22 Dekabr 2024, Bazar

Babək Rayon Prokurorluğu Nehrəm Kənd Mərkəzində maarifləndirici tədbir keçirmişdir.
Tədbirdə Babək rayon prokuroru, ədliyyə müşaviri Əsrafil Əsgərov çıxış edərək bildirmişdir ki, təbii qazın, elektrik və ya istilik enerjisinin talanmasına görə cinayət məsuliyyəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinə əlavə edilmiş 189-1 maddəsində öz əksini tapmışdır. 189-1.1-ci maddənin tələbinə görə, təbii qazın, elektrik və ya istilik şəbəkələrinə qanunsuz qoşulmaqla enerji resurslarının talanmasına görə – bu əməllər xeyli miqdarda ziyan vurmaqla törədildikdə bu əməlləri törətmiş şəxslər 1000 manatdan 3000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətdə islah işləri ilə cəzalandırılırlar. Qanunsuz qoşulma dedikdə bu şəbəkələrə cavabdehlik daşıyan müvafiq qurumun icazəsi olmadan hər hansı müdaxilə və nəticədə, talanmış enerji resurslarının dəyərini ödəmədən həyata keçirilən hüquqazidd hərəkətlər başa düşülməlidir.

Cinayət Məcəlləsinin 189-1.2-ci maddəsinin tələbinə əsasən, eyni əməlləri, yəni 189-1.1-ci maddədə nəzərdə tutulan əməlləri külli miqdarda ziyan vurmaqla törədənləri 3000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Burada külli miqdar dedikdə cinayət nəticəsində vurulan ziyan 7000 manatdan yuxarı məbləğdə olmalıdır. Məcəllənin 189-1.3-cü maddəsinə əsasən, təbii qaz, elektrik və istilik enerjisi təchizatı müəssisəsinin səlahiyyətli nümayəndələrinin daha ağır cəzalarla cəzalanması nəzərdə tutulmuşdur. Belə ki, maddənin tələbinə görə, təbii qaz, elektrik və ya istilik enerjisi təchizatı müəssisəsinin səlahiyyətli nümayəndəsinin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi səbəbindən bu məcəllənin 189-1.1, 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısının alınmamasına görə təqsirkar şəxs 3000 manatdan 4000 manatadək miqdarda cərimə və ya 2 ildən 4 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məcəllənin 189-1.4-cü maddəsinə əsasən, təbii qaz, elektrik və istilik enerjisi təchizatı müəssisələrinin səlahiyyətli nümayəndəsinin xidməti mövqeyindən sui-istifadə etməklə tamah və sair şəxsi maraq üzündən bu məcəllənin 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin qarşısını almamasına görə cinayət törədən şəxs 4000 manatdan 5000 manatadək miqdarda cərimə və ya 4 ildən 6 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Babək rayon prokurorunun böyük köməkçisi, II dərəcəli hüquqşünas Vüqar Hüseynov meşələrdə və qoruqlarda, milli və ya təbii parklarda ağacların və ya kolların, eləcə də meşə fonduna aid olmayan ağacların və ya kolların qanunsuz kəsilməsi ilə bağlı Cinayət Məcəlləsində nəzərdə tutulmuş cəzalar və cərimələr barədə məlumat vermişdir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

Xəbərlər şöbəsi

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR