23 Dekabr 2024, Bazar ertəsi

General-leytenant, İrəvan süvari alayının rəisi Vrangel 1853-cü il iyulun 30-da Qafqaz ordusunun baş komandanına göndərdiyi məlumatda yazırdı: “Qoşunlarımızın hədsiz igidliyi barədə əlahəzrət cənabımızın qarşısında təkrarən şəhadət verməyi özümə borc bilirəm ki, zabit və əsgərlər döyüşə həvəslə gedirlər: yüngül yaralananlar cəbhəni tərk etmir, yaralılar isə döyüş meydanında qalırlar. Tibb işçiləri elə oradaca onlara yardım göstərirlər. 18 iyul tarixli ilk məlumatımda adları çəkilən kapitan İsmayıl xandan və podporuçik Kalbalı xandan başqa, müsəlmanlardan ibarət bəy drujinasından praporşiklər Əli xan və Paşa xanın, 4 nömrəli müsəlman polkundan kapitan Hüseyn Sultanın adlarını çəkməliyəm. İsmayıl xanla Kalbalı xan hücum zamanı öz hissələrinin önündə gedərək onlara qorxmazlıq nümunəsi göstərirdilər. Onlar da döyüşlərdə bu məlumatda adları çəkilənlərlə bərabər iştirak edirdilər”.
Bu məlumatda adıçəkilən podporuçik Kalbalı xan haqqında söhbət açacağımız general-mayor II Kalbalı xan Kəngərli-Naxçıvanskidir.
General-mayor II Kalbalı xan I Ehsan xan oğlu Naxçıvanski 1824-cü ildə Naxçıvan şəhərində anadan olmuşdur. Moskvadakı Rusiya Dövlət Hərbi-Tarix Arxivində və Tiflisdəki Gürcüstan Milli Arxivində onun xidmət kitabçaları saxlanılır. Ancaq heç birində doğulduğu gün qeyd edilməmişdir.

İlk təhsilini Naxçıvanda alan Kalbalı xanı sonralar atası general-mayor Ehsan xan Sankt-Peterburqdakı Paj korpusunda oxumağa göndərmişdir. Bu haqda əvvəlki yazımızda ətraflı məlumat vermişik.
Arxiv sənədlərində göstərilir ki, Rusiya hökmdarı I Nikolayın icazəsi ilə Paj korpusunda təhsil alan Kalbalı xan xəstələndiyi üçün Naxçıvana qayıtmışdır. Bu hadisə 1846-cı ilə təsadüf edir. Bir müddət müalicə olunduqdan sonra, 1848-ci ildə Naxçıvan milisinin rəisi vəzifəsinə təyin edilmişdir.
Çar hökumətinin 1848-ci ildə Qafqazda apardığı döyüşlərə naxçıvanlılar da göndərilirdilər. Qeyd edək ki, həmin illərdə Naxçıvan milisinin rəisi işləyən Kalbalı xana tapşırılır ki, Naxçıvanın süvari Kəngərlilərini Dağıstana aparsın. Həmin döyüşlərə aid sənədlərə süvari Kəngərlilər “həvəskar ovçu” kimi qeyd edilmişdir. Amma, əslində, burada könüllülük yox, döyüşmək üçün məcburi əmr vardı. Naxçıvanlı döyüşçülər 1848-ci ildə məşhur Gergebil döyüşlərində iştirak edirlər. Kalbalı xan ilk zabit rütbəsini bu döyüşdən sonra almışdır.
21 may 1849-cu ildə II Kalbalı xana praporşik hərbi rütbəsi verilir. Onun özünün arzusu nəzərə alınaraq o, 14 aprel 1851-ci ildə İrəvan hərbi qubernatorunun xüsusi tapşırıqlar üzrə kiçik məmuru vəzifəsində işləyir. Bir neçə aydan sonra, 13 dekabr 1851-ci ildən həmin vəzifənin böyük məmuru kimi fəaliyyətini İrəvan şəhərində davam etdirir.
Əla hərbi xidmət göstərdiyi üçün 30 yanvar 1853-cü ildə ona podporuçik rütbəsi verilir.
Rusiya ilə Türkiyə arasında Krım (Şərq) müharibəsi başlamazdan əvvəl Qafqazda Rusiya hökumətinin başbilənləri Kəngərlilərin süvari qoşunlarını ləğv etməyi qərara aldılar. Çünki onlar yerlərdə müsəlmanların üsyanlarından qorxurdular. Maraqlı haldır ki, 1853-cü ilin oktyabrında artıq II Kalbalı xan 300-dək atlı silahlı dəstə hazırlaya bilmişdi. Çar Rusiyası müsəlmanları orduya aparmasa da, naxçıvanlılar könüllü olaraq hərbi xidmətə gedirdilər.
Çar hökuməti müsəlmanların qiyam qaldıracaqlarından ehtiyat etdiyi üçün 1853-cü ildə Naxçıvanın Kəngərli süvarilərinin fəaliyyətini dayandırır. Amma İsmayıl xan və onun qohumları qərara alırlar ki, Naxçıvanı təklənməyə imkan verməsinlər. Ona görə də İrəvan şəhərində Bəy drujinasını yaradırlar. Xan və bəylərin oğlanlarını bu drujinaya yazırlar. Bütün bu işlərə İsmayıl xan Kəngərli-Naxçıvanski başçılıq edir. Bununla da, bir daha Naxçıvan Kəngərliləri özlərini təsdiq edirlər.
14 may 1854-cü ildə II Kalbalı xan Bəy drujinasına rəis təyin olunur. 17 iyul 1854-cü ildə Çınqıl yüksəkliyində gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Kalbalı xan 15 aprel 1855-ci ildə dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif edilir.
1856-cı ildə Paris şəhərində İngiltərə, Fransa, Türkiyə üçlüyü ilə Rusiya sülh müqaviləsi bağlanır və Krım müharibəsi başa çatır.
16 avqust 1856-cı ildə II Kalbalı xan Əlahəzrətin saray (leyb) qvardiyasının Qusar polkunda poruçik hərbi rütbəsində xidmətini davam etdirir. İran hökuməti 1857-ci ildə onu ikinci dərəcəli “Şir və Günəş” ordeni ilə mükafatlandırır.
II Kalbalı xan hərbi işi əla bildiyi üçün onu 22 sentyabr 1859-cu ildə Qafqaz ordusuna dəyişirlər. Öz fitri istedadı və bacarığı ilə ordu rəhbərliyinin hörmətini qazanan II Kalbalı xan hərbi fəaliyyətində tez-tez təltif edilir. Belə ki, 12 aprel 1859-cu ildə ştabs-rotmistr, 3 aprel 1860-cı ildə rotmistr hərbi rütbələrini alır. O, 22 iyun 1862-ci ildə ordudan çıxarılır və İrəvan quberniyasında torpağın mühafizəsi inspektoru vəzifəsinə təyin edilir. Bir müddət bu vəzifədə işlədikdən sonra, yəni 19 aprel 1864-cü ildə II Kalbalı xana polkovnik hərbi rütbəsi verilir. Qeyd edək ki, torpağın mühafizəsi məsələləri ilə məşğul olduğu illərdə Naxçıvanda və İrəvanda su kəmərinin çəkilişində, irriqasiya işlərinin aparılmasında yaxından iştirak etmiş və xeyriyyəçilik göstərmişdir. Bu haqda bir az sonra.
II Kalbalı xan 19 iyul 1867-ci ildə inspektor vəzifəsindən azad edilərək yenidən Qafqaz ordusuna hərbi xidmətə çağırılır. Qafqaz ordusunda xidmət edərkən süvari döyüşçülərin hazırlanmasında fəallıq göstərdiyinə görə 28 mart 1871-ci ildə ikinci dərəcəli “Müqəddəs Stanislav” ordeni ilə təltif edilir. Qeyd edək ki, o, bu ordenin müsəlman hərbçilər üçün hazırlanmış variantını almışdır. Bu ordenin müsəlmanlar üçün hazırlanan variantına Rusiya hökmdarının tacı əlavə olunmuşdur.
Çox bacarıqlı hərbçi olan II Kalbalı xan hərbi xidmətdə fərqləndiyinə görə Qafqaz ordusunda qalmaqla həmin ordunun süvari hissəsinə seçilir. Ona 14 sentyabr 1874-cü ildə general-mayor hərbi rütbəsi verilir. II Kalbalı xan Qafqaz canişini Böyük Knyaz Mixail Nikolayeviç Romanovun yanında hərbi vəzifə tutduğu üçün (o, burada Əlahəzrətin saray (leyb) qvardiyasının Qusar polkunun siyahısında idi  – müəllif) həmin illərdə Tiflisdə yaşamalı olur.
II Kalbalı xan Naxçıvanski 1877-1878-ci illərdəki Rusiya-Türkiyə müharibəsinin də iştirakçısı olmuşdur. O, Qafqaz hərbi dairəsinin 10 may 1877-ci il tarixli əmri ilə İrəvan qeyri-nizami süvari polkundan təşkil edilmiş briqadaya komandir təyin edilir. Döyüşlərdə mərdlik və igidlik göstərdiyinə, həmçinin Bəyazid qarnizonunu mühasirədən xilas etdiyinə görə II Kalbalı xan 11 dekabr 1877-ci ildə üçüncü dərəcəli (qılınclarla birgə) “Müqəddəs Vladimir”, 2 iyun 1878-ci ildə isə birinci dərəcəli (qılınclarla birgə) “Müqəddəs Stanislav” ordenləri ilə təltif edilir. Həmin ilin 13 iyulunda onu  İkinci Süvari Diviziyasının komandiri təyin edirlər.
O həm də əsgər sayı diviziyaya çatan “Qafqazın uçan dəstələri”nə komandirlik edir. Ona igidliyinə görə 24 yanvar 1879-cu ildə birinci dərəcəli “Müqəddəs Anna” (qılıncla birgə) ordeni də verilmişdir. 1878-1879-cu illərdə İkinci Qafqaz Diviziyasının ikinci briqadasına və Birinci Qafqaz Diviziyasının ikinci briqadasına komandirlik edən II Kalbalı xan 16 mart 1880-ci ildə ordudan azad edilmişdir. Xidmət kitabçalarında olan qeydlərdən məlum olur ki, onu Qafqaz ordusunun sərəncamında saxlamaqla ordudan tərxis etmişlər. Onun – 7 iyun 1882-ci ildə olan məlumata əsasən – ildə 1524 rubl maaş və 1800 rubl yemək pulu alması haqda da məlumat vardır.
Ordudan azad edilən general-mayor II Kalbalı xan doğma vətəni Naxçıvana dönür və xeyriyyəçiliyini davam etdirir.
Naxçıvan, Bakı, Tiflis və Moskva arxivlərində saxlanılan sənədləri öyrənərkən məlum olur ki, hər iki qardaş – İsmayıl  xan və II Kalbalı xan yaşadıqları illər ərzində Naxçıvanla daim yaxından əlaqə saxlamışlar. Onlar burada məktəblər açdırır, əkinçiliklə məşğul olur, bağ saldırırdılar. Çətinlik içində yaşayan həmvətənlərinin güzəranını yaxşılaşdırmaq üçün əllərindən gələni əsirgəmirdilər. Təsadüfi deyil ki, II Kalbalı xan Qafqaz Kənd Təsərrüfatı Cəmiyyətinin 1874-1877-ci illərdə həqiqi üzvü olmuşdur. Onun süvari atlarına aid (ancaq Azərbaycanla bağlı – müəllif) yazdığı maraqlı bir sənədi Tiflis arxivindən əldə etmişik. Həmin sənəd haqqında məlumatları yaxın vaxtlarda oxuculara təqdim edəcəyik. General-mayor II Kalbalı xan 1861-ci ildə Naxçıvan şəhərinə çəkilən su kəmərini ildə xəzinəyə 150 manat vermək şərtilə 25 il müddətinə icarəyə götürür. Sənədlərdə qeyd edilir ki, bir su xətti dini ibadətgaha, iki xətt qəza rəisliyinə, bir xətt qəbiristanlığa (indiki Böyük bağ), bir xətt poçt kontoruna, bir xətt isə böyük meydana çəkilir. II Kalbalı xan bir xətt də qəza məktəbinə çəkdirir. Qeyd edək ki, 1875-ci ildə qəza rəisi Avdeyevin göstərişi ilə qəbiristanlıq ləğv edilərək Böyük bağ salınmışdır.
Naxçıvan şəhərində İsmayıl xan və II Kalbalı xan qardaşlarına məxsus olan, 1846-cı ildən kərpic istehsal edən zavod da olmuş və Naxçıvan şəhərindəki bəzi binalar həmin kərpiclə inşa edilmişdir.
II Kalbalı xan hələ 26 sentyabr 1867-ci il tarixdə İrəvanın hərbi qubernatoru, general-mayor, knyaz Astafyevdən xahiş edir ki, Çeşməbasarda olan əkinlərini suvarmaq üçün Əlincəçaydan kanal çəkib su götürülməsinə icazə verilsin. Həmin kanalın açılışı böyük təntənə ilə qeyd edilmişdir.
II Kalbalı xan qvardiya polkovniki olduğu illərdə malikanələri olan ərazilərdəki təbii sərvətlərlə, faydalı qazıntılarla çox maraqlanırdı. O, 19 iyul 1868-ci ildə Qafqaz Dağ-Mədən İdarəsinə xahişnamə göndərmişdi. Bu xahişnaməyə əsasən, Qafqaz Dağ-Mədən İdarəsinin mühəndisi Sumikidze və İrəvan quberniya dəftərxanasının katibi Xamanov Ordubada gələrək geoloji analiz aparmış və burada yüksəkkeyfiyyətli (bir pudda 3 girvənkə metal) metal olduğunu müəyyən etmişdilər.
II Kalbalı xan analizdən keçirilən yüksəkkeyfiyyətli metalın nümunəsini quberniya Dağ-Mədən İdarəsinə göndərib xahiş edir ki, Ordubad dairəsində yerləşən Parağa, Tivi, Rumus, Biləv kəndlərinin dağlarında olan metalın istehsalına icazə verilsin.
Qafqaz Dağ-Mədən İdarəsinin geoloq-mühəndisi İ.Şutin 17 sen­tyabr 1868-ci ildə Naxçıvan qəza rəisinə xəbər verir ki, II Kalbalı xan tərəfindən göndərilən metal nümunəsindən hər puda görə, təxminən, 4 girvəngə mis alındığından istehsalına icazə verilir.
General-mayor II Kalbalı xan Naxçıvanda irriqasiya işləri ilə də məşğul olmuşdur. Keçəldağın ətəyində salınan Qanlı göl (Şahbuz rayonunun Kükü kəndi) onun əkinçilərə ən böyük hədiyyəsi idi. O, bu işi Krım tatarı olan Şahingireylə şərik etmişdir. Bu haqda da yazılarımız işıq üzü görüb. Ancaq Tiflis arxivindən yeni tapılan sənədlərimiz də var. Bütün bunlar məşhur sərkərdənin naxçıvanlılarla həmişə bir yerdə olmasının ən yaxşı nümunəsidir.
Nəmli səngərlərin, ağır döyüşlərin, Naxçıvana köçürülmüş erməni sahibkarlarla inadlı mübarizələrin (Tiflis arxivindən tapılan belə sənədlər vardır – müəllif) yaratdığı xəstəlik II Kalbalı xanı 59 yaşında həyatdan apardı. O, 1883-cü il aprelin əvvəllərində Naxçıvanda əbədiyyətə qovuşdu. Rusiyanın Hərbi Nazirliyinin əmri ilə onun adı 30 aprel 1883-cü ildə Qafqaz ordusunun siyahısından çıxarıldı.
Naxçıvan camaatı onu dərin kədər və böyük ehtiramla Naxçıvan xanlarının indiyədək şahidlik edən məqbərəsində (indiki İmamzadəyə bitişik bina) dəfn etdi. II Kalbalı xan Kəngərli irəvanlı mayor Əhməd xan Makinskinin qızı Xurşud xanımla ailə qurmuşdu.
Onların bu nikahından doqquz uşağı doğulmuşdur: Zeynabbəyim, II Ehsan xan, Bədirnisəbəyim, Cəfərqulu xan, Rəhim xan, Çimnaz xanım, Şahcahan (Şahbəyim) xanım, Hüseyn xan və Zərrintacbəyim.
Burada bir məsələyə aydınlıq gətirmək yerinə düşər. Moskvalı tədqiqatçılar yazdıqları kitablarda onun 8 övladı olduğunu qeyd edirlər. Və tərtib etdikləri şəcərədə (Fərhad Nağdəliyevin şəcərəsi) Şahcahan xanımla Çimnaz xanımı eyniləşdirirlər. Araşdırmalarımız göstərdi ki, bu, doğru deyildir. Çünki Çimnaz xanım əmisi general İsmayıl xanın oğlu Bəhman xanın həyat yoldaşı olmuşdur. Bu haqda sənəd vardır. Şahcahan (Şahbəyim) xanım isə 1883-cü ildə öz qohumları olan Maku xanlarından biri ilə ailə qurmuşdur. Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində bu kəbin haqda sənəd vardır. Biz Makuda axtarışlar apardıq, onun qohumlarını tapdıq. Şahbəyim xanımın şəklinin Tehrandakı varislərdən birinin evində olduğunu dedilər. Biz həmin fotoşəkli əldə etdik və o, Naxçıvan şəhərindəki Xan Sarayında nümayiş etdirilir.

Bax beləcə. Az da olsa, unudulmaz sərkərdəmiz, adı qızıl hərflərlə Rusiyanın baş iqamətgahı olan Moskva Kremlinin Georgi Salonunda ağ mərmərə yazılan (№23) general-mayor II Kalbalı xanın ömür səhifələrini vərəqlədik. II Kalbalı xanın anadan olmasının 190 illiyi münasibətilə AMEA Naxçıvan Bölməsində keçirilən elmi konfrans tariximizə və görkəmli sərkərdələrimizə göstərilən böyük diqqətin, onların həyat və fəaliyyətinin öyrənilməsinə qayğının ifadəsidir.

Musa QULİYEV
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya
İnstitutunun böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR