1993-cü il dekabrın 20-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin qərarı ilə may ayının 3-ü Beynəlxalq Mətbuat və Söz Azadlığı Günü elan olunmuşdur.
Müasir dövrdə mətbuat və söz azadlığı cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri – qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Kütləvi informasiya vasitələri cəmiyyətdə ictimai fikri, dövlətə inamı və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir. Bu mənada kütləvi informasiya vasitələri dünyada demokratiya və informasiya azadlığının mühüm vasitəsi hesab edilir.
Təsadüfi deyil ki, söz, mətbuat azadlığı insan hüquq və azadlıqları ilə bağlı bütün beynəlxalq sənədlərin ana xəttini təşkil edir. İnsan Hüquqları Bəyannaməsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Amerika Konvensiyası və digər beynəlxalq sənədlərdə özünüifadəetmə azadlığı ən ali hüquq kimi təsbit olunmuşdur.
Bu gün ölkəmizdə kütləvi informasiya vasitələrinin azad fəaliyyəti və inkişafı üçün zəruri tədbirlər görülür. Azərbaycan Respublikasının Konstitusiyasında informasiya azadlığı və onun təmin olunması dövlətimizin ali məqsədlərindən biri kimi təsbit edilmişdir. Eyni zamanda ümumbəşəri dəyərləri, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikası insan hüquqları, söz və mətbuat azadlığının təmin edilməsi ilə bağlı mövcud olan əksər beynəlxalq konvensiya və sazişlərə qoşulmuşdur. Ölkəmizdə kütləvi informasiya vasitələrində fikir demək, hadisələrə münasibət bildirmək üçün geniş imkanlar vardır.
Azərbaycanda söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ulu öndərimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Ümummilli liderimiz ölkəmizdə söz azadlığının təmin olunmasına, kütləvi informasiya vasitələrinin cəmiyyət həyatındakı rolunun artırılmasına yüksək qiymət vermiş, jurnalistlərin peşə fəaliyyətləri üçün geniş imkanlar yaratmışdır. Dahi şəxsiyyətin kütləvi informasiya vasitələrinin inkişafına göstərdiyi böyük diqqət və qayğı nəticəsində qısa zamanda bu sahədə fəaliyyəti tənzimləyən zəngin qanunvericilik bazası yaradılmış, mətbuat orqanlarının maddi-texniki təminatı və iqtisadi müstəqilliyi gücləndirilmiş, mətbuat-dövlət münasibətlərində mütərəqqi ənənələrin əsası qoyulmuşdur.
Ulu öndər Heydər Əliyevin 1998-ci il 18 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”, həmçinin 1998-ci il avqustun 6-da imzaladığı “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərman ölkəmizdə söz, mətbuat, fikir azadlıqlarının təminatına əlverişli şərait yaratmış, Müstəqil Dövlətlər Birliyi məkanında ilk dəfə olaraq Azərbaycanda senzura ləğv olunmuşdur. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin ləğv olunması isə dövlətin mətbuat üzərində nəzarətinə tamamilə son qoymuşdur. “Kütləvi informasiya vasitələri haqqında”, “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında”, “Məlumat azadlığı haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Ətraf mühitə dair informasiya almaq haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi kütləvi informasiya vasitələrini cəmiyyətin dinamik şəkildə demokratikləşməsinə təsir edən qüdrətli vasitəyə çevirmişdir.
Bu gün ulu öndərin mətbuat və söz azadlığı sahəsindəki mütərəqqi siyasəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Kütləvi informasiya vasitələrinin müstəqil fəaliyyəti, jurnalistlərin öz iradələrini azad şəkildə ifadə etməsi üçün hərtərəfli şərait yaradılmışdır. Söz və mətbuat azadlığını yüksək qiymətləndirən dövlət başçısı demişdir: “Söz və informasiya azadlığı hər bir ölkə üçün, ölkənin inkişafı üçün ən vacib olan məsələlərdən biridir. Söz və informasiya azadlığı, demokratiyanın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir. Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmişdir”.
Hazırda Azərbaycan Respublikasında qabaqcıl və azad mətbuat formalaşmışdır. Ölkəmizdə 5 minə yaxın mətbuat orqanı, onlarla jurnalist təşkilatı, ümumrespublika, peyk, regional və kabel televiziyaları, informasiya agentlikləri fəaliyyət göstərir.
Söz, fikir, məlumat azadlığı, o cümlədən mətbuatın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Muxtar respublikada azad mətbuatın inkişafı istiqamətində mühüm addımlar atılmışdır. 1995-ci ildən ötən dövr ərzində bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş muxtar respublikanın kütləvi informasiya orqanlarını da əhatə etmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun mətbuat orqanlarına hərtərəfli qayğısı keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olmuşdur. Ali Məclis Sədrinin “Naxçıvan Muxtar Respublikasının dövlət mətbuat orqanlarının maddi-texniki vəziyyətini yaxşılaşdırmaq tədbirləri haqqında” Sərəncamı kütləvi informasiya vasitələrinin hərtərəfli inkişafı istiqamətində yeni üfüqlər açmışdır.
Kütləvi informasiya orqanlarının maddi-texniki vəziyyətinin yaxşılaşdırılması muxtar respublikada həm də bu sahədə qəbul olunan qanunların tətbiqi və icrası baxımından mühüm əhəmiyyət daşıyır. Artıq “Şərq qapısı” qəzeti həftədə 5 dəfə nəşr olunur. Bu gün muxtar respublikanın hər bir şəhər və rayonunun özünün mətbu orqanı vardır və onların dövriliyi təmin edilib. Bu sahədə qazanılan uğurlar eyni zamanda elektron medianı da əhatə edir. Belə ki, 2011-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin binası yenidən qurularaq istifadəyə verilmiş, komitədə yeni nəsil rəqəmsal avadanlıqlar quraşdırılmışdır. “Kanal 35” televiziyasının, “Naxçıvanın səsi” radiosunun da fəaliyyəti üçün lazımi şərait yaradılmışdır. 2005-ci ildə Naxçıvan Mətbuat Şurasının, 2007-ci ildə isə Televiziya və Radio Şurasının yaradılması da muxtar respublikamızda bu sahədə həyata keçirilən tədbirlərdəndir. Artıq muxtar respublika sakinlərinə yüksək səviyyədə İP və rəqəmsal televiziya yayımı, genişzolaqlı internet və digər elektron xidmətlər göstərilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili haqqında” 2011-ci il 15 iyul tarixli Fərmanına uyğun olaraq, dövlət idarəçiliyində informasiya və kommunikasiya texnologiyalarından istifadə olunması prioritet istiqamətə çevrilmiş, muxtar respublikada informasiya cəmiyyətinə keçid və elektron hökumətin formalaşdırılması sahəsində mühüm tədbirlər görülmüşdür. Bu gün informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, elektron hökumət, elektron imza və elektron sənəd dövriyyəsinin tətbiqinə, elektron poçt-maliyyə xidmətlərinin, ayrı-ayrı sahələr üzrə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına xüsusi diqqət yetirilir.
Fikir və söz azadlığı məlumat azadlığı ilə üzvi surətdə bağlıdır. Məlumat azadlığının tərkib hissəsi isə informasiya əldə etmək hüququdur. Muxtar respublikada məlumat azadlığının və informasiya əldə etmək hüququnun daha effektiv müdafiə və təmin edilməsi məqsədilə 2011-ci il dekabrın 29-da “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda müvafiq dəyişikliklər edilmişdir. Qanunda edilən dəyişikliyə əsasən, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin Naxçıvan Muxtar Respublikasında yerinə yetirilməsinə nəzarəti həyata keçirən təsisat qismində Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) müəyyən edilmişdir. Qanunun icrasını və Müvəkkilin bu sahədə fəaliyyətini təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən informasiya sahibi olan dövlət orqanları və yerli özünüidarə orqanları müəyyən edilmiş, onlar haqqında məlumat bazası yaradılmış, eləcə də həmin orqanların rəsmi internet səhifələri və elektron poçt ünvanları məlumat bazasına daxil edilmişdir. Görülən bütün bu tədbirlər muxtar respublikada fikir və söz azadlığının, informasiya əldə etmək hüququnun daha səmərəli təmin edilməsinə xidmət edir.
Bu gün ölkəmizdə demokratiyanın keşiyində dayanan azad və müstəqil milli mətbuatımız vardır. Təbii ki, azad mətbuatın fəaliyyətinin getdikcə gücləndirilməsi cəmiyyətin hər bir üzvünün öz fikrini sərbəst şəkildə ifadə etməsinə imkan verir. Bu da mətbuat və söz azadlığının təmin olunmasında mühüm amildir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkili (Ombudsman) Aparatının mətbuat xidməti