“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir. Biz bunu qoruyub saxlamalıyıq. Naxçıvanın muxtariyyəti Naxçıvanın əldən getmiş başqa torpaqlarının qaytarılması üçün ona xidmət edən çox böyük bir amildir. Biz bu amili qoruyub saxlamalıyıq”.
Ümummilli lider Heydər Əliyevin dəfələrlə, son günlərdə isə daha tez-tez eşitdiyimiz bu müdrik fikri Naxçıvanın muxtariyyət tarixinə verilən tarixi-siyasi qiymətdir. Bu fikir Naxçıvanın muxtariyyətinin qorunub saxlanılmasının vacibliyindən əlavə, tarixi Naxçıvan torpaqlarının unudulmamasını bizə xatırladır. Elə biz də dahi öndərin bu fikrinin işığında muxtariyyətimizin 90 yaşının tamam olduğu bir ərəfədə doğma Naxçıvanın tarixi əraziləri ilə bağlı araşdırmalar aparmaq, Naxçıvanın tarixi coğrafiyasının bu maraqlı məqamlarını oxucularımıza çatdırmaq, beləliklə də, tarixi yaddaşımızı bir daha vərəqləmək məqsədilə “Tarixi Naxçıvan” rubrikası ilə yazılar hazırlamağa qərar verdik.
Bu ərazilərdə zaman-zaman ermənilərin yerləşdirilməsi, böyük dövlətlər tərəfindən Naxçıvan və İrəvan əraziləri hesabına bufer dövlətin yaradılması Naxçıvanın Azərbaycanın əsas hissəsindən ərazicə ayrı düşməsi, blokadası ilə nəticələnmişdir. İndiki Naxçıvan isə, şəksiz ki, naxçıvanlıların misilsiz rəşadəti, müdrikliyi sayəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmışdır. XX əsrin 90-cı illərində ulu öndər Heydər Əliyevin uzaqgörənliyi və atdığı müdrik siyasi-diplomatik addımlar nəticəsində Naxçıvan qorunub saxlanmış və qədim diyar bugünkü möhtəşəm inkişaf və tərəqqi yoluna çıxmışdır.
Bu inkişaf isə mədəni intibahımızı şərtləndirmişdir. Naxçıvanın tarixinin öyrənilməsi istiqamətində görülən məqsədyönlü işlər “Naxçıvan tarixi” çoxcildliyi kimi fundamental bir əsərin ərsəyə gəlməsinə səbəb olmuşdur. Bizim məqsədimiz tarixi taleyi Naxçıvanla bağlı olmuş Dərələyəz, Zəngəzur, Qafan, Mehri, Vedi kimi ərazilərimizin, oradakı yaşayış məntəqələrimizin tarixi, coğrafiyası ilə bağlı məsələləri oxucularımıza xatırlatmaqdır.
Xatırlayaq ki, “Nüzhət əl qülub” əsərində orta əsr tarixçisi Həmdullah Qəzvini hələ XII-XIII əsrlərdə Naxçıvan ərazisində yerləşən şəhərlərlə yanaşı, hətta Dvini, Göyçə gölünün cənub sahillərinə qədərki əraziləri belə, Naxçıvan əraziləri kimi, Azərbaycan şəhərləri kimi təsvir edirdi. Azərbaycan torpaqlarının fərsəxlə ölçüsünü verərkən Bakıdan Xalxala, Bacravandan isə Sipan (Sübhan) dağlarına qədər olan məsafəni göstərirdi.
Yenə xatırlayaq ki, alman səyyahı İohan Şiltberqer Nuhun gəmisinin dayandığı dağların ətəyindəki Naxçıvanın tərkibində hələ XIV əsrdə Gelatı, Göyçənin cənubunu, Karnini təsvir edirdi.
Abbasqulu ağa Bakıxanov XIX əsrdə yazdığı “Gülüstani-İrəm”də Tatif və Sisyanın Naxçıvana, Mehri, Güney, Zəngəzur və Qafanın ümumilikdə Azərbaycana aid olduğunu açıq-aşkar yazırdı.
Xatırlayaq ki, Araz-Türk Respublikası yaradılarkən onun hərbi qüvvələri – 20 tabordan, sadəcə, 4-ü Naxçıvanda idisə, 3-ü Şərur-Dərələyəzdə, qalanları isə Zəngibasar, Vedibasar və Qəmərlidə yerləşdirilmişdi. Deməli, Naxçıvan ərazilərinin qorunması uğrunda mübarizə Dərələyəzdə, Zəngibasarda, Vedibasarda gedirdi.
Mənbələrdən bu cür onlarla sitatları, tarixi faktları sadalamaq olar. Milli sərhədlərin böyüklüyünü xatırlamaq milli ruhun oyanışının təməlində dayanır. Deməli, dönmək, qayıtmaq lazımdır. Qayıtmaq üçün isə yolu xatırlamaq lazımdır. Dərələyəzdəki Her-heri, Ağcakəndi, Ağdərəni, Sultanbəyi, Paşalını, Rəsulqışlağını, Gümüşxananı, Cığatayı, Gorusdakı Bayanduru, Muğancığı, Qaladərəsini, Qafandakı Zeyvəni, Mahmudlunu, Pirməzrəni, Sisyandakı Ağkəndi, Ərəfsəni, Bazarçayı, Mehridəki Mərzigidi, Mülkü, Nüvədini xatırlamaq lazımdır.
Elnur KƏLBİZADƏ