürüşünə qədər Azərbaycanda aparıcı etnosun türk toplumları olduğunu geniş şəkildə şərh etmişdir.
Akademik Ziya Bünyadov yazırdı ki, aparılan arxeoloji qazıntılar zamanı Azərbaycanın Naxçıvan şəhəri ərazisində o dövrə dair heç bir kilsə və xristianlığa məxsus digər tikililərin qalıqları aşkar edilməmişdir.
Qeyd etmək lazımdır ki, kitabda müstəqillik illərində qədim Naxçıvanın öyrənilməsində yeni mərhələnin başlanıldığı xüsusilə vurğulanır.
Ümumən, Naxçıvanın xilafət və Atabəylər dövrü, XVIII əsrin 40-cı illərinə qədər sosial-iqtisadi həyatı barədə oxucuda geniş təsəvvür yaratmaq üçün akademiklər Ziya Bünyadov, İsa Həbibbəyli, İsmayıl Hacıyev, AMEA-nın müxbir üzvləri Yaqub Mahmud­ov, Məşədixanım Nemətova və professor Kərim Şükürovun əsərlərinin, orta əsr mənbələrinin, xüsusilə “İrəvan əyalətinin icmal dəftəri”, “Naxçıvan sancağının müfəssəl dəftəri” və digər mənbələrin əhəmiyyəti xüsusi qeyd edilir.
Belə mötəbər mənbələrə söykənən və yüksək elmi-nəzəri səviyyədə yazılmış “Naxçıvan tarixi”nin ilk cildi fundamental nəşr kimi oxucuların sevincinə səbəb olmuşdur. Onu Azərbaycan MEA Naxçıvan Bölməsi əməkdaşlarının, xüsusən akademik İsmayıl Hacıyevin böyük uğuru hesab etmək olar.

Süleyman MƏMMƏDOV
Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, professor

“Xalq qəzeti”, 4 may 2014-cü il

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR