23 Dekabr 2024, Bazar ertəsi

Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişinin ilk günlərindən onun genişmiqyaslı fəaliyyətində Azərbaycan tarixi və mədəniyyətinin öyrənilməsi, öyrədilməsi, tədqiqi və təbliği məsələləri əsas yerlərdən birini tutmuş, ön planda durmuşdur. Azərbaycan tarixinin bir sıra aktual məsələlərinin, o cümlədən xalqımızın mənşəyi, dövlətçiliyimizin təşəkkülü və formalaşması, tariximizin ümumdünya tarixində yeri və sair bu kimi mühüm tarixi problemlərin hərtərəfli, dərindən, ən başlıcası obyektiv tədqiqi ulu öndər tərəfindən tarixçilər qarşısında aktual və təxirəsalınmaz vəzifə kimi qoyulmuşdu.

Tariximizə və tarix-mədəniyyət abidələrinə böyük diqqət və qayğı göstərən dahi şəxsiyyət Heydər Əliyevin birbaşa rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində bir sıra tədbirlər həyata keçirilmiş, ilk növbədə, ən yüksək səviyyədə bu sahədə görüləcək işlərin istiqamətlərini müəyyən edən müzakirələr aparılmış, qərarlar qəbul edilmişdir. Bu cəhətdən Azərbaycan SSR Ali Sovetinin 1973-cü ilin sentyabrında keçirilən sessiyasının gündəliyinə Azərbaycan ərazisindəki mədəniyyət abidələrinin vəziyyəti və onların qorunması tədbirləri haqqında məsələnin daxil edilməsi və müzakirə olunması diqqəti cəlb edir.

Bunun ardınca ulu öndərin rəhbərliyi ilə Azərbaycan KP MK-nın 10 sentyabr 1976-cı ildə qəbul etdiyi “Azərbaycan SSR-də tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası işini yaxşılaşdırmaq haqqında” Qərar ölkə ərazisində qeyd olunan istiqamətdə mühüm işlər aparmaq üçün geniş üfüqlər açmışdır.
Bunlarla kifayətlənməyən ümummilli lider Heydər Əliyev bu sahədə aparılan genişmiqyaslı işlərin qanun çərçivəsində yerinə yetirilməsini təmin etmək məqsədilə Azərbaycan SSR Ali Sovetinin 21 iyul 1978-ci il tarixli sessiyasında “Tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə haqqında Azərbaycan SSR Qanunu”nun qəbul olunmasına, 27 yanvar 1982-ci ildə isə Azərbaycan Tarix və Mədəniyyət Abidələrinin Mühafizə Cəmiyyətinin Nizamnaməsinin Azərbaycan SSR Nazirlər Sovetində təsdiq edilməsinə nail olmuşdur. Beləliklə, ölkə ərazisindəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və qorunması məsələsi qanun və qərarlarla rəsmiləşdirilmiş, bu sahəyə cavabdeh olan aid təşkilatların vəzifələri müəyyənləşdirilmiş, onların məsuliyyətləri artırılmışdır. Burada qeyd etmək yerinə düşər ki, ulu öndər abidələrin qorunmasında hamının, xüsusilə rəhbər işçilərin rolunu həmişə ön plana çəkmiş və qeyd etmişdir ki, “Abidələrin qorunması hamının, xüsusilə rəhbər işçilərin diqqət mərkəzində olmalıdır. Tariximiz üçün müəyyən əhəmiyyət kəsb edən və yer altından tapılmış hər bir xırda əşya belə, qızıl qədər dəyərlidir”.
1970-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) 50 illik yubileyində Azərbaycan dilində çıxış edən görkəmli dövlət xadimi Heydər Əliyev bir il sonra, 1971-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun (indiki ADPU) 50 illik yubileyində çıxış edərkən Azərbaycan tarixinin tədrisi məsələsindən bəhs etmiş, bununla əlaqədar tapşırıqlar vermişdi. Bundan sonra aparıcı ali məktəblərdə “Azərbaycan tarixi” kafedraları yaradılmış, fənnin tədrisinə ayrılan saatların miqdarı artırılmışdı. Bu məqsədlə ali və orta məktəblər üçün dərsliklər, proqramlar hazırlanmışdı.
Azərbaycan xalqının zəngin  tarixi keçmişi, mədəni irsi daim ümummilli lider Heydər Əliyevin diqqət mərkəzində olmuşdur. O, abidələrin qorunmasına, bərpasına, təbliğinə və gələcək nəsillərə çatdırılmasına böyük önəm verirdi. XX yüzilliyin 70-ci illərində Qəbələ RLS tikilərkən erməni mühəndislərinin hazırladıqları plana əsasən, Azərbaycanın qədim paytaxt şəhərlərindən və mədəniyyət mərkəzlərindən olan Qəbələ yaşayış məskəni dağıdılmalı idi. Bundan xəbər tutan ümummilli liderimiz məsələyə dərhal reaksiya vermiş, Kreml səviyyəsində danışıqlar apararaq Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan Qəbələ şəhər yerinin dağıdılmasının qarşısını almışdı.
Sovet hakimiyyəti illərində orta əsr şəhəri, həmin dövrün şəhərsalma prinsiplərini və ənənələrini çox gözəl şəkildə qoruyub saxlamış Ordubad şəhərində tikinti işləri aparılarkən şəhərin memarlıq üslubu pozulur, görkəminə xələl gətirilir, hətta bəzi tarix-mədəniyyət abidələri dağıntıya məruz qalırdı. Beləliklə, Ordubad şəhəri müasirlik adı altında inşa edilən tikintilər hesabına öz əvvəlki görkəmini itirirdi. Ulu öndər Heydər Əliyev 1977-ci ildə Ordubadı “qoruq-şəhər” elan etmişdir. Bununla da, şəhərin toxunulmazlığı təmin olunmuşdur.
Azərbaycan arxeoloji irsinə və maddi-mədəniyyət nümunələrinə böyük maraq göstərən, onlara hörmət və ehtiramla yanaşan, diqqət və qayğısını əsirgəməyən ümummilli lider Heydər Əliyev Moskvada, SSRİ-nin rəhbər elitasında işlədiyi zaman doğma yerlərə – Azərbaycana gələndə vaxtının məhdud olmasına baxmayaraq, ölkə ərazisində indiyədək qalan tarix-mədəniyyət abidələrini də ziyarət edirdi. 1983-cü ilin sentyabrında Azərbaycanda olarkən qədim mədəniyyət, elm, təhsil, ticarət və sənətkarlıq mərkəzlərindən biri olan Şabran şəhərinə getmiş, orada arxeoloji tədqiqatlarla tanış olmuş və bu işin genişləndirilməsini tövsiyə etmişdi. Bundan sonra Şabranda bir neçə arxeoloji ekspedisiya fəaliyyətə başlamışdı. Həmçinin həmin vaxt respublika rəhbərliyinə Azərbaycanın orta əsr şəhərlərinin tarixinin hərtərəfli öyrənilməsi haqqında tapşı­rıqlar verilmişdi. Tapşırıqlara uyğun olaraq, bir sıra Azərbaycan şəhərlərinin (Gəncə, Bərdə, Naxçıvan, Qəbələ və sair) qədim və orta əsrlər dövrü tarixinin sistemli şəkildə öyrənilməsi üçün arxeoloji ekspedisiyalar işə başlamış, aparılan tədqiqatların nəticəsi olaraq monoqrafiya, kitab və məqalələr yazılmışdı.
Ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrü də qeyd olunan istiqamətdə aparılan işlərlə zəngin olmuşdur. Ümummilli liderimizin təşəbbüsü və sədrliyi ilə Naxçıvan MSSR Ali Sovetinin 17 noyabr 1990-cı ildə keçirilən sessiyasında Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının adından “Sovet” və “Sosialist” sözləri çıxarılmış, muxtar respublikanın ali dövlət hakimiyyət orqanı olan “Ali Sovet” “Ali Məclis” adlandırılmış, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı kimi qəbul edilmişdi.
Naxçıvanda işlədiyi dövrdə xalqımızın böyük oğlu Heydər Əliyev Naxçıvanın muxtariyyət statusuna qarşı yönəlmiş hücumları dəf etmiş, muxtariyyət statusunu qoruyub saxlamışdır. 1992-ci ilin martında Türkiyədə olarkən ulu öndər 1921-ci ildə bağlanmış Moskva və Qars müqavilələrinə əsasən, “Türkiyə Naxçıvanın ərazi bütövlüyünün təminatçısıdır” fikrinin bir daha vurğulanmasına nail olmaqla həm ölkə daxilində Naxçıvanın muxtariyyət statusunun ləğv olunmasına çalışanlara, həm bu işdə marağı olan xarici dövlətlərə, həm də düşmən Ermənistana sərt mesaj göndərmişdi. Beləliklə, həyata keçirilən bu tədbirlər nəticəsində Naxçıvanın muxtariyyət statusu qorunub saxlanmışdır.
Ümummilli liderimizin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrdə, həmçinin Azərbaycanda siyasi hakimiyyətinin ikinci dövründə də Naxçıvanda tariximizə, tarix-mədəniyyət abidələrimizə böyük diqqət və qayğı göstərilmiş, genişmiqyaslı abadlıq və quruculuq işləri aparılmışdır.
Milli-mənəvi dəyərlərimizə, müqəddəs yerlərimizə daim hörmət və ehtiramla yanaşan ümummilli liderimizin tövsiyə və tapşırığı ilə Azərbaycanda ən böyük ziyarətgahlardan biri, müqəddəs kitab “Qurani-Kərim”də adı xatırlanan Əshabi-Kəhf ziyarətgahını Naxçıvan-Ordubad magistral yolu ilə birləşdirən 14 kilometrlik yol yenidən qurulmuş, ziyarətgahda abadlıq və bərpa işləri aparılmışdır. Bu haqda ziyarətgahın girişində qoyulmuş qranit daş üzərində həkk edilmiş kitabədə oxuyuruq: “Əshabi-Kəhf ziyarətgahında bərpa və abadlıq işləri 1998-ci ildə Azərbaycan Prezidenti   möhtərəm Heydər Əliyevin tapşırığı və himayəsi ilə görülmüşdür”. Artıq tarixi sənədə çevrilmiş bu kitabə bu müqəddəs yerə gələn zəvvarlara, turistlərə, ümumiyyətlə, bütün insanlara xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyirxah əməllərindən biri haqqında məlumat verir və gələcəkdə də buraya gələnləri bu haqda məlumatlandıracaqdır.
Naxçıvanın maddi-mədəniyyətinin, xüsusən Gəmiqaya abidəsinin ümumbəşəri dəyərini və xalqımızın tarixinin öyrənilməsində elmi əhəmiyyətini yüksək qiymətləndirən ulu öndər Heydər Əliyev 2001-ci ildə muxtar respublikanın ərazisində geniş arxeoloji tədqiqatlar aparılmasını bir vəzifə kimi qarşıya qoymuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 26 aprel 2001-ci ildə “Ordubad rayonundakı Gəmiqaya abidəsinin tədqiq edilməsi haqqında” Sərəncam imzalamışdır. 2001-ci ilin avqustunda Gəmiqayaya elmi ekspedisiya təşkil edilmiş, abidənin əsaslı şəkildə yenidən öyrənilməsinə başlanmışdır. Ulu öndərin təşəbbüsü, tövsiyə və tapşırıqları əsasında Ordubad rayonunun Nəsirvaz kəndi yaxınlığındakı dəniz səviyyəsindən 3906 metr yüksəklikdə yerləşən Gəmiqaya abidəsinin sonrakı illərdə də tədqiqinin sistemli şəkildə həyata keçirilməsi dahi şəxsiyyətin Naxçıvanın maddi-mədəniyyət abidələrinin dərindən, ətraflı və hərtərəfli şəkildə öyrənilməsinə diqqət və qayğısının parlaq ifadəsidir.
Ümummilli liderin Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra onun fəaliyyətində Azərbaycan tarixinin bir sıra problemlərinin yenidən işlənməsi, Sovet hakimiyyəti illərində yasaq olunmuş mövzuların tədqiqi diqqət mərkəzində olmuşdur. Bu cəhətdən ümummilli lider Heydər Əliyevin 18 dekabr 1997-ci ildə imzaladığı “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” və 26 mart 1998-ci ildə imzaladığı “Azərbaycanlıların Soyqırımı haqqında” fərmanları xüsusilə qeyd etmək lazımdır. Məhz bu fərmanlardan sonra XX yüzillikdə tədqiqinə yasaq qoyulmuş, üstündən sükutla keçilmiş ermənilərin XX əsr boyu başımıza gətirdiyi müsibətlər, xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar və sair sistemli tədqiqat obyektinə çevrilmiş, bu məsələ ilə əlaqədar dissertasiyalar müdafiə olunmuş, çoxlu monoqrafiyalar, kitablar və məqalələr nəşr edilmişdir. Bu iş indi də davam etdirilməkdədir.
Dahi şəxsiyyət XIX-XX əsrlər tarixinin öyrənilməsinə xüsusi diqqət yetirir və qeyd edirdi ki, başqa dövrlərdən fərqli olaraq, XIX-XX əsr tariximiz daha çox təhrif edilmişdir. Ona görə də O, 31 yanvar 1997-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvləri ilə görüşündə tarixçilərin qarşısında Azərbaycanın XIX-XX əsrlər tarixinin obyektiv, olduğu kimi yazılmasını təxirəsalınmaz vəzifə kimi qoymuş və demişdir: “...indi akademiyanın qarşısında duran vəzifələrdən biri də Azərbaycan xalqının XIX-XX əsrlər tarixinin yazılmasıdır. ...XIX-XX əsrlər tarixinin yazılması üçün mən xüsusi vəsait ayıracağam”.
XX yüzilliyin əvvəllərində Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə çox yüksək qiymət verən ulu öndər onu yaradan şəxsiyyətlərə də böyük rəğbətlə yanaşırdı. Məhz buna görə də dahi şəxsiyyət 30 yanvar 1998-ci ildə “Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında” Sərəncam imzalamışdır.
Məlumdur ki, ümummilli liderimiz Heydər Əliyev 29 dekabr 2000-ci ildə Yeni il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciət etmişdir. Bu müraciətdə Azərbaycan tarixinə, Azərbaycan xalqının keçdiyi tarixi yola ulu öndər tərəfindən səriştəli bir tarixçi kimi nəzər salınmış, XIX-XX yüzilliyin tarixinə xüsusi diqqət yetirilmişdir. Görkəmli dövlət xadimi Heydər Əliyevin Yeni il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətini “Azərbaycanın tarixi salnaməsi” kimi səciyyələndirən akademik İsmayıl Hacıyev yazır:  “Burada yaxın tarixə yığcam şəkildə və müdrikcəsinə baxılmış, baş verənlərə düzgün və obyektiv qiymət verilmişdir. Bu müraciətdə Azərbaycan gerçəkliyi dünyada gedən proseslərin fonunda və onun bir hissəsi kimi  təhlil olunur. Keçmişimizin və müasir tariximizin elmi-nəzəri proqnozlarını verən bu müraciətdə xalqımızın keçdiyi tarixi yola dərindən nəzər salınır, mühüm tarixi proseslərə, hadisələrə, tarixi şəxsiyyətlərə obyektiv qiymət verilir, prinsipial münasibət bildirilir. Bu baxımdan “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında” adlı irihəcmli müraciət ictimai-siyasi həyatımızın bütün sahələrinin təhlilini verən çox qiymətli bir tarixi əsərdir”.
Ulu öndər müraciətində kamil tarixçi səriştəsi ilə dərin elmi-nəzəri təhlil aparmış, XX yüzillikdəki tariximizi dövrləşdirmiş və onu dörd mərhələyə (1. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması üçün münbit zəminin yaranması mərhələsi; 2. Çar Rusiyası dağılandan sonra ölkəmizin ilk dəfə müstəqilliyi əldə etdiyi dövr – Azərbaycan Xalq Cümhuriyyəti mərhələsi; 3. 1920-ci ilin aprelindən 18 oktyabr 1991-ci ilə qədər olan mərhələ; 4. 18 oktyabr 1991-ci ildə “Müstəqillik haqqında Konstitusiya Aktı”nın qəbul olunması ilə başlanan mərhələ) ayırmışdır.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin tariximizə, mədəniyyətimizə, maddi-mədəniyyət abidələrimizə hörmət, ehtiram, diqqət və qayğısı sahəsində müəyyənləşdirdiyi siyasi kurs hazırkı dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət büdcəsində elmə ayrılan vəsaitin, alimlərin, o cümlədən tarixçilərin əməkhaqlarının, elmi dərəcələrə görə verilən maaşların artırılması, AMEA-nın Tarix, Arxeologiya və Etnoqrafiya institutlarına Prezidentin ehtiyat fondundan böyük məbləğdə vəsaitlərin ayrılması və sair tədbirlər bu diqqət və qayğının təzahürü kimi diqqəti cəlb edir. Bu diqqət və qayğının nəticəsidir ki, Azərbaycan ərazisində 40-dan artıq arxeoloji ekspedisiya tədqiqatla məşğul olur, tarix və mədəniyyətimizin müxtəlif problemlərinə aid geniş tədqiqatlar aparılır, fundamental əsərlər yazılır.
Ulu öndərimizin Azərbaycan tarixinin öyrənilməsi və təbliğ edilməsi istiqamətində qarşıya qoyduğu vəzifələr Naxçıvan Muxtar Respublikasında da uğurla icra olunur. Son illər Ali Məclis Sədrinin müvafiq sərəncamı ilə 1200-dən çox abidənin qeydə alınması və pasportlaşdırılması, 60-dan çox abidənin bərpa edilməsi bunun bariz ifadəsidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan tarixi” çoxcildliyinin hazır­lanması və nəşr olunması barədə” 6 avqust 2012-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2013-cü ilin sonlarında Əcəmi nəşriyyatında Naxçıvan tarixinin I cildi çapdan çıxdı. Ümummilli liderin 90 illik yubileyinə, eyni zamanda Azərbaycan tarixşünaslıq elminə böyük töhfə olan bu əsər ulu öndərin Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanın tarixinin obyektiv, dərindən və hərtərəfli öyrənilməsi ilə əlaqədar tövsiyə və tapşırıqlarının yerinə yetirilməsi istiqamətində atılan növbəti nəhəng bir addım oldu.

İnanırıq ki, Azərbaycan tarixçiləri yüksək dövlət qayğısına cavab olaraq öz qüvvələrini səfərbər edəcək, xalqımızın ümummilli lideri Heydər Əliyevin tarixçilər qarşısında qoyduğu vəzifələrin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarının uğurla yerinə yetirilməsi, Azərbaycanın tarix və mədəniyyətinin tədqiqini gözləyən problemlərinin öyrənilməsi üçün səylə çalışacaqlar.

Fəxrəddin SƏFƏRLİ
tarix elmləri doktoru, professor

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR