23 Dekabr 2024, Bazar ertəsi

Ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 59-cu məşğələsi keçirilib. 59-cu məşğələ “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusuna həsr olunub.
Lektoriyanı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, professor Fəxrəddin Səfərli qeyd edib ki, Naxçıvanın muxtariyyətinin XX əsrin 90-cı illərində qorunub saxlanılması bilavasitə ümum­­milli lider Heydər Əliyevin adı ilə bağlıdır. Muxtariyyət statusunun beynəlxalq hüquqi əsaslı olması Naxçıvanı həm də erməni təcavüzündən qoruyub.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda məruzə ilə çıxış edib. O, Naxçıvana muxtariyyət statusu verilməsinin zəruri siyasi amillərindən danışıb. Bildirilib ki, çox qədim tarixə, mühüm coğrafi, siyasi strateji əhəmiyyətə malik Naxçıvana qarşı ermənilərin əsassız iddialarının qarşısının alınmasında, bu bölgənin ərazisinin toxunulmazlığında 1921-ci ildə imzalanan beynəlxalq Moskva və Qars müqavilələri mühüm əhəmiyyət kəsb edir.

Məruzədə XX əsrin 90-cı illərinin əvvəllərində ümummilli lider Heydər Əliyev tərəfindən bu müqavilələrin beynəlxalq səviyyədə yenidən siyasi gündəmə gətirilməsinin əhəmiyyətindən də bəhs olunub. Vurğulanıb ki, Naxçıvanın muxtariyyət qazanmasını dövlətçilik tariximizdə mühüm nailiyyət kimi qiymətləndirən ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində çalışdığı dövrdə Naxçıvanın toxunulmazlığı istiqamətində görülən tədbirlər nəticəsində, bütövlükdə, Azərbaycanın tərəqqisi, milli iqtisadi strategiyanın müəyyənləşdirilməsi, diplomatik münasibətlərin inkişafı kimi mühüm tarixi və siyası məsələlərin həllinə nail olunub.

*   *   *

Yeni Azərbaycan Partiyası (YAP) Kəngərli Rayon Təşkilatında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbiri YAP Kəngərli Rayon Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Fazil Abbasov açaraq məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, Azərbaycanın 23 ilə yaxın müstəqillik tarixini vərəqləsək, ümummilli lider Heydər Əliyevin xalqımız, dövlətimiz qarşısındakı xidmətlərinin miqyasının nə qədər böyük olduğunu görərik. Müasir dövrdə Azərbaycanın dövlət suverenliyi və iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi və dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiyası məhz 1970-1980-ci illərdə ulu öndər Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə təməli qoyulmuş potensiala əsaslanır.
Vurğulanmışdır ki, müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin şah əsəridir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən dahi rəhbərin keçdiyi şərəfli ömür yolu, Azərbaycan xalqı qarşısında göstərdiyi misilsiz xidmətlər müasirlərimiz, eləcə də gələcək nəsillər üçün əsl örnəkdir.
Sonra partiya üzvlərindən Sevda Quliyevanın, Ehtimad Məmməd­ovun, Leyli Həsənovanın, Türkanə Babayevanın və Minurə Əliyevanın çıxışları olmuşdur.
Sonda məktəblilərin ifasında ulu öndərə həsr olunmuş şeirlər bədii qiraət edilmişdir.

*   *   *

Dünən Naxçıvan Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda tədbir keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxmışlar.    
Mərkəzin direktoru Sevinc Mirzəyeva “Heydər Əliyev və Naxçıvanın muxtariyyəti” mövzusunda məruzə ilə çıxış etmişdir. Bildirilmişdir ki, ötən əsrin sonlarında SSRİ-nin dağılmasından sonra Azərbaycanda, o cümlədən onun tərkib hissəsi olan Naxçıvanda mürəkkəb ictimai-siyasi hadisələr yaşanmışdır. Sovet rəhbərliyinin ölkəmizin milli maraqlarına zidd siyasəti, mənfur qonşularımız olan ermənilərin Naxçıvana əsassız ərazi iddiaları muxtar respublikamızın gələcək taleyini ciddi təhlükə altına almışdır. Məhz həmin dövrdə Azərbaycan xalqının müdrik oğlu, ümummilli lider Heydər Əliyev Moskvadan Bakıya, sonra isə Naxçıvana gələrək regi­onun təhlükəsizliyinin qorunmasında misilsiz xidmətlər göstərmişdir. Ermənilərin muxtar respublikaya silahlı hücumlarının qarşısının alınması yalnız dahi şəxsiyyətin qətiyyətli addımlarının nəticəsində mümkün olmuşdur. Belə ki, ulu öndər Heydər Əliyevin səyləri nəticəsində Naxçıvanın muxtariyyət statusunu təsdiq edən Qars müqaviləsi yenidən gündəmə gətirilmiş və dünya dövlətlərinin diqqətinə çatdırılmışdır. 1921-ci ildə imzalanmış bu müqavilənin hüquqi statusunun tanınması regionun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynamışdır. 1990-1993-cü illərdə ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyasi fəaliyyəti muxtar respublikanın təhlükəsizliyini təmin etməklə yanaşı, ölkəmizin müstəqilliyinin qorunmasına, onun dövlətçilik ideyalarının formalaşmasına zəmin yaratmışdır. Dahi şəxsiyyətin 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı isə ölkəmizi, eyni zamanda onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişaf və tərəqqi yoluna çıxarmışdır.
Tədbirdə Texniki Yaradıcılıq Mərkəzinin şöbə müdirləri Lalə Qənbər­ova və Məhbubə Məmmədovanın çıxışları olmuşdur.
Sonra mərkəzin dərnək üzvlərinin ifasında ulu öndərə həsr olunmuş şeirlər bədii qiraət olunmuşdur.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR