Aprelin 15-i görkəmli alim, Əməkdar elm xadimi, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anım günüdür. Gözlərə işıq, qəlblərə nur bəxş edən, dünyaya gəlişi bahara düşən Zərifə xanım Əliyeva bahar günündə də – 1985-ci il aprel ayının 15-də əbədiyyətə qovuşmuşdur.
Zərifə xanım Əliyeva tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə böyük şöhrət qazanmışdır. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərmişdir.
İnsan dünyaya bir dəfə gəlir. Gəlir ki, şərəfli və dəyərli bir ömür yaşasın. Vətənə, torpağa məhəbbəti, təmiz mənəviyyatı, xalqa sədaqətli xidməti ilə yaddaşlarda qalsın. Belələrinin yaşadıqları bitib-tükənmir, əməlləri, xeyirxah işləri daim xatırlanır. Əlbəttə, bu cür ömür yaşamaq da hamıya nəsib olmur. Yaşayanlarsa dünyanın ən xoşbəxt, bəxtəvər insanları kimi həyatlarını cəmiyyətin ictimai inkişafı və tərəqqisinə həsr edirlər. Tarixdə bu cür insanların həyat yolu gələcək nəsillərə örnək, nümunə olur. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyeva da məhz belə bir ömür yaşamışdır. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Azərbaycan səhiyyəsinin və tibb təhsili sisteminin mahir təşkilatçısı, qurucusu və yaradıcılarından olan görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım həkimlik sənətinə kiçik yaşlarından həvəs göstərmişdir. Onun uşaqlıq çağlarının ilk illəri Kəngərli rayonunun Şahtaxtı kəndində keçmiş, sonra ailəsi ilə birlikdə Bakıya köçmüşdür. Həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirmişdir.
1942-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil olan və 1947-ci ildə həmin institutu müvəffəqiyyətlə bitirən Zərifə Əliyeva Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçmişdir. Elmi tədqiqatlara olan sonsuz marağı onu Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutuna gətirib çıxarmışdır. 1950-1953-cü illərdə Zərifə xanım Əliyeva aspiranturada təhsil almış və elmi tədqiqatla məşğul olmuşdur.
Taleyini tibb elminə həsr edən görkəmli alim oftalmologiyanın aktual problemlərinə dair çoxsaylı tədqiqatlar aparmış, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində, o cümlədən Azərbaycanda traxomanın kökünün kəsilməsində böyük əmək sərf etmiş, xəstəliyin müxtəlif mərhələlərinin öyrənilməsi və müalicə metodlarının tapılması istiqamətində səmərəli elmi araşdırmalar aparmışdır. Alimin elmi fəaliyyətinin əsas istiqamətlərindən birini gözün histomikroskopik və histokimyəvi tədqiqi məsələsi təşkil etmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomik-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri görkəmli həkimin doktorluq dissertasiyasının əsasını təşkil etmişdir. Zərifə Əliyeva “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini 1976-cı ildə dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən biri olan H.Helmholts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Dissertasiya çox yüksək qiymətləndirilmiş və 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi adı verilmişdir. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə Zərifə Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Qeyd edək ki, Zərifə xanım həmin mükafata layiq görülən ilk qadın idi. 1983-cü ildə gərgin elmi-təşkilati fəaliyyətinə və oftalmologiyanın inkişafında xüsusi xidmətlərinə görə isə o, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
Zərifə Əliyeva bir çox sanballı tədqiqatların, o cümlədən 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-a yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Onun zəngin pedaqoji və elmi təcrübəsi “Oftalmologiyanın aktual məsələləri” monoqrafiyasında öz əksini tapmışdır. Bu kitab həm oftalmoloqlar, həm də həkimləri təkmilləşdirmə fakültələrinin müəllimləri üçün əsas elmi mənbədir. Alimin elmi fəaliyyətini yüksək qiymətləndirən ulu öndərimiz deyirdi: “Zərifə xanımın tibb elmi sahəsində xidmətlərindən biri də göz müalicəsi, tədqiqatı idi. Mənə belə gəlir ki, onun iki dəyərli irsi vardır. Birincisi, Azərbaycanda ilk dəfə deontologiyanı bir elm kimi meydana atıbdır. İkincisi, Zərifə xanım çalışıb ki, bizim gələcək nəsilləri irsi xəstəlikdən xilas etsin, sağlamlaşdırsın”.
Zərifə xanım nadir sahə olan iridodiaqnostika və iridoterapiya problemləri ilə də ciddi məşğul olmuş, həmin sahəyə dair iki monoqrafiya hazırlamışdır. Bu monoqrafiyalardan “İridodiaqnostikanın əsasları” Bakıda, “İridodiaqnostika” isə 1988-ci ildə Moskvada nəşr olunmuşdur. Xüsusi qeyd etmək lazımdır ki, dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazmışdır.
Alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamətin – “peşə oftalmologiyası”nın əsasını qoymuşdur. Bu mənada oftalmologiyada peşə xəstəlikləri probleminin öyrənilməsi Zərifə xanımın adı ilə bağlıdır. Oftalmologiyanın sənaye ilə bağlı problemlərinin öyrənilməsinə həsr etdiyi fundamental tədqiqatları alimə böyük şöhrət gətirmiş və onu dünya oftalmologiya məkanında məşhurlaşdırmışdır. Zərifə xanım elmdə ilk dəfə olaraq yod və şin sənayesi işçilərinin görmə orqanında yaranan peşə xəstəliklərini öyrənmiş və bu xəstəliklərin profilaktikası üsullarını işləyib hazırlamışdır. Onun bu sahədəki ciddi axtarışları dünya tibb elmi ədəbiyyatında nadir tədqiqatlar sırasındadır. Akademik uzun illər respublikanın ondan artıq iri sənaye müəssisəsində genişmiqyaslı elmi-tədqiqat işləri aparmış, “Şin istehsalatında gözün peşə patologiyası”, “Xronik yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” adlı qiymətli monoqrafiyalar yazmışdır.
Zərifə xanım Əliyeva öz elmi fəaliyyətində etika və tibbi deontologiya məsələlərinə xüsusi yer vermişdir. O, bu mövzuya dair baxışlarını həkimlər tərəfindən böyük rəğbətlə qarşılanmış “Həkimin yüksək vəzifəsi” və “Oftalmologiyanın aktual problemləri” monoqrafiyalarında geniş şərh etmişdir. Zərifə xanımın mənəvi zənginliyi, vəzifə borcuna, tibbi etika və deontologiyaya dair baxışları onun “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, tibbi etika və əxlaq məsələləri” əsərində daha ətraflı şəkildə əks olunmuşdur. Alim haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”.
Zərifə xanım ötən əsrin 60-70-ci illərində Azərbaycan Elmlər Akademiyası Oftalmologiya İnstitutunun ordinatoru kimi Naxçıvanda keçirilən səyyar seminarda iştirak etmək üçün Bakıdan göndərilmiş nümayəndə heyətinin tərkibində muxtar respublikaya gəlmişdir. Onun elmi seminardakı yüksək nəzəri səviyyəyə malik çıxışı və irəli sürdüyü təkliflər traxoma xəstəliklərinə qarşı mübarizədə yeni istiqamətlər müəyyənləşdirmişdir. Naxçıvan oftalmoloqları Zərifə xanım Əliyevanın əsaslandırılmış təkliflərindən istifadə edərək, onun ideyası ilə yaranmış iridodioqnostika vasitəsilə göz xəstəliklərinin düzgün və operativ müalicə edilməsinə nail ola bilmişlər.
Zərifə xanım təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Akademik həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olmuş, “Əməkdar elm xadimi” fəxri adına layiq görülmüşdür.
Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Ancaq bu adlar sırasında ən şərəflisi Ana adıdır. O, yaxşı ana, vəfalı ömür-gün yoldaşı, ailəsinə vurğun insan idi. Zərifə xanım Əliyeva müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olmuşdur. Ümummilli liderimiz Heydər Əliyev bu barədə deyirdi: “Ömür yoldaşım kimi həyatımda keçdiyim yolda mənə həmişə dayaq, arxa olduğuna görə, ailə həyatımı çox xoşbəxt etdiyinə görə Zərifə xanım mənim üçün çox əzizdir. O, çox istedadlı, çox sadə insan idi”.
Görkəmli akademik həm də ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyevin anasıdır. Bu gün dövlət başçısı İlham Əliyev xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadır. Ötən il görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə dövlət başçısı demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki o həm peşəkar həkim, eyni zamanda çox xeyirxah insan idi. Böyük lider, ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri, ana əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”.
Zərifə xanımın ömür yolu, elmi fəaliyyəti çox zəngindir. Ölkəmizdə onlarla məktəb, xəstəxana, poliklinika, bağ və parklar, küçələr akademik Zərifə Əliyevanın adını daşıyır. Kəngərli rayonunun Şahtaxtı kəndində görkəmli oftalmoloqun adını daşıyan məktəb son illərin möhtəşəm quruculuq ünvanlarındandır. Muxtar respublikamızda müasir tələblər səviyyəsində yaradılan tibb ocaqlarından biri də 1990-cı ildən görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasıdır. Bu səhiyyə ocağı tamamilə yenidən qurulmuş, yüksəkkeyfiyyətli tibbi xidmətin göstərilməsi üçün hər cür şərait yaradılmışdır.
Mənsub olduğu əsl azərbaycanlı ailəsinin bütün mənəvi dəyərlərini özündə cəmləşdirən, gözlərə işıq, qəlblərə nur bəxş edən Zərifə xanım Əliyevanın işıqlı və nurlu əməlləri daim yaşayır və xatırlanır. Görkəmli alimin ideyaları, elmi nailiyyətləri nəinki Azərbaycana, eləcə də dünya tibb elminin inkişafına bu gün də öz töhfələrini verməkdədir.
Naxçıvan Muxtar Respublikası
Səhiyyə Nazirliyinin mətbuat xidməti