23 Dekabr 2024, Bazar ertəsi

Ötən ay muxtar respublikanın tarixinə qızıl hərflərlə yazıldı. Muxtariyyətinin 90-cı ildönümünü yaşayan Naxçıvanın keçdiyi tarixi yola ən yüksək səviyyədə tarixi-siyasi qiymət verildi. Təkcə ölkə ictimaiyyətinin deyil, ölkəmizdə fəaliyyət göstərən xarici dövlətlərin diplomatik nümayəndəliklərinin, dünyanın bir sıra ölkələrində fəaliyyət göstərən nüfuzlu kütləvi informasiya vasitələrinin də nəzərləri Naxçıvana çevrildi.
Aprel ayının ən yaddaqalan hadisəsi, ilk növbədə, cənab Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri və muxtariyyətin 90 illik təntənəli yubiley tədbirində iştirakı oldu. Dövlət başçısı Naxçıvanda görülən işləri, Naxçıvanın iqtisadi, sosial, mədəni inkişafını, hərbi gücünü yüksək qiymətləndirdi, bu qədim diyarın Azərbaycan üçün nə dərəcədə strateji əhəmiyyət daşıdığını bir daha bəyan etdi. Prezident təkcə yubiley tədbirində deyil, Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da Naxçıvandan söz açdı: “Bu gün Azərbaycan Ordusunda olan texnika ən güclü ordulardan da geri qalmır. Eyni zamanda bu yaxınlarda Naxçıvanda olarkən oradakı yeni texnikanın nümayişi də göstərir ki, Naxçıvan ordusu da bu gün dünya ordularında olan ən müasir texnikaya malikdir. Artıq orada həm müasir artilleriya qurğuları, döyüş və nəqliyyat helikopterləri, tank əleyhinə qurğular, hava hücumuna qarşı qurğular, ən müasir “T-72”, “T-90” tankları və digər hərbi silah-sursat vardır, daha da artacaqdır. Biz daha da güclü olmalıyıq və olacağıq”.

Ali Baş Komandan bu fikirləri aprelin 7-də Naxçıvan Muxtar Respublikasının hərbi hissələrinə daxil olan yeni texnika və silahlara baxandan sonra səsləndirdi.
Ordumuzun qüdrətlənməsi ilə bağlı Ali Baş Komandanın qarşıya qoyduğu tələbin Naxçıvanda hansı səviyyədə yerinə yetirildiyi isə 90 illik yubiley tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun çıxışında açıqlandı. Ali Məclisin Sədri dedi: “Muxtar respublikada ordu qurucu­luğu və müdafiə ilə bağlı tədbirlər də diqqət mərkəzindədir. Bu gün möhtərəm Prezidentimizin rəhbərliyi ilə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər nəticəsində yaradılmış ordu birləşmələri etibarlı müdafiəni təmin etməklə yanaşı, işğal olunmuş torpaqların azad edilməsi barədə Ali Baş Komandanımızın bütün tapşırıqlarını yerinə yetirməyə hazırdır!”
Ölkə başçısının Naxçıvana budəfəki səfəri Naxçıvan Beynəlxalq Hava Limanının yeni inzibati binasının açılışı, Naxçıvan Biznes Mərkəzində yaradılan şəraitlə tanışlıq, Naxçıvan-Şahbuz-Batabat magistral avtomobil yolunun istifadəyə verilməsi, “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının işə salınması, Kəngərli Rayon Mərkəzi Xəstəxanasının açılışı ilə də yaddaqalan oldu.
Aprel ayı ərzində Naxçıvan üçün xüsusi əhəmiyyət daşıyan tarixi-siyasi-hüquqi sənədlər də imzalandı. Məsələn, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 aprel 2014-cü il tarixli Sərəncamı. Bu sərəncam Naxçıvanda tarixi-mədəni irsin və milli memarlıq ənənələrinin qorunub saxlanılmasını, müasir şəhərsalma, istirahət və turizm infrastrukturunun yeniləşdirilməsini və abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi daşıyır.
Təsadüfi deyil ki, sosial-iqtisadi inkişaf sahəsində həyata keçiriləcək işlərin əsas icraçısı sayılan qurumun yaradılması ilə bağlı sərəncam da məhz eyni gündə rəsmiləşdi. Aprelin 10-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasında dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədilə “Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin yaradılması haqqında” Sərəncam imzaladı.
Ölkə başçısının Naxçıvanla bağlı digər bir Sərəncamı isə “Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması ilə bağlı tədbirlər haqqında” oldu.  Aprelin 11-də imzalanan sərəncama əsasən, Naxçıvan Muxtar Respublika Xəstəxanasının müasir tibbi avadanlıqla təchiz olunması məqsədilə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 (doqquz) milyon manat ayrıldı.
Naxçıvan üçün həm iqtisadi, həm də beynəlxalq səviyyədə əhəmiyyət daşıyan digər bir sənəd isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin İran İslam Respublikasına səfəri zamanı imzalanan “Azərbaycan Respublikası Hökuməti və İran İslam Respublikası Hökuməti arasında “Ordubad” və “Marazad” Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında” saziş oldu. Ümumilikdə, qeyd etmək lazımdır ki, Naxçıvanın xarici dövlətlərlə iqtisadi, humanitar və mədəni sahələrdə əlaqələrinin genişlənməsi və bu əlaqələrin Azərbaycan Respublikasının müəyyən olunmuş vahid xarici siyasət konsepsiyasına uyğun inkişaf etdirilməsi blokada şəraitində olan bu diyar üçün xüsusilə əhəmiyyətlidir. Muxtar respublikanın 90 illik yubiley tədbirlərində iştirak edən xarici ölkə səfirlərinin Naxçıvanın inkişafı ilə bağlı səsləndirdikləri fikirləri də Azərbaycanın ayrılmaz tərkib hissəsinə beynəlxalq səviyyədə artan marağın göstəricisi hesab etmək olar. Aprelin 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Norveç Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erlinq Şönsberq, aprelin 22-də Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüşləri də məhz bu əhəmiyyətli məqamın göstəricisidir. Təsadüfi deyildir ki, Norveç Avropanın iqtisadi inkişaf və sosial rifah səviyyəsinə görə öncül dövlətlərindən biridir; həmçinin Yaponiya Asiya qitəsində eyni statusdadır. Hər iki ölkə Azərbaycan Respublikası və onun Naxçıvan Muxtar Respublikası ilə iqtisadi, texniki, mədəni və humanitar sahələrdə əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.
Naxçıvanın muxtariyyətinin 90 illik yubileyi ilə əlaqədar ölkənin və dünyanın nüfuzlu kütləvi informasiya vasitələrində yazıların təqdim edilməsi ilə yanaşı, ölkə paytaxtında və bir sıra xarici ölkələrdə də yubiley tədbirləri məhz aprel ayında keçirildi. Rumıniyada Naxçıvan Muxtar Respublikasının 90 illiyinə həsr olunmuş tədbir də məhz aprel ayına təsadüf etdi.
Aprel ayının 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sədərək rayonunda olması, burada yeni nasos stansiyasının istifadəyə verilməsi mərasimində iştirak etməsi, sərhəddə yerləşən Sədərəkdə meyvə və taxıl əkini sahələrinin genişləndirilməsi, eləcə də ərazidə tərəvəz məhsulları əkininin aparılması barədə tapşırıqlarını verməsi də aprel ayının əsas hadisələrindən biri oldu.
Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü ilə əlaqədar tədbirlərin, hərbi xadim, general-mayor II Kalbalı xan Naxçıvanskinin 190 illik yubileyi ilə əlaqədar elmi konfransın keçirilməsi, Naxçıvandan Qəbələyə aviareysin açılması, Naxçıvanda ürək və damar cərrahiyyəsinə həsr olunmuş beynəlxalq konfransın keçirilməsi, gənclər üçün “Naxçıvanı kəşf et” layihəsinin reallaşdırılması da aprel ayının ictimai-siyasi xəritəsində diqqət mərkəzinə düşən hadisələrdəndir.  
Ümumilikdə, muxtar respublikanın tarixinə xüsusi hadisələrlə düşən 2014-cü ilin aprel ayında baş verən əsas ictimai-siyasi hadisələrə nəzərə saldıqda inkişafın Naxçıvan modelini xarakterizə edən aşağıdakı nəticələrə gəlmək olar:
– Naxçıvanın iqtisadi inkişafı kifayət qədər yüksək səviyyədədir, lakin bu, son hədd deyil;
– Naxçıvanın iqtisadi inkişafı bu regionun həm də hərbi gücünün artırılmasını, hər hansı bir təcavüzkar müdaxiləyə qarşı layiqli cavab verilməsini şərtləndirir və təmin edir;
– yeni istehsal müəssisələrinin yaradılmasının, genişmiqyaslı abadlıq-quruculuq işlərinin aparılmasının, hərbi potensialın gücləndirilməsinin əsas məqsədi əhalinin sosial rifah səviyyəsinin yüksəldilməsi, sabitliyin və inkişafın davamlılığının təmin edilməsidir;
– Naxçıvanın inkişafı Vətən sevgisindən, milli ruhdan qaynaqlandığı kimi, inkişafın özü də milliliyimizə bağlılığın gücləndirilməsinə xidmət etməlidir.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR