Muxtar respublikamızda günü-gündən geniş vüsət alan kompleks quruculuq tədbirlərinin mühüm istiqamətlərindən biri də ekoloji problemlərin həllinin, ətraf mühitin qorunmasının, təbiətin zənginləşdirilməsinin diqqət mərkəzində saxlanılmasıdır. Son 18 ildə Naxçıvanda yaşıllıq sahələrinin həcminin bir neçə dəfə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi məhz belə tədbirlər nəticəsində mümkün olmuşdur. Bu sahədə görülən işlərin kəmiyyət və keyfiyyəti getdikcə yüksəlir. Cari ildə də bu tədbirlər mütəşəkkilliklə davam etdirilməkdə, meyvə bağlarının, yaşıllıq zolaqlarının, gülkarlıq sahələrinin həcmi genişləndirilməkdədir.
Aprelin 12-də keçirilən iməciliklər də yüksək səviyyədə təşkil olunmuşdu.
Həmin gün Naxçıvan şəhərinin Əliabad qəsəbəsində “Şorsu” adlanan ərazidəki 2 hektarlıq yeni salınmış bağda 2300 ədəd, dairəvi yolun kənarında bərpa məqsədilə 1200 ədəd meyvə ağacı əkilmiş, Naxçıvan-Batabat avtomobil yolunun sağ və sol hissələrində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş və yaşıllıqlar suvarılmışdır.
Muxtar respublikanın ən böyük bölgələrindən biri olan Şərur rayonunda Naxçıvan-Sədərək magistral yolunun Dəmirçi və Düdəngə kəndlərindən keçən hissəsində 1000 ədəd bərpa məqsədilə meyvə, 1700 ədəd meşə ağacı, Axura-Həmzəli yolunun kənarlarına 500, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin ərazilərinə 1000 ədəd ağac əkilmiş, yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
İməcilik günü Babək rayonunun ərazisində də qələbəlik müşahidə edilmişdir. Bölgə sakinləri Naxçıvan-Ordubad magistral yolunun Çeşməbasar kəndindən keçən hissəsində bərpa məqsədilə 350 ədəd meşə, Yarımca, Qahab kəndlərində yol kənarlarına 950 ədəd meyvə, Sirab kəndində isə 750 ədəd meşə ağacı əkmişlər.
Bağlar diyarı Ordubad rayonunda da iməciliklər mütəşəkkilliklə keçirilmiş, Aşağı və Yuxarı Əylis kəndləri ərazisindəki bağlarda yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, Yuxarı Əylis kənd məscidinin ətrafına 110 ədəd meyvə, 240 ədəd gül kolu, 10 ədəd həmişəyaşıl ağac əkilmişdir.
Culfalılar Naxçıvan-Ordubad magistral yolunun Yaycı kəndindən keçən hissəsinə 750 ədəd meyvə, Culfa şəhərinin giriş hissəsindən Culfa gömrük-keçid məntəqəsinə qədər yol kənarlarına 270 ədəd çinar ağacı əkmişlər.
Kəngərli sakinləri Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı bağlara bərpa məqsədi ilə 300 ədəd meyvə ağacı, kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklər torpağa birillik gül toxumları əkmiş, su arxları çıxararaq ağacları suvarmışlar.
Şahbuz rayonunda Daylaqlı kəndi ərazisində 0,8 hektarlıq yeni salınmış meyvə bağında 514 ədəd, 0,5 hektarlıq ərazidə isə bərpa məqsədilə 270 ədəd meyvə ağacı, Şahbuz şəhərinin park və xiyabanlarında 72 ədəd gül kolu əkilmişdir.
Sədərək rayonunda Qaraağac kəndində yeni salınmış 2 hektarlıq bağda 1100 ədəd meyvə ağacı əkilmiş, 2 nömrəli məktəbin və mərkəzi xəstəxananın həyətində yaşıllıqlara aqrotexniki qulluq göstərilmişdir.
Həmin gün muxtar respublikamızın bütün bölgələrində ahıl vətəndaşların həyətlərində təmizlik, abadlıq işləri aparılmışdır.
İməciliklərdə 24 min 172 nəfər iştirak etmiş, ümumilikdə, 13 min 344 ədəd olmaqla, 3070 ədəd meyvə, 9952 ədəd meşə, 10 ədəd həmişəyaşıl, 312 ədəd gül və bəzək kolları əkilmişdir.
Xəbərlər şöbəsi