Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev Universitetinin növbəti məşğələsi keçirilmişdir.
“Heydər Əliyev və Naxçıvanın muxtariyyət məsələsi” mövzusunda keçirilən 182-ci məşğələni giriş sözü ilə açan universitetin rektoru, professor Saleh Məhərrəmov ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə universitetdə keçirilən silsilə tədbirlərdən, müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin həyat və fəaliyyətinin, siyasi irsinin öyrənilməsi və təbliği istiqamətində qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvandakı sosial-iqtisadi tərəqqi, elm, təhsil və səhiyyənin inkişafı, əhalinin rifah halının yüksəlməsi bir daha təsdiqləyir ki, Heydər Əliyev ideyaları ölkə başçısı və muxtar respublika rəhbəri tərəfindən uğurla davam etdirilir.
Azərbaycan tarixi kafedrasının müdiri, tarix elmləri doktoru, professor Zəhmət Şahverdiyev mövzu ilə bağlı məruzə ilə çıxış etmişdir. Qeyd olunmuşdur ki, çox qədim tarixə, mühüm coğrafi, siyasi strateji əhəmiyyətə malik Naxçıvana qarşı mənfur ermənilərin əsassız iddialarının qarşısının alınmasında, bölgənin toxunulmazlığında 1921-ci ildə imzalanan beynəlxalq Moskva və Qars müqavilələri mühüm əhəmiyyət kəsb edir. Məruzədə 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən bu müqavilələrin beynəlxalq səviyyədə yenidən siyasi gündəmə gətirilməsinin zəruriliyindən də bəhs olunmuşdur.
Zəhmət Şahverdiyev ümummilli lider Heydər Əliyevin Naxçıvandakı siyası fəaliyyətindən danışaraq dahi öndərin Naxçıvanın ərazi bütövlüyünün və muxtariyyətinin qorunmasında, burada geniş vüsət alan milli azadlıq hərəkatının idarə olunmasında, milli dövlət strukturlarının yaradılmasında əvəzsiz xidmətləri olduğunu bildirmişdir. Vurğulanmışdır ki, bu dövrdə dahi şəxsiyyət Heydər Əliyev nəinki Naxçıvanın toxunulmazlığı, bütövlükdə, Azərbaycanın tərəqqisi, müstəqil və demokratik dövlət quruculuğu, beynəlxalq diplomatik münasibətlərin tənzimlənməsi kimi taleyüklü məsələlərlə bağlı mühüm siyasi qərarlar qəbul etmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin 14 yanvar 2014-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması, keçirilən tədbirlər bir daha sübut edir ki, Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin rəhbərliyi sayəsində Naxçıvan Muxtar Respublikası Azərbaycanın dövlət müstəqilliyinın əldə olunmasında və qorunmasında əhəmiyyətli siyasi-tarixi rol oynamışdır.
Xəbərlər şöbəsi