23 Dekabr 2024, Bazar ertəsi

Azərbaycan dilinin də hərtərəfli inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır

Azərbaycan dili çox qədimlərdən formalaşmış və böyük bir inkişaf yolu keçərək günümüzə gəlib çatmışdır. Bu dil uzaq keçmişdə xalqımızın ictimai həyatında böyük nüfuz qazanmış, zəngin inkişaf mərhələləri keçmişdir. Görkəmli dövlət xadimi, dahi rəhbər Heydər Əliyev milli dilimizin inkişafına, beynəlxalq münasibətlər sisteminə yol tapmasına, zənginləşməsinə böyük əhəmiyyət verirdi. Ulu öndər həmişə Ana dilini ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla və vətənpərvərliklə bağlayırdı. Ümummilli lider Heydər Əliyev Azərbaycan dilini millətin milliliyini saxlayan ən böyük vasitə sayırdı. Bu, danılmaz bir faktdır ki, milli dövlətçiliyin başlıca rəmzi də elə Ana dilidir.

Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə Ana dilinin himayədarı olmuş xalqımızın böyük oğlu Heydər Əliyev səlis, rəvan və aydın nitqi ilə həm də gözəl və dəyərli bir nümunə yaratdı. Müdrik rəhbər onu həmişə anlatmağa və şüurlara biryolluq həkk etdirməyə çalışırdı ki, dil yalnız mənəviyyat problemi, filoloji fikir məsələsi deyil, Azərbaycançılıq fəlsəfəsinin təməl problemidir. Bu səbəbdən də ulu öndər Heydər Əliyevin Ana dilimizə göstərdiyi həssas münasibətdə millətin və dövlətin taleyi dayanırdı. Çünki dil həm də şərəfli dünənimiz, qürurlu bu günümüz və gələcəkdəki əbədiliyimizdir.
“Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir”, – deyən ümummilli liderimiz Azərbaycana rəhbərlik etməyə başladığı andan milli dilin inkişafı istiqamətində məqsədyönlü iş aparmış və bu siyasəti bütün çətinliklərə baxmayaraq, dönmədən həyata keçirmişdir. Görkəm­li dövlət xadimi mövcud tarixi təcrübəni və müasir dövrün tələblərini nəzərə alaraq mükəmməl bir dil siyasəti yürütmüşdür.

Ümummilli liderimiz Heydər Əliyevin milli dilimizin qorunmasına, inkişafına göstərdiyi böyük qayğının, həssas münasibətin nəticəsi idi ki, 1978-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilmişdir.
1993-cü ildən sonra müdrik rəhbər Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dilinə yalnız sözdə deyil, işdə çevrilməsi üçün lazımi tədbirlər həyata keçirmiş, bu dilin dünya azərbaycanlıları arasında itməkdə olan nüfuzunu bərpa etmək, böyük Azərbaycanın ünsiyyət  vasitəsi, milli dəyəri olması uğrunda mübarizə aparmış və Azərbaycan dilinə sevgini Azərbaycançılıq ideologiyasının əsas əlamətlərindən biri kimi müəyyənləşdirmişdir.
Müstəqil Azərbaycan dövlətinin dil siyasətinin müəyyənləşməsində ulu öndər Heydər Əliyevin “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərmanı tarixi rol oynamışdır. Ulu öndər bu fərmanın tətbiqini sürətləndirmək məqsədilə 2001-ci il avqustun 9-da Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında daha bir Fərman imzalamışdır. Bu fərmana əsasən, hər il  avqustun 1-i dil bayramı kimi qeyd olunmaqdadır. Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi dahi rəhbər Heydər Əliyevin 1969-cu ildən başladığı milli dil siyasətinin davamı və qanunauyğun nəticəsidir.
Təsadüfi deyildir ki, xalqımızın böyük oğlu ümummilli sərvətimizə yüksək qiymət verərək demişdir: “Dil xalqın böyük sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir. İndi Azərbaycan dilinin özünəməxsus inkişaf qanunları ilə cilalanmış kamil qrammatik quruluşu, zəngin söz fondu, geniş ifadə imkanları, mükəmməl əlifbası, yüksəksəviyyəli yazı normaları vardır”.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi haqqında” 21 yanvar 2013-cü il tarixli Sərəncamında deyilir: “Ana dilimizin dövlət dili kimi tətbiqində, onun imkanlarının genişləndirilməsi və Azərbaycan xalqının ən böyük milli sərvəti kimi dəyərləndirilməsində Heydər Əliyev şəxsiyyətinin rolu danılmazdır”.
Azərbaycan Prezidenti cənab İlham Əliyev də dövlətin milli dil siyasətində ulu öndərin müəyyən etdiyi kursu davam etdirir, Ana dilimizin keşiyində dayanan, onun mühafizəsi yolunda qətiyyət göstərən dövlət başçısı kimi milli-mənəvi dəyərlərə sadiqliyini nümayiş etdirir. Ziyalılar, alimlər, yazıçı və şairlər, eləcə də sadə insanlarla keçirdiyi görüşlər zamanı dəfələrlə Azərbaycan dilinə olan sevgisini yumşaq, səlis, təmiz və aydın nitqi ilə göstərmişdir.
Ölkə başçısı 23 may 2012-ci ildə “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” Sərəncam imzaladı. Ümumiyyətlə, qloballaşma dövründəki  dilimizin gələcək taleyi və perspektivləri baxımından çox böyük əhəmiyyət kəsb edən bu dövlət proqramı ölkə Prezidentinin müxtəlif zamanlarda imzaladığı sərəncamlardan irəli gələn məsələlərin kompleks şəkildə həllinə yönəlmiş mühüm bir tarixi-ictimai hadisədir.
Müasir dünya xalqlarının və dövlətlərinin taleyində son dərəcə mühüm rol oynayan, ölkələrin sosial-siyasi, mədəni inteqrasiyasına və iqtisadi tərəqqisinə stimul verən qloballaşma prosesləri bəzi mənfi cəhətlərə də malikdir. Bu sırada ilk növbədə, xalqların milli-mənəvi dəyərlərinin aşınmaya məruzqalma və unudulma təhlükəsini qeyd etmək lazımdır. Bu hal milli-mənəvi dəyərlərin yabançı təsirlərdən qorunması zərurətini çağdaş dövrdə dünya xalqlarının, o cümlədən doğma xalqımızın qarşısında duran ən vacib vəzifələrdən birinə çevirmişdir.
Bu kontekstdən yanaşaraq deyə bilərik ki, ana dilimizin zamanın tələblərinə uyğun istifadəsi, eləcə də dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazır­lanması, gənc nəslin Ana dilinə sevgi və hörmət ruhunda tərbiyə olunması, ədəbi dil normalarına ciddi surətdə əməl edilməsi qloballaşma dövrünün tələbidir. Dövlət proqramında bildirilir ki, respublikada dil siyasətinin birmənalı şəkildə formalaşdırılması, Ana dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəlməsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır.
Bildiyimiz kimi, dövlət proqramının mütəxəssislər tərəfindən hazır­lanmış layihəsi mətbuatda dərc olunmuşdur. Bu mühüm dövlət sənədi ixtisas sahiblərinin, mətbuat təmsilçilərinin, dövlət qulluqçularının, ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş müzakirə olunduqdan sonra bir sıra təkliflər nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmişdir. Pro­qramda da qeyd edildiyi kimi, dövlət proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılmasını, Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsini, ölkədə dilçilik araşdırmalarının əsaslı surətdə yaxşılaşdırılmasını, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini təmin etməkdir.

Beləliklə, ulu öndər Heydər Əliyevin ideyaları işığında ölkə Prezidentinin qloballaşma dövründə dilimizlə bağlı imzaladığı sərəncamlardan irəli gələn vəzifələrin uğurlu icrası doğma Ana dilimizin, Azərbaycan dilinin inkişafında, həm də dilçilik elmimizin tarixində yeni mərhələnin əsasını qoymuşdur.

Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR