22 Dekabr 2024, Bazar

“Naxçıvanın muxtariyyəti tarixi nailiyyətdir” mövzusunda elmi konfrans Yeni Azərbaycan Partiyası (YAP) Naxçıvan Şəhər Təşkilatı, AMEA Naxçıvan Bölməsi müəssisədənkənar ərazi ilk partiya təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Konfransı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev deyib ki, Naxçıvan Muxtar Respublikasının yaradılması Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsidir. Bunu nəzərə alan Azərbaycan Prezidenti İlham Əliyev 2014-cü il yanvarın 14-də Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov isə dördüncü çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında 2014-cü ili Naxçıvan Muxtar Respublikasında “Muxtariyyət ili” elan edib.

Vurğulanıb ki, Naxçıvanın muxtar respublika statusu bu bölgənin 90 illik tarixi taleyində, onun ərazisinin qorunub saxlanılmasında və təhlükəsizliyinin təmin edilməsində çox mühüm rola malik olub. Bu illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanın iqtisadi qüdrətinin yüksəlməsinə və hərtərəfli inkişafına da öz layiqli töhfələrini verib. Ölkə Prezidentinin dediyi kimi: “Milli istiqlaliyyət yolunda Naxçıvanın atdığı cəsarətli addımlar bütün Azərbaycan xalqı tərəfindən rəğbətlə qarşılanmış, respublikada cərəyan edən ictimai-siyasi proseslərə öz müsbət və həlledici təsirini göstərmişdir. Naxçıvan Muxtar Respublikası bu gün milli dövlət quruculuğu prosesinin fəal iştirakçısı olub, ölkəmizin iqtisadi qüdrətinin artırılması və intellektual potensialının gücləndirilməsinə dəyərli töhfələr verir”.
Elmi konfransda AMEA Naxçıvan Bölməsi YAP müəssisədənkənar ərazi ilk partiya təşkilatının sədri, filologiya üzrə fəlsəfə doktoru Ramiz Qasımovun “Naxçıvanın inkişaf dinamikasının təməlində muxtariyyət statusu dayanır”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Etnoqrafiya şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucovun “Naxçıvanın muxtariyyəti tarixi nailiyyət kimi”, Təbii Ehtiyatlar İnstitutunun İqtisadiyyat şöbəsinin müdiri, iqtisad üzrə fəlsəfə doktoru Cavadxan Qasımovun “Muxtariyyət dövründə Naxçıvanın sosial-iqtisadi inkişafı”, YAP Naxçıvan Şəhər Təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərlinin “Beynəlxalq təcrübədə muxtariyyətlər və Naxçıvan muxtariyyəti” mövzularında elmi məruzələri dinlənilib.
Məruzələrdə qeyd olunub ki, beynəlxalq Moskva və Qars müqavilələri Naxçıvan diyarının tarixi taleyini, onun Azərbaycanın tərkibində muxtar respublika kimi qalmaq imkanını reallaşdırıb. Blokadanın çətinliklərinə baxmayaraq, son 18 ildə muxtar respublikada böyük quruculuq proqramı gerçəkləşdirilib, Naxçıvan yeni inkişaf mərhələsinə qədəm qoyub, bütün sahələrdə mühüm nailiyyətlər əldə olunub. Dövlət başçısı Naxçıvana  son səfəri zamanı da burada görülən işləri yüksək qiymətləndirib.

Elnur KƏLBİZADƏ

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR