Yeni Azərbaycan Partiyası (YAP) Şərur Rayon Təşkilatının şura iclasında YAP rayon təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əmir Babayev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 7-8-də Naxçıvan Muxtar Respublikasına növbəti səfəri barədə məlumat vermişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin muxtar respublikamıza hər səfəri yeni obyektlərin açılışı ilə yadda qalır. Dövlət başçısı Naxçıvana on bir dəfə səfər etmiş, bu səfərlər zamanı 70-dən artıq müxtəliftəyinatlı obyektlər istifadəyə verilmişdir. Ölkə rəhbəri növbəti səfəri çərçivəsində də bir sıra mühüm obyektlərin, həmçinin Şərur rayonundakı “Arpaçay-1” və “Arpaçay-2” Su Elektrik stansiyalarının açılışında iştirak etmişdir. Azərbaycan Prezidenti aprelin 8-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki çıxışında bildirmişdir ki, Naxçıvan qədim Azərbaycan torpağıdır. Əsrlər boyu Azərbaycan xalqı bu gözəl diyarda yaşamış, yaratmışdır. Naxçıvanın eyni zamanda qədim dövlətçilik tarixi vardır. Naxçıvan Azərbaycan xalqına böyük şəxsiyyət, ulu öndər Heydər Əliyevi bəxş etmişdir. Ulu öndər bütün dövrlərdə Naxçıvana böyük diqqət göstərmişdir.
Ölkə Prezidenti 1990-cı illərin əvvəllərində Azərbaycanda mövcud olan ictimai-siyasi vəziyyətdən danışaraq vurğulamışdır ki, o vaxt Naxçıvanın taleyi daha dözülməz idi. Əgər o illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı və naxçıvanlılar ulu öndərin ətrafında sıx birləşməsəydilər, Naxçıvanın vəziyyəti çox ağır ola bilərdi.
Dövlət başçısı daha sonra demişdir: “Naxçıvan sürətlə inkişaf edir. Naxçıvanda bütün məsələlər uğurla icra edilir... Demək olar ki, hər il Naxçıvana gəlirəm, burada gedən inkişafla tanış oluram və çox sevinirəm. Sevinirəm ki, bu gün Naxçıvan çiçəklənən bir diyardır... Naxçıvanda görülən işlərlə bir daha tanış olarkən gördüm ki, nə qədər böyük işlər görülür, Naxçıvan rəhbərliyi muxtar respublikanın inkişafı üçün nə qədər böyük sevgi ilə, diqqətlə səylər göstərir. …Naxçıvan gözəlləşir, abadlaşır, gözəl, müasir şəhərə çevrilir. Nəinki Naxçıvan şəhəri, digər şəhərlər də... Siz naxçıvanlılar bunları yaxşı bilirsiniz. Sadəcə olaraq, mən öz təəssüratlarımı, öz sevincimi ifadə etmək istəyirəm ki, bu gün Naxçıvan, sözün əsl mənasında, inamla, uğurla inkişaf edir”.
Vurğulanmışdır ki, cənab İlham Əliyevin muxtar respublikadakı hərtərəfli inkişaf və tərəqqini, bu sahədə muxtar respublika rəhbərinin fəaliyyətini yüksək qiymətləndirməsi bizdə böyük qürur hissi yaradır, həmçinin hər bir YAP üzvünün, bütün naxçıvanlıların məsuliyyətini bir daha artırır.
Əmir Babayev daha sonra rayon təşkilatının 2014-cü ilin birinci rübündə gördüyü işlər və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, rayon təşkilatının idarə heyəti və şura üzvləri iş planına uyğun olaraq, cari ilin ilk üç ayında fəaliyyətlərini ərazi ilk təşkilatları ilə birgə davam etdirmiş, yerlərdə sakinlərlə görüşlər keçirmiş, onların problem və qayğıları ilə maraqlanmışlar. Bu gün də davam edən həmin görüşlərdə, əsasən, ölkəmizdə, eləcə də muxtar respublikada, o cümlədən Şərur rayonunda regional inkişaf proqramının icrası istiqamətində görülən işlər, tikinti-quruculuq, abadlıq və yaşıllaşdırma tədbirləri barədə ətraflı məlumat verilir, aqrar sahənin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələr, yazlıq əkinlərin optimal müddətdə başa çatdırılması, məhsul istehsalının artırılması, daxili bazarın yerli məhsullar hesabına tənzimlənməsi sahəsində qarşıya qoyulmuş vəzifələrdən danışılır.
Bildirilmişdir ki, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının tərkibindəki ərazi ilk təşkilatlarının uçotunda 10 min 550 nəfər partiya üzvü vardır ki, bunların da 2 min 888 nəfərini, yəni 27,4 faizini qadınlar, 3 min 601 nəfərini, yəni 34 faizini gənclər təşkil edir. Bu ilin ilk üç ayı ərzində Yeni Azərbaycan Partiyası sıralarına qəbul olunmuş 33 nəfərin 31-i gəncdir. Ümumiyyətlə, gənclərin YAP sıralarına qəbulunda ildən-ilə artan temp müşahidə olunur ki, bu da onların ölkə rəhbərinin apardığı siyasəti dəstəklədiklərinin, iqtidar partiyasının üzvü olmaqdan qürur duyduqlarının bariz nümunəsidir.
Məruzəçi həmçinin bu il keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı qarşıda duran vəzifələrdən də danışmış, belə tədbirlərdə hər bir partiya üzvünün fəallıq nümayiş etdirməli olduğunu vurğulamışdır.
Müzakirələrdə Yeni Azərbaycan Partiyası rayon təşkilatının şura üzvü Ünbülbanu Musayeva, mərkəzi xəstəxana və Şərur Peşə Liseyi ilk partiya təşkilatlarının sədrləri Aftandil Məmmədli və Vəli Əhmədov, partiya üzvü Xəyalə İsmayılova çıxış etmişlər.
Yığıncaqda müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilmişdir.
Xəbərlər şöbəsi